Cəmiyyət Manşet

Bakıdan təkcə NEFT ÇIXMIR, pul da çıxır… – Abutalıbov belə yeyib…

Hacıbala Abutalıbovun Bakı şəhərinə 18 ildə vurduğu ziyanı bundan sonrakı 180 ilə aradan qaldırmaq mümkün deyil. Yaşlı nəslin xatirindədir. Bir zamanlar dəniz tərəfdən baxanda Bakını amfiteatra bənzədirdilər. Hətta İtaliyanın Nepal şəhəri də bu mənzərəyə görə Bakıdan geri qalırdı.

Bax Hacıbala Abutalıbov Bakının bu mənzərəsini yerlə bir etdi. Bu gün paytaxt qarışıq, nizamsız tikilmiş və memarlıq cəhətdən bir-birini tamamlamayan yüksək mərtəbəli binaların poliqonuna çevrilib. Bakının kommunikasiya, xüsusilə də kanalizasiya sistemi bərbad gündədir.

Mütəxəssislər bildirir ki, paytaxtın kanalizasiya sistemi hər an şəhərdə çox ciddi fəsadlar törədə bilər. Onun rəhbərliyi dövründə Nizami, Sabunçu, Nərimanov, Binəqədi rayonlarındakı yaşıllıq zolaqları məhv edildi. Yerində restoranlar, şadlıq evləri və villalar tikildi. Və təbii ki, həmin tikililərin bir xeyli hissəsi bilavasitə Hacıbala Abutalıbovun şəxsinə aiddir. Bu günlərdə “Kanal13”-ün hazırladığı materialda bu barədə ətraflı söhbət açılır. Bəlli olur ki, hələlik dəqiqləşdirilən xeyli obyekt keçmiş merin özünün və yaxud yaxınlarının adına sənədləşdirilib. Əldə etdiyimiz siyahının bir hissəsini təqdim edirik:

Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı.

Füzuli küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi.

Qış parkındakı Zanbaq, İnnab və Palıd kafe-restoranları.

Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki Sütiş restoranı.

Nəsimi rayonu 647 –ci məhəllədə yaxını Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 103 kvadratmetrlik sahə.

Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsində Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 113 kvadratmetrlik sahə.

Yasamal rayonu, “Ovçular evi” yerində salınan parkdakı “Özsüd” restoranı.

Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir.

Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran.

Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi.

Hüseyn Cavid bağındakı çay evi.

Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina.

Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi.

Balaxanı qəsəbəsində bir zavod.

Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe.

Hacıbala Abutalıbovun əsas biznesi xarici ölkələrdə xüsusilə də Türkiyədədir. Bununla bağlı “Xural” qəzeti araşdırma aparıb. Qəzetin üzə çıxardığı məlumatlar adamın boğazını qurudur. Əmlaklar əsasən Abutalıbovun oğlanlarının, qardaşının və digər ailə üzvlərinin adınadır.

Qeyd edək ki, dövlət qulluğuna gələnədək AMEA-nın Fizika İnstitutunda laboratoriya müdiri işləyən H.Abutalıbovun böyük oğlu İsrafil ixtisasca hüquqşünasdır. Bakıda müxtəlif qurumlarda, o cümlədən Konstitusiya Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində çalışıb.

Londonda biznes aləminə ilk gəlişi 2007-ci ilə təsadüf edir. 29 yaşlı İsrafil burada “Androush Shtriker Limited” və “Hamilton Consultancy & Advisory Limited” şirkətlərinin direktoru olub. Bu şirkətlər 9-10 ildir ki, fəaliyyətini dayandırıb. İsrafil Abutalıb ikinci dəfə Londona bir daha 2016-cı ildə dönüb. Əvvəlcə o, “Sidmouth İnvestment Limited” şirkətini qurub. Növbəti il burada təsis etdiyi “Kenwood AM Ltd” şirkəti vasitəsilə “Rock Gate Mews Limited” şirkətinə sahib olub. Sonuncu şirkətin ingilis sahibləri onu banka ipoteka borcuna görə İ.Abutalıba satmalı olmuşdular.

Londonda 17 Spaniards End ünvanındakı həmin əmlakı yerli rieltorlar 6,6 milyon funt dəyərində qiymətləndirir. Londonda yaşayan Azərbaycan əsilli Anar Paşa adlı şəxsin rəhbərlik etdiyi hər üç şirkət Böyük Britaniyada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. İsrafil Abutalıbın ofisləri fərqli məkanlarda yerləşən şirkətlərinin toplam aktivləri maliyyə hesabatlarına görə 9 milyon 671 min funt və ya 21,3 milyon manat təşkil edir.

Abutalıbovlar İstanbulda

Abutalıbovların Türkiyədə əmlak bazarına girişməsi 2013-cü ildən başlayıb. Qardaşlar burada çoxlu sayda şirkətə sahibdirlər. Şirkətlərin və mülklərin əsas hissəsi İstanbulun tarixi mərkəzlərindən birində – Sultanahmetdədir. Altı ildə onlar bu şirkətlərə milyonlarla sərmayə qoyublar. Türkiyənin “Ticaret Sicili Gazetesi”ndə (şirkətlərin yaradılmasına və onların idarəetməsində baş verən dəyişikliklərə dair rəsmi qəzet – red.) açıqlanan məlumatlara görə, bu sərmayənin əsas hissəsi ölkə xaricindən gəlir.

Amma Abutalıbovlar bu ölkədə təkcə daşınmaz əmlak, otel və restoran biznesinə yatırım etmirlər. Onlar həm də təhsil sektorunda təmsil olunurlar. 2017-ci ildə “12 Group” şirkəti (92,5%) və xanım Yeliz Kum Ezercanın (7,5%) iştirakı ilə nizamnamə kapitalına 100.000 lirə qoyulmaqla “41 North Business School Egitim A.Ş.” şirkəti yaradılıb. Bu məktəb iş adamlarına biznes idarəetmə sahəsində master və doktor dərəcəsi üzrə tədris, eləcə də rəqəmsal texnologiyalar üzrə sertifikatlaşdırma ilə məşğuldur.

Azərbaycandakı biznes

Orxan Abutalıbovun rəhbərlik etdiyi “12 Group” MMC (2006-cı il) Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şirkəti birləşdirir. “Renessans Reklam və İstehsalat Ko.” MMC (2006-cı il) Bakıda açıq məkanda reklam yerləşdirilməsi ilə, “12 Travel” MMC(2004-cü il) – səyahət xidmətləri, “12 Laundry” MMC (2013-cü il) – camaşırxana fəaliyyəti, “12 Rent a Car” (2005-ci il) – minik nəqliyyat vasitələrinin icarəsi, “12 Consulting Hüquq Şirkəti” (2013-cü il) – hüquq xidmətləri sahələrində çalışır. Bundan başqa, Abutalıbovlar İçərişəhərdə Asəf Zeynallı küçəsi, ev 9, 11, 22 və 23 ünvanlarında yerləşən “Art Group”, “HanRestoran” restoranlarına, əntiq əşyaların və suvenirlərin satıldığı “ArtSalon” mağazasına sahibdirlər. Qardaşların Azərbaycan şirkətlərinin bəzisinin qeydiyyat ünvanları elə bu məkanlardır. “Han” restoranı qədim karvansaraydır. Buradakı açıq meydançada eyni vaxtda 400 nəfərə xidmət göstərmək, daha 9 VİP otaqlarda qonaq qarşılamaq mümkündür. Hacıbala Abutalıbovun oğullarının Bakı şəhərinin digər ərazilərində “ArtGroup” şəbəkəsinə daxil olan “Han Lounge” və “Han Garden” restoranları da var. Diqqəti cəlb edən məqamlardan biri budurki, Abutalıbovun oğullarının Halal sistemi ilə Türkiyədə idarəetdikləri kafe və restoranlarından fərqli olaraq, Azərbaycandakı restoranlarında şərab menyunun adi elementlərindəndir.

Abutalıbovun biznesmen qohumları:

Keçmiş icra başçısının qardaşı və onun ailə üzvlərinin də Bakıda və Türkiyədə geniş biznes şəbəkəsi var.

Hacıbala Abutalıbovu böyük qardaşı Osman 1997-ci ildə yaradılan “Enerjiquraşdırma” şirkətinin (Bakı şə., 20 Yanvar küçəsi, ev 7) direktorudur. Şirkətin Bakı şəhəri İcra Hakimiyyətinin sifarişi ilə elekrtik dirəklərinin quraşdırılması ilə məşğul olduğu bildirilir.

Osman Abutalıbovun 46 yaşlı oğlu Oktay 2009-cu ildə mineral su istehsalı ilə məşğul olan “Baytaş Su ve Meşrubat Pazarlama Sanayi Ticaret Limited” şirkətində 16,7% (167.000 lirə) pay alıb. Onunla birlikdə şirkətin səhmdarları arasına Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fondunun uçotu şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Səməndər oğlu Seyidov və iş adamı Xudaqulu Əhət oğlu Rzayev də eyni paylarla şirkətin payçıları sırasına daxil olublar. Üç ay sonra, avqust ayında Vüqar səhmləri həyat yoldaşına – Oktayın bacısı Reyhan Seyidovanın adına ötürüb. Dekabrda ortaqlar şirkətin kapitalını 1 milyondan 7 milyon lirəyə qaldırıblar. Bunun 1.169.000 lirəsi Oktay Abutalıbova məxsus idi. Bir il keçər-keçməz kapital 15 milyon lirəyə çatdırılıb. Azərbaycandan olan səhmdarların hər birinin payı 2,5 milyon lirəyə yüksəlib. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (“Nida Su ve Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. O, tamamilə Azərbaycan kapitallı şirkətə çevrilib. Osman Abutalıbovun ailə üzvləri şirkətdə 10 milyon lirəlik paya sahib olmaqla ona tam nəzarəti əldə ediblər. Dekabrda şirkət İstanbuldan Sapancaya (Sakarya vilayəti) köçürülüb. Burada ortaqların 14,5 min m² sahədə daşınmaz əmlakı var. Beş il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

Sakaryada Oktay Abutalıbov və Xudaqulu Rzayev 2010-cu ildə “Hazar Vox Meşrubat ve Su Pazarlama İnşaat Sanayi ve Ticaret Limited” şirkətini qurublar. 2015-ci ilin fevralında isə Reyhan Seyidova İstanbulda kapitalına 200 min lirə yatırdığı “Sinan Grup Egitim Hizmetleri ve Dış Ticaret Limited” şirkətini təsis edib, iyunda onu şirkətə direktor təyin etdiyi şəxsə – Salih Karaeminoğullarına satıb.

Bakıda isə Reyhan Seyidovanın adına çoxlu sayda obyekt: Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 70F ünvanında 73 m²-lik kafe-çayxana , Nizami rayonu, 8-ci km yaşayış massivi, M.Abbasov küçəsi, 2 ünvanında 5 hektar sahədə inşa olunmuş 18098,5 m²-lik 4-mərtəbəli ofis, yeməkxana və 6 ədəd anbar , “Yaşıl Ada Uşaq Bağçası” MMC var.

Bütün bunlardan sonra Hacıbala Abutalıbovun paytaxta niyə hər zaman “Bakımız” deməyi bəlli olur.

Surxay Atakişiyev,

KONKRET.az

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir