“AKKORD” şirkəti baş redaktora qarşı fırıldaqçılıq edib – 71 kv.m-lik mənzili 82 kv.m adı ilə satıb
“Akkord” Şirkətlər Qrupu JAMAZ.İNFO-nun baş redaktoru Firkət Fəraməzoğluna qarşı fırıldaqçılıq edib. Bu barədə açıqlama verən baş redaktor deyib ki, sözügedən şirkət ona satdığı mənzilin sahəsini böyük göstərməklə, artıq ödəniş olaraq əlavə pul alıb.
Fikrət Fəraməzoğlu deyib ki, 2012-ci il mayın 14-də “Akkord” Şirkətinin Bakıxanov qəsəbəsində inşa etdiyi “Uğur-2” Yaşayış Kompleksindən ipoteka yolu ilə mənzil alıb. Mənzil alarkən şirkətlə bağladığı müqavilədə mənzilin sahəsi 82.1 kvadrat metr göstərilib. Hər kvadrat üçün hesablanan məbləğ isə 617 manat olub.
Baş redaktor bildirir ki, 5 illik ipoteka yolu ilə aldığı mənzilə görə, “Akkord”a 7700 manat ilkin ödəniş edib. Onun sözlərinə görə, oktaybrın 17-nə kimi hər ay şirkətə 830 manat pul ödəyib. “Noyabrın 17-dən isə şirkət bütün mənzillərə görə ödənişin Beynəlxalq Banka ediləcəyi barədə xəbərdarlıq etdi və bizim sənədlərimizi yığıb banka verdilər. Həmin vaxtdan etibarən 2019-cu ilə kimi, mən mütəmadi olaraq hər ay 800 manat pul ödəmişəm. Hətta haqsız və qanunsuz olaraq həbsdə olduğum 3 il ərzində də ailəm ödənişləri dayandırmayıb. Əksinə, mütəmadi olaraq ödənişlər edib”.
Fəraməzoğlu deyir ki, toplam 70 min manata yaxın pul ödəsə də, 7 ildən sonra məlum olub ki, “Akkord” onu aldadıb və əlavə pul alıb. Belə ki, çıxarışla təmin olunması zamanı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları mənzilin sahəsini ölçüblər. “Ölçülən zaman məlum oldu ki, “Akkord”un mənə 82.1 kvadrat metr adı ilə satdığı mənzilin ümumi sahəsi 71 kvadrat metrdir. Yəni, mən bu illər ərazində hər ay şirkətə 11 kvadratın pulunu əlavə ödəmişəm. Bunun adı fırıldaqçılıqdır, dələduzluqdur”.
JAMAZ.İNFO-nun rəhbəri qeyd edir ki, məsələ ilə bağlı şirkətə müraciət edərək, ona dəymiş zərərin ödənilməsini tələb edib. Lakin şirkət onun müraciətinə nəinki cavab verib, hətta buna əhəmiyyət belə verməyib. Ona görə də, Fikrət Fəraməzoğlu haqqını tələb etmək üçün qanunla nəzərədə tutulmuş bütün vasitələrdən istifadə etməyə qərarlaşıdırıb. O, “Akkord” Şirkətlər Qrupunun məhkəməyə verməyi qərara alıb. “Bu şirkət açıq şəkildə fırıldaqçılıq, dələduzluqla məşğuldur. Vətəndaşları aldatmaqla onlardan əlavə pul qazanıb ki, bunun qanunla adı etibardan sui istifadə etməklə dələduzluqdur. Ona görə də, qərara almışam ki, “Akkord”u məhkəməyə verim. Həm məni aldatdığı üçün, həm də dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədi ilə”.
Firkət Fəraməzoğlu onu da bildirib ki, “Uğur-2” kompleksində 1850 mənzil var. “Bu təkcə mənə qarşı edilmiş fırıldaqçılıq deyil, həmçinin həmin kompleksdə yaşayan insanlara da qarşı edilib. “İndi araşdırırıq, eyni problemi olan şəxslərin də məhkəməyə müraciət etməsi və haqqlarını tələb etməsi üçün yardım etməyə çalışacağıq. Gərəkəcəksə “Akkord”un binası qarşısında etirazımızı da bildirəcəyik”.