Manşet

MÜSTƏQİL STRATEJİ KURSA SÖYKƏNƏN AZƏRBAYCAN

 

Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur və fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir. Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, digər möhtəşəm qələbələrin şahidi olacağıq.

Bəli, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə sabit xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Qürurverici məqam və təqdirəlayiq hal Azərbaycanın pandemiya şəraitində də qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa xidmət edən mühüm təşəbbüslərlə çıxış etməsidir.

Ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.

Həmçinin Azərbaycanda bütün sahələr üzrə uğurlu siyasət həyata keçirilir və bu siyasət nəticəsində dövlətimiz dinamik inkişaf edir.

Zamanın çağırışı olaraq – Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Nəhayət, Ermənistanın işğalına son qoyuldu. Prezident İlham Əliyev böyük şahmat oyununda sülh danışıqları zamanı Azərbaycana edilən təkliflərdən daha çoxunu əldə etdi. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, ümumdünya erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə sövq etdi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. İlham Əliyevin Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Nəticədə 44 günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

Prezident İlham Əliyev təsdiq etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Prezidentimizin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmşdır.

Xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında cənab İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd etmişlər. Ölkə və dünya mediasının şahidliyi ilə cənab Prezidentimiz demək olar ki, bütün məqamlara toxunaraq suallara ətraflı və dolğun cavablar söyləmişdir. O, ölkəmizin beynəlxalq nüfuzu ilə bağlı mühüm açıqlamalar vermiş, bir çox sahələrdə əldə etiyimiz nailiyyəttlərə diqqət yetirmşdir. Azərbaycanın beynəlxalq aləmdə imici həmişə müsbət olub; Azərbaycan müstəqilliyni elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini qoruyub saxlayır; Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda özünü sübut edib; Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib; Azərbaycan müttəfiqləri ilə səmimi olub; Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib; Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur;

Azərbaycan başda BMT olmaqla, beynəlxalq təşkilatların əsas prinsiplrinə sadiq qalıb. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib; Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir; Nəqliyyat dəhlizinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-loqistka əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür; bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və xeyli vəsait qazanır; respublikamız dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən ölkəyə çevrilib; ölkədə bütün sahələrdə nəzərdə tutulan layihələr uğurla icra olunur; Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var; Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır və s. bu kimi fikirlər mətbuat konfransında ölkə başçımız tərəfindən səsləndirilmişdir.

Bir sözlə, Azərbaycan artıq möhkəmlənib, regionda lider dövlətə çevrilib, bütün çətnliklərə baxmayaraq, beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlamaqda davam edir.

İlhamə Məhəmmədqızı,

AJB-nin üzvü

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir