Cəmiyyət

Millətimin oğul sevdası

Heç kim inkar edə bilməz ki, ailəsində ən çox arzulanan oğlan övladıdır. Qocalar bir-birinə dua edəndə “Oğulun sağ olsun” deyirlər. Qoca babamdan eşitmişəm, kiməsə təşəkkür edəndə “o bir balan sağ olsun, o iki balan sağ olsun” deyir. Həmişə düşünürdüm, görəsən, babam niyə “bir balan sağ olsun” deyir. Axı, onun iki qız, bir oğul övladı var. Böyüdükcə anladım ki, “o bir balan sağ olsun” deyəndə təkcə oğlan övladı nəzərdə tutulur. Ümumiyyətlə, bizim millətin övlad deyəndə ilk ağlına gələn kişi cinsidir. Oğulu olmayanı sonsuz kimi qəbul edirlər. İndi kimsə deyə bilər, bizim ailədə qız daha çox sevilir, çox arzulanır. Lakin istisnalar qaydanı pozmur. Əksəriyyətin düşüncəsi oğul övladının üstünlüyüdür. Oğlan nəsil artırır, oğlan ata evinin çırağını yandırır və sair və ilaxır.
Biz də ailədə iki bacı, bir qardaşıq. Ailədə iki qızın dalbadal doğulması, əlbəttə ki, tipik azərbaycanlı ailəsi olaraq, heç də xoş qarşılanmayıb. Hətta qardaşım dünyaya gəlməzdən əvvəl elə zənn ediblər ki, o da qızdır. Təbii, o zamanlar texnika bu qədər inkişaf etməmişdi deyə, uşağın cinsiyyətini müəyyən etmək mümkün deyildi. Nənəm də belə qərara gəlib ki, bu uşağın adını Yetər qoysunlar. Bəlkə, adın kəramətindən növbəti dəfə qız övladı doğulmaya. Yetərin arxasınca soyumuzu artıran oğul dünyaya gələ. Nənəm həmişə şükürlər edirdi ki, Yetər adına ehtiyac qalmadı. Bu oğulpərəstlik təkcə mənim ailəmdə deyil, digər ailələrdə də mövcud haldır. Keçmişləri vərəqlədikcə görürsən ki, bir ailədə oğul övladı dünyaya gələnəcən analar dünyaya uşaq gətirir. Analar özləri istəyərək, və yaxud məcburiyyətdən oğul doğmalı idilər. Əks halda, dünyaya oğul gətirəcək digər qadınla dəyişdirilirdilər. Qocalardan eşitmişəm, oğlan övladına “cücük” deyirlər. Bu “cücükləri” əzizləyir, yeməyib yedirib, geyməyib geydirirlər. “Cücüklər” də tumurcuq olan kimi elə ki, pasport yaşları çatdı, üz tutardılar Rusiya, Belarusiya və digər MDB ölkələrinə. Adı da olardı, qazanc arxasınca gedib. Qazanc arxasınca gedənlərdən isə nəinki qara qəpik, heç quru zəng də gəlməzdi. Ata-ana ömrünü bağışlayanda qohum-əqrəba yığışıb “cücüyə” bir teleqram vurardılar ki, “nə durmusan, gəl, atan ölüb”. Onun ucbatından yazıq atanın, yaxud ananın cənazəsi 4-5 gün yerdə qalardı ki, nədi oğlu gəlib çıxıb, gözünə bir ovuc torpaq atsın. Bizim adətlərə görə mütləq torpağı mərhumun gözünə oğul övladı atmalıdır. Və həyatında ilk və son dəfə valideyininə qayğı göstərsin, onu çiyinləri üstündə qəbiristanlığa aparsın. Elə ki, valideynini qoydu məzara, gəlib bir qonaqlıq düzəldib çoxdan görmədiyi qohum-qardaşı yığır başına. Tut arağından sağlıqlar deyib rəhmətliyin ruhuna dualar oxuyur. Alkoqolun təsirindən bir az da göz yaşları tökür. İçənlər bilir, alkoqol qəbul edəndən sonra insan yaman həssas olur. Hə… Bundan sonra vur çartlasın, çal oynasın. Dəfndən sonra yeddi, ya qırx gün qalır ata yurdunda. Hər gün bir qohumun, dostun evində onun şərəfinə təşkil olunan qonaqlıqlarla vaxtını keçirir. Rəhmətliyə də mərmərdən bir qara daş qoydurur ki, baxanlar “bərək Allah belə oğula” deyirlər. Bəzi qazanc arxasınca gedənlər isə heç cənazəni basdırmağa gəlib çıxa bilmirlər. Ya qırxa gəlirlər, ya ilə gəlirlər. Və yaxud da “sənədlərim düz deyil” deyib heç gəlmirlər. Mənim böyüdüyüm illərdə bu cür hadisələr çox olurdu. Bunları görə-görə böyüdüm. Kəndimizdə qocalar var idi, 4-5 oğlu ola-ola damın altında tək-tənha qalmışdılar. O zamanlar kasetlər dəbdə idi. Övladlarını videoda görmək üçün gecə saat on ikini keçməsini gözləyirdilər ki, işıqlar yansın, heç olmasa, görsünlər övladları hansı rəngdədir.

Bu günə qədər başa düşə bilmədim millətimin oğul sevdası haradandır. Çox eşitmişəm, qocalar deyir “filankəsin oğlu yoxdur”. Adam adama deyir “yığıb dərdiyin görüm yağıya qalsın”. Yağı isə əski dilimizdə düşmən deməkdir. Yəni qız övladı bizdə düşmənmi hesab olunur?! Ata-ananın son nəfəsinə kimi yanında olan, qayğısına qalan, canı yanan, əzab çəkən qız arzulanan oğul. Mən ata-anasına biganə olan qız görmədim. Lakin valideyininə biganə olan, onları görmür kimi davranan oğul gördüm. Valideyinin ağrılarını, əziyyətlərini vecinə almayan qız görmədim. Amma valideyininin əziyyətlərini hədər edən oğul gördüm. Ata-ananı qocalığında kimsəsizlər evinə atan qız görmədim. Çox təəssüf, ata-ana qocalanda onları yarasız əşya kimi qocalar evinə atan oğul gördüm. Heç valideyinindən imtina edən qız görmədim. Valideyinini zəlil edib qapılara salan oğul gördüm. Valideyinlərinə əziyyət edən, hətta fiziki şiddət göstərən oğul gördüm. Onu dünyaya gətirənlərin boğazından kəsib çörək pulunu qumara qoyan, siqaret, spirtli içki alan oğul gördüm. Axı, hardandır bu oğul sevdamız?! Bəlkə də o mərmər daşların şöhrətindən, təntənəsindəndir. Nəslinin yer üzündə daha çox yayılmasındandır. Soyunun şaxələnib budaqlanmasındandır. Təkcə onu bilirəm ki, oğul sahibi olmaq arzusu oğlan övladının valideyininə olan mərhəmətindən, sədaqətindən deyil. Başqa millətlərdə övlada qarşı ayrı-seçkilik yoxdur. Əksinə, qız bir az da üstün tutulur. Bizdə isə qız övladına artıq yük kimi baxılır. Əvvəl-axır köçüb gedəcək. Tərk edəcək yuvasını. Üstəlik xeyli də pul lazımdır ki, ona cehiz verəsən. Bir sözlə, artıq xərcdir qız. Bəli, qız yuvasını tərk edir. Ancaq onu dünyaya gətirənləri unutmur. Cavanlıqlarında sevir, qocalıqlarında, xəstəliklərində sevir və mərhəmət göstərir, hər dəqiqə onları itirmək qorxusu ilə yaşayır. Hər duasının başlanğıcında və sonunda valideyini olur.
Övladların təhsilinə gəldikdə də qız övladı elmə, təhsilə can atsa da valideyin düşünür ki, qızımı oxutmaqdansa oğlumu oxudaram. Qızın nədir mənə xeyiri! Təhsil almaq adı ilə göndərdikləri bir dənələri, ümid yerləri, soylarının davamçıları elə təhsil aldıqları şəhərdə qalıb onu bu yerə çatdıran Allah bəndələrini xatırlamırlar. Təbii ki, yuxarıda yazdıqlarım bütün oğul övladlarına aid deyil. Lakin qəbul edək ki, bu tip oğullar çoxluq təşkil edir.
Amma millətimin oğul sevdası bitmir, tükənmir. Oğul övladına sahib olmaq xoşbəxtliyini onlar üçün dünyanın heç bir neməti, sevinci əvəz edə bilməz. Nəzir-niyazlar paylanır, qurbanlar kəsilir. Təki hər evdən oğlan səsi gəlsin. Bu səs söyüş də olsa, təhqir də olsa, qəbulumuzdur. Əsas odur ki, oğulu olanlar, nəsil artıranlar cərgəsinə qoşulaq.

Elida Muxayeva



 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir