Manşet

“Azəriqaz”ın baş direktoru uşaq evinin məzununu niyə işdən azad edib? – “Ruslan Əliyev bu cür əməlləriylə…”

Bugünlərdə redaksiyamıza müraciət edən Zair Sübhan oğlu Mirzəyev SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-red.) nəzdində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tərəfindən əsassız yerə işdən azad edildiyini, müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz olunduğunu qeyd etdi.

“Bir müddət işlədikdən sonra müqaviləm müddətsiz olduğu halda, mənə izah etmədən müqaviləmi müddətli ediblər”

27.04.1990-cı il tarixdə Lənkəran şəhərində anadan olduğunu deyən şikayətçi bildirdi ki, o, 1994-cü ildən 2007-ci ilə qədər Bakı şəhəri, Xətai rayonu 3 saylı Uşaq Evində böyüyüb. Uşaq Evini bitirdikdən sonra hərbi xidmətə yollandığını vurğulayan Zair Mirzəyevin sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra bir çox yerdə çalışıb, 2016-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə SOCAR-a qəbul olunub: “6 ay qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsini oxudum. Bundan sonra 13 fevral 2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri kimi işə qəbul olundum. Həmin tarixdən 15 fevral 2021-ci ilə qədər “Azəriqaz” İstehsalat Birliyində baş verən qanunsuzluqlara göz yummadığım üçün xidməti müqaviləmə xitam verilib. Bildirim ki, bir müddət işlədikdən sonra əmək müqaviləm müvəqqəti müqavilə ilə əvəz olundu. Belə ki, müqaviləm müddətsiz olduğu halda, mənə izah etmədən müqaviləmi müddətli ediblər. Onu da qeyd edim ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev uşaq evinin məzunu olduğuma görə Heydər Əliyev Fonduna sorğu göndərmədən xidməti müqaviləmə xitam verib. Bu da onu sübut edir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu cür əməlləriylə Mehriban xanım Əliyevanın siyasətinə kölgə salmağa çalışır. Həmçinin, bu, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin kobud surətdə pozulması deməkdir. Orada göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətli müəyyən edilmədən bağlanmalıdır”.

“Bakı Regional Qaz İstismarı Departamentinin keçmiş, Bakı Regional Qazın Satışı Departamentinin isə hazırkı rəisi Zamin Mehrəliyevin mənimlə şəxsi-qərəzliyi var”

Üzləşdiyi problemlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etdiyini bildirən şikayətçi qeyd edib ki, iş hakim Əminə Abbasovanın icraatında olub və məhkəmə onun xeyrinə qərar qəbul edib: “Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nərimanov, Nizami, Suraxanı, Xəzər və Mərkəzi (Səbail, Nəsimi və Yasamal) rayonları üzrə qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingərinin peşə təlimatının 2.3 və 2.5-ci bəndində göstərilir ki, qaz kəmərlərinə qeyri-qanuni qoşulmalar və hər hansı müdaxilənin olmasına yol verməmək, aşkar edildiyi halda dərhal müvafiq tədbir görmək və xidmət rəhbərliyinə məlumat vermək lazımdır. Mən də aşkarladığım qeyri-qanuni qoşulma ilə bağlı rəhbərliyə məlumat vermişəm. Qeyd edim ki, qaz xəttinə qanunsuz qoşulmanı Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi 49 ünvanında yerləşən Cümə Məscidində aşkarlamışam. Bununla bağlı rəhbərliyə – Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Zamin Qurban oğlu Mehrəliyevə məlumat verdim. O isə öz növbəsində, bu barədə Bakı Regional Qazın Satış Departamentinin rəisi Zehin Rəsulova bildirdi. Nəzərinizə çatdırım ki, hazırda Zamin Mehrəliyev Bakı Regional Qazın Satışı Departamentinin rəisi, Zehin Rəsulov isə Metrologiya Departamentinin rəisi vəzifəsində çalışır. Onlar Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən sözügedən məscidə 98773,65 manat cərimə yazdılar. Onu da əlavə edib ki, Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın icraatında olan məhkəmə işi bitmədən mənim xidməti müqaviləmə xitam verdilər. Bu da onu göstərir ki, Zamin Mehrəliyevin mənimlə şəxsi-qərəzliyi var”.

