Cəmiyyət Manşet

“Karaca Azərbaycan” yeni fırıldağa əl atıb… – GİLEY

Pandemiya, sərt karantin rejimi insanları onlayn alış-verişə təşviq etsə də, “ən yaxşı üsul dədə-baba üsuludur, məhsula yerində baxıb, alacaqsan” deyənlər öz fikirlərində qalmaqdadırlar. Çünki həmin adamlar onlayn alış-verişə etibar etmirlər. Düşünürlər ki, belə alış-verişdən sonra problem yaranarsa, həlli daha qəlizdir. Nə kiməsə nəyisə sübut edə, nə də hüquqlarını qoruya bilərlər. Buna görə də çıxış yolunu tamamilə imtina etməkdə görürlər.

Lakin onlayn alış-verişə üz tutan, üstün tərəflərindən kifayət qədər faydalanan insanlar da az deyil. Bəs necə edək ki, onlayn alış-veriş zamanı aldanmayaq, bu hal baş verdikdə hüquqlarımızı qoruya bilək? Yazımızda bu suala cavab tapa biləcəksiniz. İlk olaraq isə onlayn alış-verişdən “ağzı yanan” istehlakçılardan birinin şikayətini təqdim edirik.

“Karaca Azərbaycan”-dan şikayətçi Azər Sarıoğlu AYNA-ya şikayətini belə ifadə edib: ““Karaca Azərbaycan” yeni fırıldağa əl atıb. Təsəvvür edin, səhifələrində malı görüb sifariş edirsən, kuryerləri qapıya gətirəndə, baxırsan ki, görünüşü şəkildə göründüyündən tamamilə fərqlidir. Deyəndə ki, istəmirəm, kuryer cavab verir ki, “narahat olmayın, bayram tətilindən sonra zəng edib dəyişərsiniz”. Tətildən sonra da zəng edəndə, cavab verirlər ki, “onlayn alınan mal dəyişdirilmir, qaytarılmır”. Yenə izah edirsən ki, Azərbaycanın müvafiq qanunvericiliyində elə bir norma yoxdur, sizin tətbiq etdiyiniz normalar istehlakçıların hüquqlarının pozulmasıdır, yenə xeyiri yoxdur. Bunun adı fırıldaqdır, istehlakçının etibarından sui-istifadə etməkdir, dələduzluqdur”.

Şikayətçinin sözlərinə görə, belə hal təkcə, “Karaca Azərbaycan” ilə bağlı baş vermir: “Belə işlərlə məşğul olan başqa şirkətlər də var. Məncə, İqtisadiyyat Nazirliyi və hüquq-mühafizə orqanları belə halları ciddi nəzartə götürməlidir. Pandemiya dövründə alış-verişin əsasən internet üzərindən həyata keçirildiyini nəzərə alsaq, belə halların nəzarətə götürülməsinin vacibliyini başa düşə bilərik. Şirkətin istehlakçılarıla bu cür davranması, Azərbaycan qanunlarını vecinə almaması, öz işçilərinin xidməti məsuliyyətsizliyini bölüşməməsi cəzasız qalarsa, vətəndaşı da ciddi narazılıq yaradan bu cür fırıldaqların miqyası böyüyə bilər”.

A.Sarıoğlu bildirib ki, “Karaca Azərbaycan”-dan Yeganə Hacıyeva adına yemək və içki dəsti sifariş ediblər. Sifariş 19 martda çatdırılıb. Məhsulu yerindəcə dəyişmək istəsələr də kuryer deyib ki, narahat olmayın bayramdan sonra dəyişərsiniz. 23 martda “Karaca Azərbaycan”-a bir dəfə müraciət ediblər, baş ofislə əlaqə saxlayıblar, lakin cavab eyni olub: “Onlayn alınan məhsullar dəyişdirilmir və qaytarılmır”.

Şikayətlə bağlı “Karaca Azərbaycan” ilə əlaqə saxladıq. Onlayn satış ofisindən Fidan Əliyeva adlı əməkdaşın AYNA-ya dediyinə görə, onlarda onlayn satış zamanı dəyişdirmə və qaytarma olmur: “Bizdə göndərilən sənəddə qeyd olunur ki, kuryerin yanında məhsul yoxlanılır və daha sonra təhvil götürülür. Kuryerin yanında yoxlanılarkən sifarişçi bəyənməzsə, bu halda məhsul dəyişdirilə və qaytarıla bilər. Yox, əgər məhsul sifarişçiyə təhvil olunduqdan bir neçə gün sonra məhsulu dəyişdirmək və ya qaytarmaq istəsə, bu, mümkün deyil”.

Yazı yayımlanmağa hazırlaşarkən, F.Əliyeva redaksiyamızla əlaqə saxlayaraq, yuxarıda sözügedən şikayəti araşdıracaqlarını bildirib.

Qeyd edək ki, sosial mediadan şikayətlərini ifadə edən bir çox istehlakçının narazılığına görə, onlayn alış-veriş zamanı sifariş edilən məhsulun dəyişdirilməsi və qaytarılması zamanı problem yaşanması elə də nadirən baş verən hal deyil.

Mövzunu AYNA-ya şərh edən Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov da təsdiqləyib ki, bu cür narazılıqlar pandemiya dövründə daha geniş vüsət alıb: “Ölkədə onlayn satışla bağlı ciddi problem yaşanır. Bu, pandemiya dönəmində daha da geniş vüsət alıb. Təəssüf ki, standartlara uyğun olmayan malların istehlakçılara satılması halları çox olur. Bizə daxil olan şikayətləri təhlil edərkən görürük ki, həm xaricdən, həm də ölkə daxilində onlayn satış zamanı istehlakçıların hüquqları pozulur”.

AİB sədrinin dediyinə görə, ciddi problemlərdən biri sifariş çatdırılan zaman istehlakçıya kassa çekinin verilməməsidir: “Ciddi problemlərdən biri sifariş edilmiş malın sifarişçiyə harada gəldi, təhvil verilməsidir. Məsələn, metro çıxışlarında, binaların qarşısında və s. Azərbaycanda birmənalı şəkildə bu cür çatdırmalar zamanı istehlakçıya kassa çeki verilmir. Burada da vergidən yayınma, istehlakçı hüquqlarının pozulması halları var”.

Hüseynov əlavə edib ki, “onlayn satış zamanı məhsul dəyişdirilmir və qaytarılmır” fikri yanlışdır: “Bu, qanunlara ziddir. İstehlakçının onlayn ticarət zamanı da malı dəyişmək və tələbini ödəmirsə, qaytarmaq hüququ vardır”.

“Ölkədə on ildən artıqdır ki, “Elektron ticarət haqqında” qanun mövcuddur. Bu qanunun tələblərinə görə, istehlakçı malı on dörd gün ərzində dəyişə və qaytara bilər. Bu isə çox az müddətdir. Biz istəyirik ki, qanunda dəyişiklik olsun və on dörd gün bir aya yaxın müddətə çatdırılsın”, – deyə Eyyub Hüseynov söyləyib.

Mütəxəssis istehlakçılara tövsiyə edib ki, verdikləri pulun müqabilində kassa çeki və yaxud da üzərində VÖEN, Azərbaycan Respublikasının Gerbi olan kassa mədaxil orderi alsınlar, əks halda malı qəbul etməsinlər: “Bir tək satıcının nömrəsi məlum olan təsadüfi yerlərdən mal almasınlar. Həmçinin mal alarkən kassa çeki tələb etsinlər. Əks halda biz istehlakçıların hüquqlarını müdafiə edə bilmirik. Ən azından malı gətirən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini saxlasınlar”.

Problemlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığımız sorğuya isə belə bir cavab aldıq:
“Malın hansı qaydada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyə ciddi əməl etmək lazımdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, fasonuna, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı uyğun mala dəyişdirmək hüququna malikdir.

Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçının dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək hüququ var. Bu zaman mal istifadə olunmamalı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin kassa qəbzi və ya mal ilə birlikdə verilən digər sənədlər satıcıya təqdim olunmalıdır.

Bundan əlavə, istehlakçı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, həmçinin satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi nəticəsində istehlakçı lazımi xassələrə malik olmayan mal (iş, xidmət) alıbsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada malın qaytarılmasını və ya dəyişdirilməsini tələb etmək hüququna malikdir.

İstehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, [email protected] elektron poçt və ya 498-15-01, 498-15-04 “Qaynar Xətt” nömrələri vasitəsilə müraciət edə bilərlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir