NGM MTK, Nərimanov rayonu, Əliyar Əliyev küç, 20 ünvanında yerləşən “Seven star” bina kompleksinin sakinləri Bakupost.az -ın redaksiyasına müraciət edib.
Müraciətdə deyilir:
“Bu bina kompleksi pilot layihə olaraq tikilmişdi. Layihə vəd edilən 2 il müddəti əvəzinə 3 ildə təhvil verilmişdi. Gecikmənin əsas səbəbi pandemiya göstərilə bilməz, çünki pandemiya başlamadan əvvəl mənzillərdə əsaslı təmirə hələ də başlanmamışdı. Aşağı keyfiyyətli təmirlə yanaşı, hal-hazırda internet, telefon xətti və kabel televiziyası sahələrində monopoliya mövcuddur. Belə ki, MTK anlaşdığı provayderdən başqa digər heç bir provayderə binaya avadanlıq yerləşdirməyə icazə vermir. Fevral ayında sakinlərin ofisə təqdim olunan yazılı ərizələri də diqqətə alınmayıb və uzun müddətli səylər hələ də müsbət nəticə verməyib. İllərlə sakinlərin ödəniş edərək saxlatdırdığı telefon nömrələri olmasına baxmayaraq, binada “Baktelekom”a icazə verilmədiyi üçün sakinlər MTK-nın anlaşdığı provayderdən yeni nömrə satın almağa məcbur qaldılar.
Rəhbərlik sözdə razılıq versə də, vaxt uzadaraq hələ də görünən addım atmayıb. Distant təhsilə keçid vaxtında məktəbli uşaqları olan sakinlər dərslərə qoşulmağa çətinlik çəkirlər. Monopoliya tək problem deyil. Planda görünməyən, amma bəzi mənzillərə dəhlizdən sahə əlavə edilərək satıldığını müşahidə də etmək olar. Hətta bina altında qarajların hazır olmadığı halda, məhdud sahəyə sahib bina həyətində bəzi sahələrin MTK rəhbərlərinin tapşırığı ilə ancaq özləri üçün ayrıldığını müşahidə etmək olar. Dövlət sifarişli layihədə bu cür özbaşınalığın olması qəbul olunmazdır”.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən şirkətin təsisçisi Rahid Bayramov bildirib ki, bu, monopoliya deyil: “Söhbət ondan gedir ki, hərə istədiyi provayderi dəvət edə bilməz, onda “kaş-malaşa” yaranar. Biz hazırda “Megalink” şirkəti ilə işləyirik, əlavə olaraq “Birlink” və “Sitinet”i də dəvət etmişik, onlardan biri ilə də anlaşacağıq”.
Bəzi mənzillərə dəhlizdən sahə əlavə edilərək satıldığı ilə bağlı deyilənlərə gəldikdə isə R.Bayramov bu mövzuda danışmaq istəməyib: “Mən sistem altındayam, gəlin şirkətə hüquqşünasla danışın, mən mütəxəssis deyiləm”.