Cəmiyyət

Dadı-duzu qaçan Novruz

 

“Novruz” sözünün mənası yeni gün deməkdir. Bildiyimiz kimi Novruz bayramının yaranması ilə bağlı müxtəlif fərziyyə və rəvayətlər var.Bu bayramın yaranma tarixinin dörd min il bundan əvvəl olduğunu iddia edirlər.Novruz bayramı bir çox müsəlman ölkələrində qeyd olunur. Bu bayramın qeyd olunması qadağan olunduğu dövrlərdə belə xalqımız Bahar bayramını böyük sevinc və coşqu ilə qarşılayıb qeyd edirdi. Son illərdə isə Novruz sönük və adi qarşılanır.

Əvvəllər bu bayramı necə səbirsizliklə gözləyərdik, Novruz bir nəşə, bir şənlik idi. İnsanların üzündəki sevinc,gözlərindəki xoşbəxtliyi sözlərlə tərif etmək etmək mümkünsüzdür. Bayramlar içərisində həsrətlə və səbirsizliklə gözlədiyimiz Novruz bayramı idi. Baharın gəlişinə təsadüf edən Novruz bahar təravəti , ilıq nəfəsi ilə yanaşı, həm də yüksək əhval-ruhiyyə gətirirdi. Müvəqqətidə olsa,insanlar bütün problemlərini unudur, bayram havasına köklənirdilər. Evlərdə, bağçalarda canlanma yaranırdı. Təbiətin oyanması ilə insanlar da yuxudan oyanır, dirçəlir, gümrahlaşırdı. Böyük səylə bayram hazırlıqları başlanır və bu hazırlıqlar günlərlə davam edirdi. Bayram şirniyyatları dörd gözlə gözlənilir, bir illik həsrətdən sonra nəhayət bayram şirniyyatlarından dadmaq qismət olurdu. Hamı bir- biri ilə bayramlaşar, bişirdiklərindən pay göndərərdi.

İndi Novruz şirniyyatlarını dükan və qənnadxanalarda ilin bütün fəsilləri, günün istənilən vaxtı tapmaq olar. Xatirələr insanı çəkib o illərə aparır. Xatirə kitabı vərəqləndikcə nə qədər çox şeyin dəyişdiyini, adiləşib, marağını itirdiyinin şahidi oluruq.

Günləri sayıb, Novruz yaxınlaşdıqca aşıb- daşan sevincimizlə bugünkü hisslərimiz arasında böyük uçurum yaranıb. On il əvvəlki Bayram sevinci və bu gün yaşadığımız sıradan hisslər.

Bayram günü qapı- qapı papaq atılardı. İndi kimə desən “papaq ataq” deyəcək

“ dilənçiyəm”.

Bu fikirdə olmayıb papaq atanların isə bəzən qapını üzünə açan da olmur. Zaman kecdikcə adətlərmi unudulur, yoxsa insanlarmı sevinc, əylənmək hissini unudur, ya millilikdən, adət-ənənədən uzaqmı düşürük. Suallar çoxdur. Lakin cavab tekdir- Novruzun dadı-duzu qalmır.

Xatırlayırsız qadınların bir yerə yığılıb bayram şirniyyatı bişirməsini, bayram əhval-ruhiyyəsi ilə deyib- gülüb şənlənməsini.

Bir il gözlədikləri şirniyyatlara qovuşan insan elə bil, ən əziz adamına qovuşurdu. Əvvəllər Novruzu özəlləşdirən saymaqla bitməyən səbəblər vardı.Xüsusi şənliklər keçirilər, konsert proqramları təşkil olunardı. Kosa, keçəl insanları əyləndirər, güldürərdi. Lakin çalıb- oynamaqdan başqa işimiz olmadığına görə bu əyləncələrdə xüsusiləşdirmir bayramı. Bayram gecəsi hamının həyətində bayram tonqalı yandırılar, cavan, uşaq tonqalın üzərindən atlanardı. Bu gün isə qalanan tonqalların sayı da azdır, şadlıqla ətrafına toplaşanların da. Tonqal adı ilə çölə çıxanlarda bir- iki video, şəkil çəkdikdən sonra, Novruz kimi tonqal da marağını itirir.

İndi bu səbəblərdən ancaq baharın gəlişini göstərmək olar ki, bəzən bunu da hiss etməyə imkan vermir Təbiət.

Yenə xatirələr… alıb qanadına aparır, əsl bayram abu-havasını yaşadığımız illərə.

Səməni qoymaqlar, evdə neçə nəfər yaşayır hamını adına səməni cücərdilərdi, gözləri kimi qulluq edərdilər, körpə uşaq kimi qayğı göstərədilər ki, Novruza böyüsün, boy atsın, evin ruzi- bərəkəti də o səməni ilə birgə böyüdüyünə inanırdılar. İndi çox az adam evində səməni cücərdir. Çünki hazır səmənilər hər yerdə satılır. İnsan oğlu da həmişə hər şeyin rahatına qaçır. Bayram gecəsi hazır səmənini alıb masanın üzərinə qoyuruq. Masamızda səməninin olmasının isə bərəkət simvolundan sosial şəbəkələrdə paylaşacağımız şəkillərə rəng qatma səbəbi ön plana keçir. Bu qədər bəsit!

İllər ötdükcə insanlıq kimi adət-ənənələr də unudulur! Bu ya millətin aşırı savadlanması, yaxud öz adətlərini unudacaq qədər harınlaşmasıdır.

Xalqımıza əsl Novruz əhval- ruhiyyəsi arzusu ilə…

Bayramınız Mübarək!

Elida Muxayeva

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir