Manşet

Novruzun Kosa və Keçəl personajı

 

Novruzun əsas personajları dedikdə təbii ki ağlımıza Kosa və Keçəl gəlir.

Bu personajlar insanlarda xoş əhval-ruhiyyə, üzlərdə sevinc yaradır, kütləni əyləndirir. Kosa ilə Keçəlin məzhəkələri yazla qışın mübarizəsini əks etdirir. Qış çıxıb getmək, yerini bahara təhvil vermək istəmir. Kosa ilə Keçəl arasında qarşıdurmanın da əsas məğzi budur. Kosa torpaq rəmzidir, Keçəllə mübarizədə qalib gəlir, Kosanın qalibiyyəti ilə təbiət oyanır. Kosanın yundan kürk geyinməsi istinin, yayın göstəricisidir. Qədim zamanlardanda Novruzla bağlı mərasimlərdə bu personajlardan istifadə olunub. Kosa və Keçəl Açıq havada tamaşaya yığılanları əyləndiriblər. Onların oyunbazlığı, xüsusən Keçəlin kəndirbazlığı Novruz şənliklərə rəng qatıb. Onu da xatırladaq ki, Novruz dünyanın otuzdan çox ölkəsində qeyd edilsə də, Kosa ilə Keçəl atributuna ancaq Azərbaycanda rast gəlinir.

Müasir Novruz şənliklərində Kosa ilə Keçəlin zarafatları yer alsa da, keçmişdə keçirilən mərasimlər onların mübarizəsi və qarşıdurması üzərində qurulurdu.

Tarixi zərdüştlük dini ilə bağlanılan Novruz bayramında kosa-kosa oyunu da xeyirlə şərin mübarizəsinə həsr olunmuşdur. Kosa xeyirin, Keçəl şərin təmsilçisi idi. Qədimdə keçirilən tamaşalarda Keçəl Kosanı öldürmək istəyir, əlinə qara bayraq alaraq qorxuc hərəkətlər edir. Bu hərəkətləri ilə sanki hökmranlığını göstərmək niyyəti güdür.. Soyuqdan donan Kosa isə odun parçalarından tonqal qalamaq istəyir. Şərin təmsilçisi- Keçəl ona mane olmağa çalışır. Nəhayət Kosa tonqalı alovlandırmağa nail olur. Şər qüvvələr oddan qorxduğuna görə Keçəl qaçıb gizlənir, Kosa onu vurub öldürür, qara bayrağını tonqala atır. Şər qüvvə məhv olduqdan sonra insanlar əylənməyə başlayırlar.

Bəzi qənaətlərə görə isə Kosa və Keçəl Novruz tonqalının qurbanlarıdır. Tədqiqata görə, Novruz tonqalı Urmiya gölünün şimal- qərb sahillərində qalanıb. Çaparlar ac əhaliyə xəbər çatdırıblar ki, xoş günə çatmaq istəyirlərsə, niyyət tutub tonqalın üzərindən hoppansınlar. Cahil camaat buna inanıb və yoxsulluqdan çıxış yolunu tonqaldan hoppanmaqda görüblər. Bizim Novruz personajlarımız o vaxt balaca yetim uşaqlar imiş. Qənaətlərə əsasən, iki yetim uşaq tonqaldan qarşı- qarşıya hoppandıqları üçün tonqalın içinə düşüblər. Saçları sir-sifətləri yanıb. Kosanın bu səbəbdən üzündən, Keçəlin başından tük çıxmayıb. Onların qısırlığı da məhz tonqalda yanmaları ilə izah olunur. Daha sonra hər il yanmış yetimlərin qəlbini ovundurmaq, bayramda onlara pay vermək dəb adətə çevrilib.

Biz Kosanı və Keçəli Novruzun əsas personajları kimi qəbul etmişik, Novruz gələndə yadımıza Kosa və Keçəl düşür. Bu obrazlar bəlkə də, təbiətin oyanmasının xəbərçiləridirlər. İnsanlara gülüş və sevinc bəxş edirlər. Bəzən onlar monoloq və dialoqlarında sətiraltı çatışmamazlıqları tənqid edir, Sanki insanları doğru yola dəvət edirlər. Onların məzhəkələrində din xadimlərinin tənqidinə xüsusi yer verilir.

Kosa Keçəlin yer aldığı Novruz şənliyi əkinçilik, təbiətin gözəlliklərini göstərmək üçündür. Bəli, Kosa torpaqın rəmzidir. Keçəl (qış) Kosanı öldürmək istəsə də, istəyinə nail ola bilmir. Kosa atributunun timsalında elimizə bahar gəlir.

Elida Muxayeva

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir