Cəmiyyət

Harada görünüb ki, deputatlar bizneslə məşğul olsun? – “Parlamentin yarısı biznesmendir”

Bakının sabiq meri Hacıbala Abutalıbov mediaya müsahibəsində övladlarının biznesindən söz açıb. O deyib ki, oğlanları müstəqil şəxslərdir və hər kəs kimi özlərinə iş qurmaq, pul qazanmaq imkanına sahibdirlər.

Bu baxımdan məmurların biznesi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır ki, Azərbaycanda hələ də bu cür tendensiya var – Ən uğurlu biznes sahələri ancaq ya birbaşa, ya da dolayı yolla məmurlara bağlıdır, yaxud bütün biznesmenlər siyasi hakimiyyətlə əlaqəlidirlər.

Bununla bağlı politoloq Cümşüd Nuriyev Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda biznesin oliqarxların əlində olması çox yüksək səviyyədə inhisarçılıq yaradıb:

“Ölkədə kölgə iqtisadiyyatının səbəbkarları da onlardır. Bu, yolverilməz bir haldır. Harada görünüb ki, məmurlar və deputatlar bizneslə məşğul olsun? Parlamentin 60 faizi biznesmendir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Biz bazar iqtisadiyyatına keçid dövrü yaşayan dövlətik. Bazar iqtisadiyyatı oliqarxların bazarı deyil. Azərbaycanda ona görə biznes formalaşa bilmir, biznesmen yoxdur.

Biznesmen gərək öz ağlı, intellekti, qabilliyyəti ilə gündəmə gəlsin. Bizdə ancaq “al – ver”dir. Bu, biznes deyil. Ölkəmizdə normal ticarət belə mövcud deyil. Nəticə olaraq, nə daxili bazarının rəqabətliliyi təmin olunur, nə də iqtisadi cəhətdən ölkənin stimullaşdırıcı funksiyası yerinə yetirilir. Bilirsiniz, iqtisadiyyatın öz qanunları var. Bütün dünya bunu qəbul edib. Amma Azərbaycanda bu iqtisadi qanunların işləməsinə məhz oliqarxlar maneçilik törədir”.

Politoloqun sözlərinə görə, eyni zamanda ölkədə çox güclü diskriminasiya var: “Yəni, insanların doğulduğu yerə görə vəzifələrə təyinatı halları kütləviləşib. Açığı, Azərbaycan vətəndaşı kimi dövlət başçısına heyranam ki, bu qədər dağıdıcı, xəyanət edən komanda ilə 44 gün ərzində Qarabağ ərazilərini işğaldan azad edə bilib. Heç bir lider bunu bacara bilməzdi. Sanki vəzifədə olanların yarıdan çoxu yırtıcı mövqedədirlər. Onlar dövlət əmlakını dağıtmaq üçün hər şeyə gedirlər.

Artıq milyonlar yox, milyardlardan söhbət gedir. Baxırsan, nazirlər, məmurlar milyonla yeməyi özlərinə abırsızlıq hesab edirlər ki, “Necə olur, məni işdən çıxarırlar, həbs edirlər, amma adım milyoner gedir. Gərək milyarder kimi təqdim olunardım”. Artıq bu istiqamətdə psixologiyamız pis gündədir. İcra başçıları özlərini milyarder kimi düşünürlər. Biz hara gedirik? Özümüz özümüzü məhvə aparırıq, amma görmək istəmirik. Millət kimi bir-birimizi qırmaqla heç bir qazanc əldə edə bilmərik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir