Pandemiya ilə əlaqədr olaraq Azərbaycandan xaricə çıxış əsasən İstanbul üzərindən həyata keçirilir. Amma aviabiletlərin qiyməti kifayət qədər bahadır. Əvvəllər Bakı-İstanbul reyis üzrə biletlər 350 manat idisə, hazırda bu rəqəm 800 manat və daha yüksəkdir.
Əhalinin gəlirləri kəskin azalsa da, bu sektorda monopolist olan Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) fürsətdən yaxşı yararlanmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Bakıya uçan xarici aviaşirkətlərin də qiymətləri hədsiz yüksəkdir. Bunun səbəbi yenə AZAL-dır. Dövlət Konserni onların qarşısında tələb qoyub ki, daha aşağı qiymət taarifi təqdim edə bilməzlər. Bir sözlə, monopolist şirkət açıq-aşkar vətəndaşlardan pul qoparmaqla varlanmağa çalışır.
Qeyd edək ki, MDB ölkələrinin əksəriyyətində fərqli mənzərə hökm sürür. Nə qiymətləri diqtə edən monopolist aviaşirkətlər var, nə də od qiymətinə biletlər.
Məsələn Tiflisdən İstanbula və Avropa ölkələrinə uçuş “AZAL”-ın təklif etdiyi qiymətlərdən 5-7 dəfə ucuzdur. Eləcə də Rusiya, Ukrayna, Qazaxıstan şirkərləri də kifayət qədər aşağı qiymətlər təklif edir.
Bəs, aviabiletlərin qiymətindəki ciddi artımın səbəbləri nələrdir?
“Azərbaycan Hava Yoları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski İstanbul üçün nəzərdə tutulan aviabiletlərin qiymətində artıq vəziyyətin dəyişdiyini söylədi: “Aviaşirkətlərdə vahid qiymət olmur. Təyyarə oturacaqları dolduqca, qiymətlər dəyişir”.
Amma o vəziyyətin hansı şəkildə dəyişdiyini açıqlamayıb.
Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndi hesab edir ki, avianəqliyyatlarda pandemiya ilə əlaqədar bir sıra məhdudiyyətlər və insanların səhhətini qorumaq məqsədilə bir sıra qaydalar tətbiq olunur: “Misal üçün, aviaşirkətlər təyyarələrə tam qüvvəsi ilə sərnişin götürə bilmirlər. Onlar biletlərin tam satışını həyata keçirə bilmirlər. Çünki oturacaqlar arasında məsafələr saxlanılmalıdır. Bu da təxminən 50-60 faiz təşkil edir. Buraya yanacaq və digər cari xərclər də daxildir. Çünki həmin xərclər azalmır. Xərclərdə cüzi azalmalar edilir. Məsələn, salonda yeməklər az verilir. Bu isə qiymətə çox az təsir edən amildir. Əsas amil təyyarənin tam qüvvəsi ilə sərnişin götürə bilməməsidir. Bu da qiymətlərə kifayət qədər təsir göstərir”.
Ekspertin sözlərinə görə, avianəqliyyatdan istifadə edən insanların sayı da azalıb: “Çünki ölkələr arasında turizm mübadiləsi çox azdır. Daha çox işgüzar səfərlər üstünlük təşkil edir. Ümumiyyətlə, reyslərə müraciət edənlərin sayı elə də çox deyil. Koronavirusa görə test olunmalıdır, testin son 48 saat ərzində baş tutmasına dair arayış təqdim olunmalıdır. Pandemiya ilə bağlı aeroportların fəaliyyətində də dəyişikliklər var. Bunlar hamısı qiymətlərə öz təsirini göstərir”.
Bilet qiymətlərinin nə zaman enəcəyinə gəlincə, S. Dübəndi turizm mübadiləsi tam bərpa olunanda qiymətlərin də normallaşacağını bildirdi:“Bütün turizm icması, turizmə bağlı olan dövlət qurumları, özəl şirkətlər, ictimai qurumlar, biznes nümayəndələri – hamımız turizmin tezliklə bərpa olunmasına çalışmalıyıq. Son 20-25 il ərzində bir çox sahələrdə olduğu kimi, turizm sektorunda da krizlər yaşanıb. Amma tezliklə də bərpa olunub. Bununla da turizm sübut edib ki, bir qədər dayanıqlı, davamlı iqtisadi fəaliyyət hesab oluna bilər. Bu krizislərdən sonra daha böyük böhran – pandemiya yaşandı. Bu gün isə artıq bəzi yumşalmaların olduğunu görürük. Məhdud sayda bəzi ölkələrə reyslər bərpa edilib, çox az sayda olsa da, turist mübadiləsi başlayıb.
Turizmin tezliklə bərpası üçün həm daxili, həm də xarici turizmə diqqət yetirib, bir sıra tədbirlər görülməlidir ki, turizm öz davamlı inkişafına başlasın. Dövlət siyasətində turizm prioritet iqtisadi sahələr sırasına daxil olunub. Bir sözlə, aviaşirkətlərin işi tam bərpa edilməyənə qədər qiymətlərdə artım hələ müşahidə olunacaq, ölkələr arasında uçuşlar öncəki illərdən daha baha başa gələcək”. //AzPolitika.info//