“Rəhbərliyə dəfələrlə demişəm ki, mən qaz kəmərlərinə qeyri-qanuni qoşulmaları aşkar edirəm, siz də cərimə yazırsınız, lakin bu cür qanunsuz qoşulmaları edən şəxslərlə bağlı heç bir tədbir görülmür”

Cümə Məscidinə yazılan cərimənin hələ də sistemdə qaldığını iddia edən Zair Mirzəyevin sözlərinə görə, o, qaz kəmərlərinə qeyri-qanuni qoşulmalar aşkar etdikdə “Azəriqaz” rəhbərliyi həmin obyektlərə cərimələr tətbiq etsə də, bu cür qanunsuzluqlara şərait yaradan və ya göz yuman əməkdaşlar barəsində heç bir tədbir görmür: “Rəhbərliyə dəfələrlə demişəm ki, mən qaz kəmərlərinə qeyri-qanuni qoşulmaları aşkar edirəm, siz də cərimə yazırsınız, lakin bu cür qanunsuz qoşulmaları edən şəxslərlə bağlı heç bir tədbir görülmür. Bir neçə dəfə bunun səbəbini soruşmuşam. 27 fevral 2021-ci ildə bu barədə SOCAR-a ərizə yazmışam. Orada qeyd etmişəm ki, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi 49 ünvanında yerləşən Cümə Məscidi Dini İcması abonent kodu 100601704900000, nömrəsi 1702AZ1130117113962 olan G-4 tipli smart sayğacda 98773,65 manat borcun ödənilib-ödənilməməsi ilə bağlı mənə məlumat verməyinizi xahiş edirəm. SOCARA ünvanladığım bu məktuba 16 mart 2021-ci il tarixdə “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Mehralı Quliyev tərəfindən cavab verilib. Məktubda deyilir ki, Cümə Məscidinin hesab kodunda olan 98773,65 manat debitor borc ödənilməmişdir. Bu isə o deməkdir ki, 2018-ci ildə yazılan cərimə düz 3 ildir ki, ödənilmir. Görəsən, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin nə marağı var ki, 3 il ərzində qeyd olunan cəriməni ödətdirmir?! Nazirlər Kabinetinin 80 saylı qərarının 6.1.4-cü bəndində göstərilir ki, borc olduqda vətəndaşa xəbərdarlıq edilir, borcun bir qismini ödədikdən sonra vətəndaş bu barədə ya rəsmi qaydada “Azəriqaz”a müraciət edir, ya da qazla təmin olunması üçün ümumi təmizlik haqqında arayış alır. Buna baxmayaraq, sözügedən borc indiyədək ödənilməyib”.

“Əmək Məcəlləsinə əsasən mənim əmək müqaviləmə bir maddə ilə xitam verilə bilərdi, lakin “Azəriqaz” rəhbərliyi iki maddə ilə xitam verib və bu da qanuna ziddir”

Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri kimi çalışdığı müddət ərzində qanuna zidd heç bir hərəkət etmədiyini vurğulayan şikayətçi qeyd etdi ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin iki maddəsiylə, yəni 68-ci maddənin 1-ci hissəsinin “b” bəndi və 73-cü maddənin 1-ci hissəsiylə xitam verilməsi qanunauyğun deyil: “Çünki Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Bu barədə Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının icraatında olan prosesdə məsələ qaldırdım. Qeyd etdim ki, Əmək Məcəlləsinə əsasən mənim əmək müqaviləmə bir maddə ilə xitam verilə bilərdi, lakin “Azəriqaz” rəhbərliyi iki maddə ilə xitam verib və bu da qanuna ziddir. Həmçinin, onu da nəzərinizə çatdırım ki, Əmək Məcəlləsinin 68-ci maddənin 1-ci hissəsinin “b” bəndi yoxdur. Yalnız 2-ci hissənin “b” bəndi mövcuddur. “Azəriqaz” rəhbərliyi isə buna əhəmiyyət vermədən Əmək Məcəlləsinin 68-ci maddənin 1-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləmə xitam veriblər. Məhz bu da açıq-aşkar qanun pozuntusudur. Lakin hakim Pərviz Zamanlı bütün bunlara rəğmən, “Azəriqaz”ın xeyrinə qərar qəbul edib”.

Sonda bildirək ki, Xətai rayonu 3 saylı Uşaq Evinin məzunu Zair Mirzəyev qəzetimiz vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, ondan üzləşdiyi problemin həllində yardımçı olmasını xahiş edir.

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir