Cəmiyyət

Şəhidlik uca zirvədir,Ana!

Cəbhəyə gedirəm, ana. Vətən məni çağırır. Əgər namərd düşmən gülləsinə tuş gəlsəm, ağlama, ana, üsyan etmə. Fəxr et, ana. Fəxr et ki, sənin dünyaya gətirdiyin, Vətənin yetirib böyütdüyü övlad Vətən uğrunda şəhid oldu. Başını dik tut, ana. Başlarımız düşmən önündəki kimi daim dik olsun. Digər şəhid analarına bax, təsəlli tap, ana. Şəhid olan təkcə sənin övladın olmayacaq. Vətənin yüzlərlə övladı Vətən yolunda can qoyacaq, ana. Sarıl şəhid analarına, ovut özünü, dərdinizə qurban olum deyil, qürurunuza qurban olum, bacılar, de. Nə olar bircə ağlama, ana.


Şəhid olsam ağlama, ana. Gülümsə, daim gülümsə. Fəxrlə, vüqarla cənnət Vətənimizin işğaldan azad edilən dağına, daşına, torpağına baxıb gülümsə, ana. O torpaqlar sənə minnətdarlıqla boylanacaq, ana.
Qışda düşən qurovda, yazda açan çiçəkdə, yayda düşən mehdə, payız saralan yarpaqda gör məni, ana. Çünki mən Vətənin hər qarışına, hər nemətinə qarışacam, ana. Dağların döşündən yığdığın güllərdən, kəklikotundan alarsan qoxumu. O güllər mənim kimi yüzlərlə vətən oğlunun qanı ilə suvarılacaq, ana. Darıxanda uğrunda can verdiyim torpağa sarılarsan. Qucarsan hər qarış vətən torpağını. Mən o torpaq uğrunda can verəcəm, ana. O torpaq məni əbədi yaşadacaq.
Sən bircə ağlama, ana. Mərd dur, ana! Əyilmə! Üsyan etmə, ana. Övladım Vətən yolunda qurban oldu de. Eşitmişəm, şəhidlər ölmür, əbədi yaşayırlar. Şəhadətə yüksəlirlər. Sən də bircə kəlmə “Şəhadətin mübarək, oğul balam!” deyərsən. Amma bu kəlməni acı ilə yox kədərlə deyil, iftixarla söyləyərsən. Ağlama ki, mənə toy mağarı qura bilmədin, nəvə oynada bilmədin, ana.

Alınan torpaqlarımızda hər qurulan toy mağarında məni böyük ehtiramla anıb, ruhuma dualar oxuyacaqlar. Azad Vətənimin bütün uşaqları sənin nəvəndir, ana. Ağlama ki, ömrüm qısa olur, ana. Bu qısa ömrü şərəflə, vicdanla, əyilmədən, sınmadan, Vətən qarşısında borcumu ödəyərək yaşadım. Bu səhifələri az olan ömür gündəliyimə çoxlarının yüz il ömürə sığışdırmadığı şərəfli bir həyatı, rəğbətlə anılan bir adı sığdırdım, ana. Həyat gündəliyimin son cümləsi “Şəhidlik uca zirvədir”, ana.
Qələbə millətimin olacaq, ana. O gün qara yaylıq bağlama başına. Qələbəmizi sən də bayram et. O qələbənin qazanılmasında vətən daşları içərisində sənin balan da var, ana. Qələbə bayramında gözün ətrafda məni axtarmasın, ana. Mən Vətən səmasından sənə baxacam, sən də başını vüqarla dik tut, ana!

Bilirəm, ananın övladına məhəbbəti sönməz, tükənməz olur. Mənə olan sevgini, meylini uğrunda şəhid olduğum Vətənə, torpağa sal, ana. Oğlum öldü demə, Vətən uğrunda canından keçdi de. Şəhadətə yüksəldi de. Şəhadətin mübarək, oğlum, de. Nə olar bircə ağlama, ana! Ağlama, ana!

Elida Muxayeva

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir