Manşet

Mən sənsiz ölərəm

 

Dünən avtobus dayanacaqda saxladı və yaşı yetmişdən yuxarı olan iki qoca avtobusa yaxınlaşdı. Yaxınlaşdıqca kişinin səsini daha aydın eşitməyə başladım, avtobusdakılardan yardım istəyirdi ki, xanıma yardım etsinlər avtobusa qalxmaq üçün. Kişi deyirdi ki, ehtiyatlı olun, xanımın gözləri görmür, Dünya işığından məhrumdur. Gənc bir qız avtobusun qapısına yaxınlaşıb, qocanın əlindən tutdu , onu avtobusa qaldırdı. Kişi isə arxada “ehtiyatlı olun” “yavaş” deyə, qıza göstəriş verirdi.Belə başa düşdüm ki, onlar ər-arvad idi. Onlar avtobusa daxil olduqda, iki orta yaşlı insan ayağa durub yerlərini verdilər. Mən onlarla yan-yana oturacaqlarda əyləşmişdim. Elə bu zaman düşünürdüm ki, ilahi, necə qayğıkeş, mehriban, sədaqətli insanlar var. Necə qoruyur xanımı. Təsadüfən gözlərim xanıma sataşdı.Başladım xanımı başdan-ayağa süzməyə. Baxışlarım qadının üzərində gəzdikcə, ürəyim sızıldamağa başladı. Üst -başı tökülüb itən, ayağında köhnə rezin başmaq olan qadın necə möhkəm yapışmışdı kişinin əllərindən. Bir qədər də diqqət etdikdə, aydın oldu ki, xanımın qolunun biri də işləmir. Bir əli iflic vəziyyətində yanındaydı. Xanım gözü görmədiyindən, ətrafdakıları görmür ucadan danışırdı. İstəmədən söhbətlərinə qulaq müsafiri oldum.

Kişi qadına təskinlik verərək, deyirdi, hər şey yaxşı olacaq, gözü görməyən tək sən deyilsən, gördün, o gün nə qədər dünya işiğından məhrum olan insanlar, hətta cavan uşaqlar gəlmişdi. Həyatdı yaşayırıq, heç nədən sığortalanmamışıq. Səbrli, təmkinli olmaq lazımdır. Nəhayət, bayaqdan kişini dinləyən xanım başladı uca səslə cavab verməyə. “Mən hər şeyə dözürəm, korluğa da, əlilliyə də, bircə şeyə dözmürəm, sənin vəziyyətimi başıma qaxmağına, mənə kor deməyinə, məni təhqir edib, evdən qovmağına” Hamı çönüb yaşlılara baxırdı, kişi pərt olub qadını sakitləşdirməyə çalışırdı. Qadın isə sakitləşmək bilmirdi. Kişi yaxınlaşıb qadına astadan nəsə dedi, qadın sakitləşdi. Lakin əsəbləşəndə belə kişinin əllərini buraxmamışdı. Elə sıx yapışmışdı ərindən, sanki qorxurdu ki, onu evdən qovan kəs avtobusdada rahatca onu tərk edib, ellərin ümidinə qoya bilər. Qadın sakitləşdikdən sonra, kişi onu harasa göndərəcəyi haqqında müjdəli xəbər verirdi. Xanımı isə “mən heç yerə getmək istəmirəm”deyə, cavab verdi. Kişi niyə getmək istəmədiyinin səbəbini soruşduqda, qadın səs tonunu bir az alaraq “ Mən sənsiz qala bilmərəm, mən sənsiz ölərəm axı” söylədi. Ortaalığa sakitlik çökdü. Hamının diqqəti bu ahıllardaydı. Bir neçə saniyədən sonra, qadın yenidən “ Mən sənsiz ölərəm” söylədi.

Qulaqlarımda həmin gün bir cümlə səsləndi “ Mən sənsiz ölərəm “. Eşitdiklərimin təsirindən çıxa bilmirəm, bütün təhqirlərə, əziyyətlərə ramən nəfəs qədər həyat yoldaşını sevmək və yanında olmasını arzulmaq Azərbaycan xanımına xas xüsusiyyətdir.

Elida Muxayeva

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir