İlham Əliyev məmurlara Qarabağda erməni mədəni irsini məhv etmək əmri verib? – ƏNƏNƏVİ ERMƏNİ HƏYASIZLIĞI
Himayədarlarının dəstəyi sayəsində Qarabağı 30 il işğal altında saxlayan ermənilər nəinki məscidlərimizi donuz tövləsinə çevirməklə qalmamış, hətta şəhərlərimizi, kəndlərimizi tamamilə darmadağın etmişdilər. Bununla da təkcə İslam dininə yox, həm də “özgə”lərin dünyəvi dəyərlərinə nifrətlərini ortaya qoymuşdular. Təsadüfi deyil ki, 44 günlük savaş zamanı işğaldan azad olunmuş Füzuli şəhərində bayrağımızı asmağa belə, bir bina tapılmamışdı. Yaxud Ağdam boyda şəhərdə qismən ələ gələsi bir məscid saxlanılmışdı ki, bundan da nəzarət-müşahidə qülləsi kimi istifadə olunmuşdur.
Di gəl ki, öz eyiblərinə kor olmaları gərəkdiyi halda ermənilər bu gün öz adlarını bizə qoymağa çalışır, prezident İlham Əliyevin Hadrut səfəri zamanı guya iri məmurlara erməni mədəni irsini silmək əmri verdiyini iddia edir, bununla bağlı beynəlxalq ictimaiyyətə təhrif olunmuş bəyanatlar ünvanlayırlar. Qondarma “DQR”-nın “XİN” adından dünən yayılan bəyanat da bu qəbildəndir.
Ovqat.com-un məlumatına görə, bəyanatda qeyd olunub ki, bu cür rəsmi səfərlər “Azərbaycanın ermənilərə nifrətinin, militarist siyasətinin və bundan sonrakı aqressiv planlarının daha bir təcəssümüdür”.
““Artsax Respublikası” (Dırnaq işarəsi bizə aiddir – Ovqat.com) dəfələrlə beynəlxalq ictimaiyyətə Azərbaycanın dövlət səviyyəsində həyata keçirdiyi mədəni terrorizm, hərbi işğalı altındakı ərazilərdə erməni mədəni irsinin məhv edilməsi istiqamətində gördüyü işlər, soyqırım-ekspansionist siyasətinin kobud şəkildə təbliği barədə məlumat verib.
Bu soyqırım siyasəti insanlığa qarşı bir cinayətdir, beynəlxalq normaların, konvensiyaların, qətnamələrin, razılaşmaların kobud şəkildə pozulmasıdır və bütün sivil dünya üçün təhlükədir.
Müvafiq beynəlxalq təşkilatlardan erməni mədəni irsinin məhv edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq, Azərbaycanın soyqırımı siyasətini pisləyirik. Hərəkətsizlik və laqeydlik gözlənilməz nəticələrlə doludur”.
“Sənəd”də həmçinin bildirilir ki, Prezident İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə olarkən, guya onu müşayiət edən məmurlara kilsə və abidələrin divarlarından orta əsrlərə aid erməni yazılarını silməyi tapşırıb. Halbuki, İlham Əliyevin həqiqətən belə bir fikri olsaydı, məntiqlə, bu barədə göstərişi Hadrutda deyil, Bakıda, qapalı qapılar arxasında verə bilərdi. Prezidentin Hadrutda səsləndirdiyi fikirlər isə tamamilə başqa mahiyyətdədir və bu çıxış Azərbaycan TV-lər tərəfindən çəkilərək ictimaiyyətə təqdim olunub. Yəqin ki, “DQR” “XİN” də məhz həmin çıxışda səsləndirilən fikirlərə istinad edərək bu bəyanatı yayıb.
Elədirsə, gəlin, görək ölkə başçısı Hadrutda olarkən əslində nə deyib?
Ölkə başçısı “DQR” rəsmilərinin iddiasının əksinə olaraq, Dağlıq Qarabağda mədəni abidələrin dağıdılması və tarixin saxtalaşdırılması faktlarını dilə gətirmiş, erməni separatçılarını dəstəkləyən dövlətləri bu vəhşilikləri görməyə çağırmışdı. Təbii ki, bu iddia ilə çıxış edən istənilən insan öz arqumentinin ziddinə gedərək məmurlara “erməni irsini silin” tapşırığı verə bilməzdi.
Prezidentin dedikləri:
“Bu gün onları (erməni separatçılarını – Ovqat.com) müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz”.
Prezident çıxışının davamında erməni vəhşiliyi barədə daha geniş məlumat verərək bildirib:
“Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır.
Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür”.
İlham Əliyevin separatçıların qəzəbinə səbəb olan sözləri isə çox güman ki, qədim alban abidələrinin kobud şəkildə erməniləşdirilməsi cəhdi ilə əlaqədardır. Ölkə başçısı çıxışında erməni vəhşiliyinə məruz qalan həmin abidələrin yenidən bərpa olunacağını və onların udi qardaşlarımızın istifadəsinə veriləcəyini vurğulamışdı. Prinsip etibarilə, bu fikirlər də Azərbaycanda mədəni-dini tolerantlığın bariz ifadəsindən başqa bir şey deyil. Biz əgər hazırda ölkəmizdə yaşayan cəmi 4 minə yaxın (dünyada 10 min udi var) udilərin mədəni irsini mühafizə etməyə çalışırıqsa, onların tarixinin saxtalaşdırılmasına imkan vermiriksə, rəsmi Bakıya böyük təşəkkürlər düşür.
Prezidentin dedikləri:
“Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.
İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.
Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçurublar, dağıdıblar, qapını da yandırıblar”.
Şəkildə: Bakıdakı erməni kilsəsi
Sonda beynəlxalq ictimaiyyəti təhrif olunmuş məlumatlarla aldatmağa çalışan separatçılara və onların havadarlarına xatırlatmaq istərdik ki, nəinki Dağlıq Qarabağda, Azərbaycanın paytaxtında bu günə qədər erməni kilsəsi ayaqdadır. I Qarabağ savaşında rus imperialistlərinin köməyi ilə Azərbaycan xalqına divan tutulmasına baxmayaraq, xalqımız düşmən abidəsi hesab etdiyi Müqəddəs Qriqori kilsəsini göz bəbəyi kimi qoruyub və sonsuza qədər də qorumağa çalışacaq. Çünki içərisində bir zamanlar kimlərin ibadət etməsinə baxmayaraq, bunlar bizim tariximizin daş yaddaşlarıdır və Azərbaycan xalqı öz keçmişinə hörmətlə yanaşmağı bacarır. Üstəlik, xalqımız kilsəni də məscid kimi Allah evi olaraq görüb və bu da əslində bütün peyğəmbərləri özünün müqəddəsatından sayan İslamın bizə bəxş etdiyi ən böyük mənəvi keyfiyyətlərdəndir.
Heydər Oğuz,
Ovqat.com