Zirveyolu.info.Vətən müharibəsində iştirakçısı “Laçın uğrunda” medalı ilə təltif olunmuş Rəşad Həsənovla müsahibəni təqdim edir.
-Rəşad bəy döyüşə könüllü qatılmışdız?
Xeyr, Uşaqlıqdan arzum olub, gedib qisasımızı alaq. Həmişə bu arzu ilə yaşamışam. Lakin əsgərlikdə artileriyaçı olduğuma görə, sentyabr ayının 28-i mənə çağırış gəldi. Xəstə yaxını həkimdən şad xəbər gözləyən kimi gözləyirdim bu çağırışı. Vətən bizi səsləyirdi. Vətənin səsinə səs vermək məqamı idi. Tərəddüd etmədən, içimdə tüğyan edən intiqam, qisas hissi ilə birgə yollandım cəbhəyə. Bəli, cəbhəyə yolum 28 sentyabrda başladı və 28 dekabrda təxris olundum.
-Hansı istiqamətdə döyüşlərdə iştirak etdiz?
Laçın istiqamətində döyüşlərdə iştirak etdim. Laçın uğrunda medalı ilə təltif olundum.
-Uşaqlıqdan cənnətlə adı birgə çəkilən torpaqlarmıza ayaq basdıqda, hansı hissləri keçirdiniz?
Bu hissləri sözlə ifadə etməkdə o qədər çətinlik çəkirəm ki. Necə izhar edim o hissləri. İnanın, sözlər, cümlələr acizdir o hissləri bəyan etməkdə. Həmin an düşünürdüm ki, dünyada
“xoşbəxtlik “deyilən həyat termini elə budur.Sevinc , fərəh, kədər qarışıq hisslər yaşayırdım. Ən əsası intiqam hissi! Laçın torpağına ayaq basdıqda, əmin oldum ki, cənnət elə bu dunyadadır. Nə qədər dağıdılmış,olsa da, cənnət ətri gəlirdi havasından, hər daşından. Sanki daşlar, qayalar dil açıb danışırdı, yağan yağışın səsində belə azadlıq müjdəsini eşidirdim. Otuz ildir düşmən tapdalayan torpaqda ilk dəfə doğma addımlar irəlilədi. Məhrəm nəfəs toqquşdu havası ilə.
Qurur hiss edirdim, otuz il əvvəl o torpaqlar uğrunda can verənlərin, qanları o torpaqlara qarışıb, o torpaqları məkkə torpaqları qədər müqəddəs edənlərin intiqamını almışdıq.
-Müharibəyə gedən şəxs ölümü hər an onu təqib etdiyini anlayır. Siz ölüm təqibindən qorxmurduz?
-Müqəddəs kitabımızdada yazılıb, ölüm şərbətini hər kəs dadacaq. Kimi tez, kimi gec. Şəhidlər isə ölməzliyə ucalır. Tanrı qarşısındada, insanlar yanındada məramı ucadır şəhidliyin. Elə şərəfli ölüm də hər kəsə qismət olmur. Mənə böyük şərəf olardı şəhidlik zirvəsinə ucalmaq. Qismət olmadı!
-Cəbhəyə yollanarkən təbii ki arzularla, məqsədlə yollanmışdız. Arzu və məqsədlərinizi cəbhədə həyata keçirə bildiz?
Bəli, doğru vurğuladız. Cəbhə bölgəsinə çatana qədər, hətta təxris olunduğum gün belə ürəyim bir arzu ilə çırpınırdı. Əllərim düşmən qanı ilə yuyulsun, o vaxt ürəyim sakitlik tapardı. Hər an gözlərim önünə fəryad edən analar, başı kəsilən körpələr, qarnı yarılan hamilələr, təpiklə
döyülən ahıllar gəlirdi. Başımdan duman qalxırdı. Rəhm hissimi itirirdim. Gözlərim önündə hər dəqiqə qəhraman qardaşlarım şəhidlik zirvəsinə yüksəlirdi.
Mən topçu olduğuma görə müəyyən yerlərdə dayanmalı olurdum, əsas məqsəd onların tanklarını vurmaq idi. Ona görə, üzbəüz vuruşa bilmədim.
-Ailəniz necə qarşıladı cəbhəyə getməyinizi?
Ilk eşidəndə anam çox bikef oldu. Bilirsiz ki, Azərbaycan xanımlarının ən zəif nöqtəsi övladdır. Lakin sonra mənə dedi ki, “Oğul, erməni balalarının nə qədər ki qığıltısı, iniltisi o torpaqlarda gələcək, qanına qaltan edilmiş körpələrimizin ruhu bizi bağışlamaz” Halallıq aldım anamdan.
-Yəqin gözləriniz önündə şəhid olan, yaralanan yoldaşlarınız oldu, həmin anı necə təsvir edərsiz?
Təbii, həmin an özümüzü itirmirdik, yaralılarımıza hər təhlükəni gözə alıb yardım edirdik. Yaralı əsgərlərimiz belə qanları axa- axa döyüşü davam etdirirdilər. Şəhid olan qardaşlarımızın cənazəsini ailələrinə çatdırmaq da Vətəni xilas etmək qədər önəmli idi.
-Nə deyirdilər, son sözləri nə olurdu şəhidlik zirvəsinə yüksələndə?
Vətəni əmanət edirdilər, torpağı əmanət edirdilər.Ölümün gözünə dik baxırdılar. Sızıldamırdılar, inildəmirdilər. Ölümü də başıuca qarşılayırdılar. “Geri çəkilməyin” “bu qisası övladlarımıza qoya bilmərik” söyləyirdilər. Təəssüflənmirdilər, bu yola başladıqda artıq canlarını vətənə qurban demişdilər.
-Bizimkilərin döyüş ruhu, ermənilərin döyüş ruhu müqayisə edə bilərsiz.
Müqayisəyə gəlməz! İnsan dərk edəndə ki, bu, ona aiddir, heçnə yolunu kəsə bilmir. Nəyin bahasına olursa, olsun, İstədiyinə nail olmaq istəyirsən. Ermənilər anlayırdılar ki, onlara aid olmayan, heç vaxt onların olmayan ərazi uğrunda vuruşurlar. Döyüş əzmləri çox aşağı idi. Fərrarilik halları mediadanda izlədiyimiz kimi həddindən artıq çox idi. Geri çəkilirdilər. Ölmək istəmirdilər. El arasında bir söz var “Qanı ara yerində batmaq” anlayırdılar ki, qanları ara yerində batacaq. Onu da anlayırdılar ki, Azərbaycan ordusunun qarşısında heç vaxt tab gətirə bilməzlər. Türkün qüdrətinin şahidi olurdular. Erməni uşaqlarına körpəlikdən danışılan nağıllarda Türk vahiməsi var. Vahimələri əllərini əsdirir, taqətlərini kəsirdi. Ağ bayraq qaldırıb təslim olurdular. Bizimkiləri rütbəsindən asılı olmayaraq hamı səfərbər olmuşdu, hamını bir amal birləşdirirdi, torpaqlarımızı azad etmək.
-Rəşad bəy, müharibəyə qədər biz xalqımızın bəzi xüsusiyyətlərinə tam bələd deyildik. 44 günlük vətən müharibəsi xalqımızı təkcə bizə yox, dünyaya sübut etdi. Siz hansı xüsüsiyyətlərini kəşf etdiz bu xalqın?
Bəli, biz də belə bir düşüncə formalaşmışdı ki, birləşməyi, yumruq olmağı bacarmırıq. Lakin 44 gün bizə sübüt etdi ki, səhv düşüncə ilə yaşamışıq. Xalq bir olmağa, yumruq olmağa qadir xalqdır. Mən xalqımın mərdliyinə, birliyinə, mübarizliyinə şahid oldum. Ən imkanlısından ən kasıbına qədər orduya maddi dəstək göstərdi. Qarabağ hamının qəlbində qubar, nalə idi. Həsrətə son qoymaq üçün uşaqdan böyüyə hamı səfərbər idi. 44 günlük müharibə Azərbaycan tarixinin qəhrəmanlıq eposudur.
-Ordumuz daxilində neqativ vəziyyətlərə, xoşagəlməz hallara rast gəldiz?
Belə bir deyim var: “Meşə çaqqalsız olmaz” mən indi desəm, bircə dəfə də xoşagəlməz vəziyyət yaşanmadı, heç kim mənim səmimiyyətimə inanmaz. Bəli, oldu. Zabitlər tərəfindən bəzən haqqsızlıqlar gördük.
-Nə kimi haqqsızlıqlar?
Məsələn, orduya dəstək olmaq üçün xalq göndərdiyi siqaretin, yeməyin bizə çox az qisminin çatması kimi. Belə hallarla rastlaşdım, düzdü, bu,hallar psixologiyamıza pis təsir edirdi, ruh düşkünlüyü yaşayırdıq. Lakin xalqın dayanmadan dəstəyi, birliyi bizi məqsədimizdən yayındırmadı.
-Zəfər xəbərini eşidəndə hansı hissləri keçirdiz?
Hamımız sevinc qarışıq təəssüf hissi ilə qarşıladıq xəbəri. Torpaqlarımızın azad olduğuna sevinirdik. İllər uzunu bu xəbəri eşitmək həsrətilə yaşamışıq. Ancaq biz müharibəni davam etdirmək, hər damla qanımıza qan almaq istəyirdik. Əsrlər boyu axıdılan qanların qisasını almaq arzulayırdıq. Durmadan irəliləyirdik. Əsas odur, torpaqlarımız azaddır! Uşaqlarımız cənnət Qarabağımız haqqında kitablardan oxumaqla kifayətlənməyəcək. O torpaqların neməti ilə böyüyəcək.
Elida Muxayeva
Zirveyolu.info