“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) işbaz, pulgir, büdcəgir, məddah, yalançı, qanun və məsuliyyət tanımayan alim-akademiklərin fəaliyyəti sayəsində elmin inkişafında buxova çevrilib. Dövlət büdcəsindən ayırmaları, böyük qrant layihələrini artıq bu quruma etibar etmək olmaz”.
Bunu Bakivaxti.az-a açıqlamasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar başlanılmış cinayət işinə münasibət bildirərkən AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov bildirib.
Alim bildirib ki, AMEA-nın problemlərini saymaqla bitib-tükənən deyil: “Bu qurumda akademik məsuliyyətsizlik pik həddə çatıb. Ölkədəki total rüşvətin, korrupsiyanın, mənəviyyatsızlığın, laqeydliyin, qarşılıqlı kinin, nifrətin qarşısını almaq istəyiriksə, ilk olaraq elm və təhsil müəssisələrində təmsil olunan, vəzifəsindən sui-istifadə edib dövləti və xalqı girinc edən alim və akademiklərdən, “həzrət” institut direktorlarından, “əlahəzrət” rektorlardan, övladlarımıza “dərs” deyən rüşvətxor, fırıldaqçı direktorlardan, ələbaxımlığa, gözüqıpıqlığa vərdiş etmiş müəllimlərdən başlamaq lazımdır.
Əksər sahələrdə olduğu kimi, dövlət vəsaitinin göyə sovrulduğu, elmin məhv edildiyi AMEA-nın rəhbərliyi və institutları haqqında ciddi qanuni ölçülər götürülməsi vaxtı çoxdan gəlib çatıb”.
İ.Abbasov qeyd edib ki, dövlətin milyonları talanır, ayrılan pullar aidiyyəti üzrə xərclənmir, həmin pullar ayrı-ayrı vəzifəli alimlərin, akademiklərin, direktorların cibinə gedir, dəstəbaşçısının və aparıcı dəstə üzvlərin reklamına sərf olunur: “Əyri yollarla varlanmış həmin “ağıllı”, “çoxbilmiş” alimlər və onların övladları asanlıqla hətta dövlət idarəçiliyinə yol tapır, yerlərini möhkəmləndirdikdən sonra mülkədara çevrilir, dövlətə arxadan zərbə endirirlər.
Bu gün tüfeyli alim dəstəsi, xüsusən, qanuna məhəl qoymayan AMEA Rəyasət Heyətinin əksər üzvləri, ayrı-ayrı direktorlar, onların əlaltıları və onlara “ləbbeyk” deyən işbazlar elmin tabutu üzərində özlərinə gün-güzəran qurur, eyş-işrət içərisində laübalı həyat sürürlər. Dövlət maraqları mələk libaslı bu alim şəbəkəsinin timsalında ayaqlar altına salınır, ölkə uçuruma sürüklənir, xalq, dövlət və rəhbər birliyi sarsılır. Təsəvvür edin, dövlət resursları hesabına əyri yollarla varlanmış və harınlamış bu alimlər xalqı və onlara maaş verən dövləti ələ salırlar”.
Professorun sözlərinə görə, bu gün az qala, bütün ölkə mətbuatı həyəcanla yazır ki, AMEA-da yoxlamalar zamanı cinayət tərkibli əlamətlər aşkarlanıb: “AMEA saytı isə heç nə olmamış kimi, sinxron olaraq “mühüm məsələ” kimi boş-boş vəzifə pay-puşlarından, direktorun baş direktor keçməsindən, yubileylərdən, gözə kül üfürmək və elm təəssübkeşi obrazı yaratmaq məqsədilə tərkibində “Web of Science”, “Scopus”, “elmmetrik” və s. kimi adların keçdiyi fəsahət dolu mədhiyyələrdən yazır. Onların niyyətindən xəbərsiz olanlar elə sanırlar ki, bu zatlar həqiqətən elmin inkişafı ilə məşğuldurlar. Halbuki dedikləri ilə əməlləri arasında dərin bir uçurum vardır.
Dövlətin ayırdığı milyonların axırına çıxan qurum, görəsən, fəsahətli üslubda elmi inkişafdan danışmaqla kimi aldadır?!
