Cəmiyyət

“Parlament sülhməramlılarla bağlı sənəd qəbul etsin” – Qarabağa silah daşınır

Qarabağdakı sülhməramlılarla bağlı narazılıqlar getdikcə artmaqdadır. Bunun səbəbkarı isə elə onlar özləridir. Belə ki, onlar üçün xüsusi şəhərciyin tikilməsindən “xoş hal” olan rus hərbçiləri lap “ayaqlarını ayaqlarının üstünə aşırmağa” qərar veriblər. Statusları ilə fəaliyyətləri üstə- üstə düşməyən əsgərlər gərək bu ikisindən birini dəyişsinlər. Ya da birdəfəlik torpaqlarımızdan çıxsınlar. Onsuz da sabitliyi təmin etməyi bacarmadılar. Daha dəqiq desək, sülh üçün nəsə etmədilər.

Rusiyada yaşayan soydaşımız, texnika elmləri doktoru, professor Kamran Rüstəmov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, sülhməramlıların fəaliyyətinə ciddi nəzarət lazımdır:

“Respublika parlamenti səviyyəsində Rusiyanın sülhməramlı qüvvələrinin statusunu təyin edən sənəd qəbul edilməlidir. Azərbaycanda bəzi politoloqların BMT-nin belə bir sənədinin olması barədə savadsız ifadələri tənqidlərə tab gətirmir. Bu, BMT Təhlükəsizlik Şurasının qərarı ilə müəyyən bir ölkəyə gətirilən sülhməramlılara aiddir.

Parlament sənədində isə Rusiya sülhməramlılarının hüquq və vəzifələri açıq şəkildə göstərilməlidir. Bu, onların Azərbaycan ərazisindəki bəzi hərəkətlərinin müxtəlif cür şərh edilməsinə imkan verməyəcək.

Qarabağ ərazisinə kimlər gəlir, nə gətirir, hansı ölkənin vətəndaşlarıdır, gəlişinin məqsədi və s. kimi məqamlar sözügedən missiyanın yerinə yetirilməsnə ciddi zərbə vura bilər.

Sülhməramlıların “çətiri” altında müxtəlif quldur birləşmələrinin təxribatçı hərəkətləri üçün qüvvələr toplaması yaxşı hal deyil. Bir neçə aydır bu qanunsuz silahlı dəstələri kimin tərksilah edəcəyini, qanunsuz silahlı qrupların tərksilah prosesinin həyata keçirilməsinə kimin nəzarət edəcəyini yazıram. Müxtəlif mənbələrə görə, sülhməramlılar Qarabağ ərazisinə silah idxalına nəzarət etmirlər”.

Professorun fikrincə, Moskva da məsələyə həssas yanaşmalıdır:

“Dediyim kimi, yaradılan Monitorinq Mərkəzi həmin nəzarəti həyata keçirə bilmir. Ərazidə baş verən qanunsuz prosesləri kontrolda saxlamaqdan ötrü təsirli mexanizmlər yaratmaq lazımdır.

Şər əməllərin və bütün qanunsuzluğun əsas daşıyıcısı “Artsax respublikasının” “qurumları” dır! Bunlar tamamilə dağıdılmalıdır. Bütün güc müvəqqəti olaraq hərbi strukturlara verilməlidir.

Əgər Azərbaycan Rusiya sülhməramlılarının ölkənin Qarabağ ərazisində fəaliyyətin razılıq vermişdisə, deməli, burada Azərbaycan qanunlarına riayət edilməsinə görə Kreml cavabdeh olmalıdır.

Bütün bu məsələlərin birlikdə, hərtərəfli həlli olmadan gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinə zərər verə biləcək proseslər meydana çıxacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir