Vətən müharibəsində iştirak edən müddətdən artıq hərbi qulluqçumuz, tankçı Abbasov Tərlan Təvəkkül oğlu mənzil şəraitinin pis olmasından şikayət edib.
O, Moderator.az-a açıqlamasında bildirib ki, döyüşlər zamanı tankı düşmən tərəfindən vurulduğu üçün ağır yanıq xəsarətləri alıb. Müalicələrdən sonra məlum olub ki, bir gözü görmür və bir qulağı da ağır eşitmir. O, Masallı rayonunun Təklə kəndində yaşayır.
Hazırda Hadrutda xidmət etdiyini deyən döyüşçümüz səhhətindəki problemlərə görə ordu sıralarında tərxis olunacağını bildirib. T.Abbasov bildirib ki, o, iki azyaşlı övladı və həyat yoldaşı ilə iki otaqlı şəraitsiz mənzildə yaşayır:
“Ailəmlə birlikdə iki otaqlı şəraitsiz mənzildə yaşayıram. Özüm xidmətdə oluram. Evdə həyat yoldaşım iki övladımla çox əziyyət çəkir. Mənzil şəraitimin yaxşılaşdırılması üçün mənə kömək lazımdır. Masallı rayon İcra Hakimiyyətindən bir dəfə atamgilin evinə gəlib mənimlə danışdılar. Amma bir dəfə də olsun mənim şəraitsiz evimə baxış keçirməyiblər. Xahişim odur ki, evimin təmir olunması üçün mənə köməklik etsinlər”.