Niyə dövlət əhəmiyyətli problemlər bir kənarda qalır? Niyə institutlarda dövlət büdcəsindən mənimsəmələrin qarşısını almaq barəsində düşünmürlər? Niyə milli-mənəvi abidələrin nəşrinə pul ayırmadıqları halda, saxta əsərlərə milyonlar silib ciblərinə qoyurlar?
Nəyə görə Prezidentin Sərəncamı ilə dilçiliyin inkişafı üçün AMEA-ya ayrılan 2 milyon manat vəsaitin və son illərdə ayrılmış yüz minlərlə qrantın taleyi qaranlıq qalır? Niyə dövlət atributuna – ana dilinə edilən təhqirlərə pul xərclənir? Suallar çoxdur, cavab isə yoxdur!
Bütün fəaliyyətləri gözə kül üfürmək və daha çox pul mənimsəməkdir.
AMEA-da vəziyyət düşündüyümüzdən daha çox ağırdır. Buna mən “sakit ölüm” də deyərdim. Əlbəttə, ziyanını illər sonra görəcəyik. Mən hələ pul müqabilində kütləvi elmsizləşdirmədən danışmıram.
Akademiklər ölkəni kritik duruma salıblar. İşbazlar dəstəsi üçün dövlət maraqları və elm təəssübkeşliyi illüziyadan başqa bir şey deyil. Soruşan yoxdur ki, ay akademik, ay professor, axı sənin aldığın maaş malik olduğun əmlakla qeyri-mütənasibdir. Haradandır bu qədər var-dövlət?
Ey akademk-alimlər! Səngərdə canını qurban vermiş minlərlə Vətən övladının, qanunsuz və məhkəməsiz işgəncələrə məruz qalmış günahsız əsgər və zabit ailələrinin, anaların, bacıların, övlad və uşaqların axan göz yaşlarının, ana fəryadlarının, məsum körpələrin çığırtılarının sizə heçmi dəxli yoxdur? Sizin ürəyiniz daşdandırmı? İmdad diləyən xalqın haqqını mənimsəməyə necə qıyırsınız? Szin dininiz, Allahınız heçmi yoxdur?!
AMEA-nın saytı Hesablama Palatasının yoxlamalarından, 10 milyon dörd yüz min manat pulun taleyindən bir kəlmə də yazmır. Onlara, əlbəttə, belə “lazımsız” məlumatlar lazım deyil. Əksinə, gurultulu təriflər, təntənəli reklamlar saytın baş yazısına çevrilib. Çünki onlar bu məkana əsəblərini qorumaq, ömürlərini uzatmaq, kef-damaq sürmək, xalqın və dövlətin taleyi ilə məzələnmək üçün gəliblər. Bəli, məhz məzələnmək üçün!!! Zehni potensialları çökdüyündən ömrün eyforiya çağında 40 il əvvəlki nəverim məqalələrini dövlət resursları və xalqın saf övladları hesabına hərdən təkrar-təkrar nəşr etdirir, səmalarda süzür, bəzən peyğəmbər olduqlarına özlərini inandırırlar. Gənc nəsil isə onların üzündən Əzraillə can çəkişir, ölkədən küsür, yadalara sığınır və beləliklə, ölkə zəifləyir, total tənəzzül başlayır.
Mən konkret olaraq AMEA-nın Dilçilik İnstitutundakı dövlət vəsaitinin mənimsənilməsindən, qanusuzluqlardan vaxtaşırı yazmış və adlarını çəkərək aidiyyəti şəxslərin cavab verməsini istəmişəm. Təəssüf ki, indiyədək, mənə qarşı təhdiddən başqa, heç bir nəticəsi olmayıb.
Vəziyyəti kritik edən və şübhələrə yol açan daha bir məqam mənimsəmədə əli olan konkret şəxslərin cəzalandırlmamasıdır. Onlar bu cəzasızlıqdan sui-istifadə edib, özlərinə haqq qazandırır, məsuliyyəti daha yuxarı instansiyanın üstünə atır və xalqın nifrətini onlara doğru yönəldirlər. Bu mənada şəbəkələşmiş akademik mühit dövlətin içində ədavət toxumu səpən dağıdıcı bir qüvvədir.
Milyonları yoxa çıxaran alim-akademiklər etdikləri cinayətlərin qarşısında cəza görməyincə, xalqın, əlbəttə, daha yuxarı instansiyadan şübhələnməsi labüddür. Ədalətli cəzanın tətbiqi problemlərin həllinin başlanğıcı olacaq”.