Manşet

Milli musiqi sənətimizdə silinməz iz qoymuş görkəmli bəstəkar Asəf Zeynallının doğum günüdür

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun sinfini bitirmişdir. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Hətta Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Asəf Zeynallı çox qısa bir ömür yaşayıb – cəmi 23 il, buna baxmayaraq o, gənc yaşında öz xidməti ilə adını musiqi sənəti tariximizə əbədi həkk etmiş sənətkarlardandır. O, parlaq istedadı, musiqi sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq enerjisi sayəsində 23 illik ömrü və 7 illik yaradıcılığı ərzində başqalarının on illərlə görə bilmədiyi işləri görmüş, özündən sonra əsrlərin sınağından şərəflə çıxan, hər zaman gənclik təravətini və sənət dəyərini saxlayan çox qiymətli bir irs qoyub getmişdir.

Asəf Zeynallı Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Hətta o, Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. “İbtidai not savadı” adlı dərslik də tərtib etmişdir.

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, H. Nəzərli və S. Rüstəmin “Yanğın”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmişdir. Həmçinin o, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur. Çünki onun bu “Ölkəm” romansının adı çoxdan musiqi sənətimizin qızıl fonduna düşmüşdü, elə bu əsər kifayət edərdi ki, Asəf Zeynallı xalq tərəfindən daim sevilsin, xatırlansın və bir sözlə əbədi ürəklərdə yaşasın. Lakin o, musiqi tarixinə sənətkarlıq baxımından “Ölkəm”dən heç də geri qalmayan, onun kimi çox sevilən və ifaçıların repertuarından düşməyən gözəl romanslar, mahnılar, kamera-instrumental və simfonik əsərlər bəxş etmişdir. Asəf Zeynallı öz yaradıcılığında Qərb musiqisinin formalarını və janrlarını Azərbaycan xalq musiqisinin ifadə vasitələri ilə əlaqələndirmiş, onların uğurlu sintezinə nail olmuş, beləliklə, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev ilə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini qoymuşdur. Məhz bu baxımdan dahi

bəstəkarımız Üzeyir bəy Hacıbəyov Asəf Zeynallının yaradıcılığını yüksək qiymətləndirərək onun gələcəkdə daha böyük sənət nailiyyətləri qazana biləcəyini vurğulamışdır: “Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, gələcəkdə, o, olduqca böyük, orijinal və daha dərin düşüncəli bir bəstəkar ola bilərdi”.

Asəf Zeynallı çox gənc yaşında olsa da daim yaradıcılığına davam edən bir sənətkar idi. Elə məhz bu məqsədlə də Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən sanki ölümünün yaxınlaşdığını hiss edərək, otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Lakin çox təəssüflər olsun ki, onun son vəsiyyəti yerinə yetirilmir.

Beləcə, Asəf Zeynallı 1932-ci il 27 oktyabr yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır və amansız xəstəlikdən vəfat etmişdir.

Bu gün Asəf Zeynallının adını əbədiləşdirmək üçün Bakı Musiqi Kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.

İmza: Müxbir Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir