Cəmiyyət

İlham Əliyev: “Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu”

“Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı – Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi”.

Bu sözləri Prezident İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciəti zamanı deyib:

“Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir