İnsanın tanrı qarşısında yerinə yetirəcəyi müqəddəs əməllərdən biri və birincisi ailə qurmaq, övlad dünyaya gətirməkdir. Başqa millətlərdən fərqli olaraq, bizdə ailə quran cütlüyə valideynlərin izni deyil, onların qərarı önəmlidir.
Müqəddəs kitabımızda da ailə quran cütlüyə hər iki valideynin xeyir-duası vacib sayılır. Din adamları isə valideyn xeyir-duası almadan qurulan ailənin uğursuz olacağını söyləyirlər. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bəzi valideynlər xeyir-dualarının vacibliyindən istifadə edərək övladlarını əşya tək satır, onların fikirlərini önəmsəmirlər.
“Böyüklər səhv edə bilməz” prinsipinə əsaslanaraq həyati qərarlar verirlər. Hansı ki, verdikləri bu həyati qərarlar gələcəkdə onların həyatını qaraldır, dünyasını başına yıxır, hətta intiharlara belə gətirib çıxarır.
Ağ libas geyinib gəlin köçürlər. Köçəri quş tək tərk edirlər yuvalarını, başqa bir ailədə özünə yuva qurub, xoşbəxt olmaq ümidi ilə, həmin gün dünyanın xoşbəxti görünürlər, baxıb bəxtəvər verənlər də az olmur. Lakin bu müvəqqəti xoşbəxtlik oyunu bir neçə saat çəkir, ancaq bir neçə saat yoldaş olur xoşbəxt anlarına.
Həmin gün xoşbəxtlik və sevinc göz yaşları yanağından süzülə-süzülə bəxtəvərcəsinə rəqs edən valideynlər bir neçə saatlıq xoşbəxtliklərinə və on dəqiqəlik vağzalı sədasına övladlarını qurban verirlər. Sonradan olacaqları düşünmədən, valideyn seçim edir övladın yerinə (təbii ki, bu bütün valideynlərə şamil olunmur). Əgər qarşı tərəf valideynin şərtlərinə uyğun gəlirsə, bu izdivac baş tutur. Gəlin köçəcək şəxsin şərtləri, xəyal və arzuları valideyn üçün mənasız hesab olunur. Onlar öz kiçik dünyalarında düzgün qərar verdiklərini və heç vaxt yanılmayacaqlarını zənn edirlər. Onlar saydıqlarını saymaqda olsunlar, görək fələk nə sayacaq!
Əzab çəkən, bəxti daşa dəyən, günləri gecədən də qara gələn, qara saçlarını ağ edənsə qurbanlıq qoyunlar olur!
Qızını gəlin köçürən gün necə də xoşbəxt idilər. Nə qədər ağlamışdılar vağzalı səsinə. Göz yaşları sevinc göz yaşları idi. Lakin illər ötür, o göz yaşları qızın qara taleyinə damlayan selə çevrilir. Bəzi səhv qərarların, səhv təfəkkür və düşüncənin qurbanları yenə övladlar olur. Hələ də düşüncə tərzi tam formalaşmayan cəmiyyətimiz ölüm yastığında yatan valideynin əlacı dünyadan rahat köç etməsi üçün qızını ərə verib və yaxud da oğluna arvad alaq deyə məntiqsiz məsləhətlər verərək, vağzalı ilə xəstəni xoşbəxt edən cəmiyyət elə həmin musiqi ilə bir canlını da əbədi bədbəxtliyin əsiri edir. Hələ “qonşudan qalma dala” prinsipinin inkişaf etməsinin göstəricisi olaraq, təhsildən, elmdən yayınan nə qədər qızlarımız var. Filankəs qızını köçürdü, mən də evimdə xeyir iş edim. Qızın əsas vəzifəsi ərə getmək, övlad dünyaya gətirməkdir. Ömrü boyu ərinə, uşaqlarına yemək bişirməkdir. Uşaqlıqdan qız uşaqlarının beyninə ərə getmək, özünə cehiz yığmağı salan ana, qızına qələm tutmağı deyil, çömçə tutaraq qaynananın gözünə girməyi və gələcəkdə bu kimi ev işlərini yaxşı bacardığına görə üzünü ağ etməsini tövsiyə edir. Qızlarına kitab, qələm, məktəb ləvazimatı almaq əvəzinə, qab-qacaq və s. alaraq cehiz tuturlar. Sabir babamız elə məhz bu tip anaların dili ilə deyib: “Oxutmuram əl çəkin”.
Onları ruhlandıran isə vağzalı sədalarıdır. Bu sədalar altında qızlarını gəlin köçürən, özlərini göyün yeddinci qatında hiss edən valideynlər, zaman gələcək verdiyiniz qərara və övladınızın taleyinə görə çəkəcəyiniz peşimançılıq sizi göylərdən peşimancasına yerə atacaq. Lakin burada nə deyərlər – sonrakı peşimançılıq fayda verməz!