Zirveyolu.info “Elin Səsi” ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski ilə müsahibəni təqdim edir
-Elvin müəllim, ənənəvi təhsillə onlayn təhsilin fərqi nədir? Bildiyimiz kimi, ənənəvi təhsildə biz təhsil müəssisələrinə gedirik, onlayn təhsildə isə bizə lazım olan kompüter və internetdir. Siz də bu fərqi yalnız bunda görürsünüz?
Sürayə xanım, əvvəlcə sizə belə aktual mövzuya toxunduğunuz üçün öz təşəkkürümü bildirirəm. Çox aktual və ictimaiyyətdə müzakirə olunan mövzudur. Bəli, bu gün Azərbaycanda distant təhsil məsələsi xüsusi əhəmiyyət kəsb edən məsələdir. Təhsil demokratik, sivil cəmiyyətin tərəqqisi üçün ən mühüm amildir. Təhsil insana təkcə dünyagörüşü, elm, savad verməklə kifayətlənmir, həmçinin onu cəmiyyətə qazandırır, insanda davranış qaydaları, nitq, mədəniyyət formalaşdırır. Əlbəttə, ənənəvi təhsillə distant təhsilin çox böyük fərqləri və özəllikləri var. Ənənəvi təhsildən fərqli olaraq, distant təhsildə tədris prosesi elektron telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunur. Bilirsiniz ki, müasir informasiya texnologiyaları istifadəsi artıq günümüzün reallığına çevrilib. Demək olar ki, bir çox işlərimizi elektron formada yerinə yetiririk, aktiv internet istifadəçilərinin sayı günü-gündən artmaqdadır, cəmiyyətdə sosial şəbəkələrin fəallığı müşahidə olunur. Nəhayət, təhsilimiz bizi elektron vasitələrə tamamilə bağlayır. Şübhəsiz, distant təhsil heç bir halda ənənəvi tədrisin əvəzini, keyfiyyətini verə bilməz. Bu, bir mənalıdır. Lakin distant təhsilin də müsbət yönləri var. Öncə qənaətdir, vaxta qənaət, büdcəyə qənaət, sonra daha bir özəlliyi ondadır ki, şagird və tələbə məkandan asılı olmayaraq, internetə çıxışını təmin etməklə təhsil ala bilər. Distant təhsilin ən müsbət tərəfi operativlikdir. Eyni anda, elektron variantda test və ya tapşırıqları verməklə proqram vasitəsilə düzgün cavabları müəyyən etmək, yaxud qiymətləndirmə aparmaq mümkündür. Distant təhsilin Azərbaycan modelinə gəldikdə, bir çox həllini tapmayan çətinliklər var və belə görünür ki, çətinliklərin həllini tapması üçün zamana ehtiyac olacaq. Çünki Azərbaycan gənc bir dövlətdir, ölkəmiz müasir dövlət olması ilə yanaşı, adət- ənənələrə sadiq bir dövlətdir və bu, keçid mərhələsidir. Mən düşünürəm ki, bu istiqamətdə tədbirlər görüləcək. Keçid etmək mümkün olacaq.
-Avropa təcrübəsində daha çox onlayn təhsilə üstünlük verilir, Azərbaycan təhsilində pandemiyaya qədər niyə distant təhsil qəbul olunmurdu?
Qeyd edim ki, distant təhsilin tarixi XVII-XVIII əsrlərə gedib çıxır. O vaxtlar müasir informasiya texnologiyalarının olmadığı zamanlarda ilk dəfə Amerikalı professor Kalep Filips məktub mübadiləsi ilə stenoqrafiya öyrənmək istəyən tələbələrin toplanması üçün “Boston” qəzetinə elan vermişdir. Məktublaşma vasitəsilə təhsil aparılırdı. Avropada distant təhsilin inkişafına ən böyük töhfəni isə ingilis alim İsaak Pitman vermişdir. O, 1840-cı ildə öz dərslərini hər kəsə poçtla göndərirdi. Daha sonra Almaniyada 1856- cı ildə Qiyabi Təhsil İnstitutu yaradılır və təlim, tədris məktublaşma vasitəsilə aparılmağa başlayır. Bu gün isə nəinki Avropada, hətta dünyada ən geniş yayılmış təhsil forması məhz distant təhsildir. Əcnəbi ekspertlərin fikrincə, bu təhsil forması daha effektli təhsil formasıdır. Azərbaycanda isə distant təhsilin yaranma tarixi, təhsil haqqında qanuna baxsaz, 19 iyun 2009- cu il “Təhsil haqqında” Qanunun təsdiq edilməsi ilə başlayır. Həmin qanunun 13-cü maddəsinə əsasən əyani və qiyabi təhsil forması ilə yanaşı distant təhsil forması da qəbul olunmuşdur. Təbii ki, bizim ölkədə distant təhsilin aparılması üçün bir təkan Covid-19 pandemiyasının yaratdığı çətinliklər oldu. İnsanlar təhsildən yayına bilməzdi. Təhsil mütləq davam etdirilməli idi. Düşünürəm ki, istər nazirliyimiz tərəfindən, istərsə də universitet, məktəblər və məktəblərin rəhbərliyi tərəfindən müəyyən qədər buna nail olduq. Şübhəsiz ki, hələ mükəmməlliyə çatmamışıq. Əsas odur ki, cəhd edirik.
– Məktəblərdə iki aydır ki, hibrid təhsil bərpa olunmuşdur. Yenidən onlayn təhsilə keçid hansı çətinlikləri qaçılmaz edəcək?
Fikrim bir mənalıdır, elə hesab edirəm, bu hal xüsusilə, ibtidai sinif şagirdlərində çaşqınlıq yaratmış oldu. Bir müddət təhsil ocağına gedən şagird, kompüter arxasında, məsafədən təhsil almağa öyrədildi. Bu vəziyyətə yeni uyğunlaşan balacalar yenidən məktəblərə üz tutdular. Bu proses növbəti dəfə dayandırıldı, yenidən onlayn təhsilə keçid valideynlərdə də uyğunsuzluq yaradır. Fikrimcə, bu il üçün tədris prosesinin distant formada aparılması daha uyğun olardı. Bu sahədə bir çox problemlər mövcuddur və güc yenə də valideynlərin üzərinə düşdü. Məsələn, internet bağlantısının zəif olması, texniki avadanlığın olmaması problemi, eləcə də, bir otaqda bir neçə məktəblinin dərsə qoşulması mümkün olmadığından, şərait problemi müntəzəm dərslərə qoşulma problemi yaratdı. Valideynlər problemlərə çözüm axtardığı bir vaxtda yarı distant, yarı ənənəvi təhsilə ehtiyac yox idi. Mən inanıram ki, dünyanı bürümüş qara duman tezliklə çəkiləcək. İnsanlar normal yaşayış tərzinə qayıdacaq. Fidanlar ənənəvi şəkildə təhsil alacaqlar.
-Distant təhsil bir neçə il davam edərsə, təhsilimizin gələcəyini necə görürsünüz?
Artıq bəşəriyyət neçə əsrdir ki, informasiya əsrinə qədəm qoymuşdur. Həyatımız internetdən asılı vəziyyətə düşmüşdür. Sözsüz, informasiya texnologiyalarından istifadə bizim işimizi asanlaşdırır. Ümumiyyətlə, cəmiyyətimizin elektronlaşması hətta təhsilimiz də daxil, dünyanın reallığıdır. Biz bu reallıqdan kənara çıxa bilmərik. Dünyanın qəbul edib, tətbiq etdiyi üsulu biz də qəbul etmək məcburiyyətindəyik. Artıq bir ildən çoxdur ki, Azərbaycanda təhsil onlayn şəkildə davam edir. Başqa Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da distant təhsil gələcəkdə təhsil sistemində öz yerini tutacaqdır. Bir çox insanlar distant formada, rahat şəkildə təhsillərini davam etdirəcəklər. Bu gün bəlkə də, bizə müəyyən çətinliklər yaradır. Lakin biz hələ buna öyrəşməmişik. Mən belə hesab edirəm ki, müxtəlif dövlət proqramları olacaq, müxtəlif layihələr həyata keçiriləcək, ailələrə dəstək və kömək olacaqdır. Dəstək olaraq, informasiya texnologiyaları ilə təmin olunmaq nəzərdə tutulur. Müxtəlif təlimlər keçirilə bilər ki, bu, istər valideynlər üçün və yaxud şagirdlər üçün faydalı olar. Onları distant təhsilə, onlayn görüşlərə və konfranslara cəlb etməklə öyrəşdirmək mümkündür.
-Ölkəmizdə Sovet dövründən qiyabi təhsil mövcud olub. Sizcə qiyabi təhsil daha effektlidir, ya distant təhsil?
Bəli, doğru qeyd etdiniz, Sovet vaxtından qiyabi təhsil forması mövcud idi. Və qiyabi təhsil şöbəsində daha çox gündüzlər işləyən, axşamlar təhsil alan, bir neçə həftəlik məzuniyyətə çıxan insanlar təhsil ala bilirdilər. Əlbəttə ki, distant təhsil qiyabi təhsildən daha effektlidir. Xüsusi üstünlüyü məkan, vaxta qənaət və obyektivlik təşkil edir.
Zirveyolu.info
Müsahibəni apardı:Cavadzadə Seyid Sürayə