Üç ildir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunan Rövşən Rzayev qurumda islahat adı altında “Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla” məşğuldur.
Bu adam başa düşmür ki, kadrlarınn yerini dəyişmək, yeni katibə, təzə sürücü işə götürmək, tanış-tunuşa vəzifə vermək, yaxud 2 şöbəni birləşdirmək islahat demək deyil.
İslahat problemlərə yeni baxış, yeni yanaşma, fərqli idarəetmə deməkdir.
Yoxsa, Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayevi işdən çıxarıb yerinə Eldar Zeynalovu təyin etməklə nə dəyişir axı ?
Adamdan soruşarlar ki, Aparat rəhbəri Etibar Abdullayevi niyə işdən çıxardın və…başqa bir quruma – Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinə sektor müdiri təyin etdin. Bununla nə dəyişdi ?
Ən gülməlisi odur ki, həmin şöbənin müdiri Eldar Zeynalovu isə Aparat rəhbəri təyin etdin. Yəni dəyiş-düyüş elədin.
Bəlkə, islahat budur, cənab komitə sədri ?
Bəlkə, biz deyək köhnə Aparat rəhbərini niyə çıxardın ?
Ondan qəzəblə soruşdunuz ki, bu pullar hara gedir, o da sizə acıqlı cavab verdi ki, bilmirsiniz hara gedir ?
Düzdür, Etibar Abdullayev Aparat rəhbəri olanda əsas işi məcburi köçkünlər üçün tikilən mənzillərin satılması idi. Məcburi köçkün olmayanlara da mənzillər satırdı. Hətta məcburi köçkünlər üçün tikilən binalarda xeyli maxinasiyalar olmuşdu. Bunlar hamısı Etibar Abdullayevin əməlləri idi.
Bütün bunlara görə, əslində siz Etibar Abdullayev barəsində hüquq-mühafizə orqanlarına müraciət etməli idiniz. Niyə etmədiniz ?
Çünki onda Etibar Abdullayev soruşduğunuz pulların yerini deyəcəkdi.
İndi isə keçək, Allah qoymasa, yeni Aparat rəhbəri Eldar Zeynalovun əməllərinə.
Komitədə hamı gözəl bilir ki, Eldar Zeynalov sizin “sağ əlinizdir”. Hər nə edirsə, sizin əmrinizlə edir.
Eldar Zeynalov Aparat rəhbəri olan kimi məcburi köçkünlər üçün tikilmiş binaların JEK rəislərini çağırıb nə tapşırıq verdi ?
Siz deməsəydiniz Eldar o tapşırığı verə bilərdimi?
Eldar özbaşına köhnə bazara təzə “nırx“ qoya bilərdimi ?
Əlbəttə, yox.
Yeni Aparat rəhbərini kimlərə mənzil bağışlamasından xəbəriniz yoxdurmu, cənab komitə sədri ?
Masazırdakı qaçqın binasında peyda olan cavanlar kimin dostudur ?
Aparat rəhbəri Eldar Zeynalov məcburi köçkünə verdiyi mənzilin orderini niyə geri aldı ?
Bütün bunlar barədə növbəti yazılarda bəhs edəcəyik.
Sözün qısası, cəmiyyətin gözünə kül üfürüb islahatdan-zaddan danışmayın.
Başınızı aşağı salıb “xımır-xımır” işlərinizi görün… //gundelik-baku.com//