Manşet

2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ… – “Məgər çörək yeməyə görə rüşvət verərlər?”

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təvəkkül Qadıyevin yaxınları onun işgəncəyə məruz qaldığını deyirlər. Onların sözlərinə görə, müəssisənin rəis müavini Eldəniz Həziyev Təvəkkül Qadıyevi kabinetinə çağıraraq rüşvət istəyib, o, etiraz edəndə isə döyüb.

Bu barədə məhbusun anası Əfruz Abdullayeva Meydan TV-yə danışıb.

Əfruz Abdullayeva bildirib ki, martın 28-də Cəzaçəkmə Müəssisəsinin rəis müavini Eldəniz Həziyev oğlunu kabinetinə çağırıb və ondan pul istəyib:

“Səbəb kimi də göstərib ki, kamera yoldaşının yanına gələnlərlə bir yerdə oturub çörək yemisən. Məgər çörək yeməyə görə rüşvət verərlər? Oğlum da and-anam edib ki, onun yanına görüşə gəlməyiblər, elə bunu söyləyib və ondan sonra Eldəniz Həziyev uşağı döyüb. Uşağımın vəziyyəti çox ağır olub, burnunun qanını kəsmək olmurmuş. Eldəniz Həziyev illərdi uşağa zülm edir”.

Əfruz Abdullayeva baş verən hadisə haqqında dövlət başçısı İlham Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etdiyini deyib:

“Təəssüf ki, Gəncə şəhər prokuroruna məktub göndərsəm də, heç bir reaksiya yoxdur”.

Əfruz Abdullayeva oğlunun həbsini də qanunsuz sayır:

“Oğlumu quldurluq maddəsilə ittiham edərək həbs etdilər. İstintaq və məhkəmə prosesi zamanı rüşvət istədilər ki, cəzası yüngül olsun, amma kreditim olduğundan alınmadı”.

O, pandemiya səbəbindən oğluyla 2 il əvvəl görüşdüyünü bildirib.

28 yaşlı Təvəkkül Qadıyev 2014-cü ildə həbs olunub. O, Cinayət Məsəlləsinin 181.1 maddəsilə ilə (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ittiham olunaraq 9.6 il azadlıqdan məhrum edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, Əfruz Abdullayevanın qurumun rəisi Ceyhun Həsənova müraciəti ətraflı araşdırılacaq:

“Ona görə indidən nəsə söyləmək doğru olmazdı”.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir