Manşet

Ermənidən çox erməni olan Muradovun sonuncu gedişi… – GƏLİŞMƏ

Rusiya sülhməramlılarının rəhbəri general Rüstəm Muradov Ermənistan hökumətini provokasiyada ittiham edib. Ermənistanın “Hraparak.am” saytının əməkdaşı rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni “hərbi əsirlərin” nə üçün qaytarılmadığı barədə sual verib. General isə cavabında bu barədə yayılan xəbərlərin yalan olduğunu söyləyib: “Bu bir təxribatdır. Hökumətdən soruşun. Onlar əhalini aldadırlar. Əsirlərin qaytarılması planlaşdırılmamışdı. Bu, sadəcə, Bakıya işgüzar səfər idi”.

Xatırladaq ki, ötən gün rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycandan Ermənistanın “hərbi əsir”, Azərbaycanın isə qanunsuz silahlı birləşmə üzvü və terrorçu saydığı şəxslərdən bəzilərini özü ilə Bakıdan aparacağı barədə məlumat yayılmışdı.

Ermənistan hökuməti tərəfindən yayılan məlumat son anda yalan çıxdı. Məlum oldu ki, Erebuni hava limanına enən təyyarədə R.Muradovdan başqa heç kim yoxdur. İlkin ehtimala görə, Ermənistan son anda danışıqları pozduğuna, Qarabağda minalanmış ərazilərin xəritəsini vermədiyinə və hazırda Qarabağda saxladığı qanunsuz silahlıları çıxartmadığına görə razılaşmadan imtina edilib.

Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Azərbaycan haqlı olaraq erməni diversantları qarşı tərəfə vermir. Ekspertin sözlərinə görə, Yerevan hökumətinin tələb etdiyi ermənilər hərbi əsir deyil:

“10 noyabr birgə bəyannamədən sonra Ermənistanın Azərbaycana qarşı diversiya üçün göndərdiyi terrorçulardır. Azərbaycan tərəfi onları mühakimə etmək hüququna malikdir. Bu haqda Ermənistan tərəfinin mövqeyi yalnız avantüradan ibarətdir.

Hesab edirəm ki, ötən gün Bakı, Moskva və Yerevan arasında müəyyən aktivlik Yerevanda ümid yaratmışdı ki, guya, “əsirlər” geri qayıdır. Təbii ki, Azərbaycanın tələbləri var və bu tələbləri Ermənistan yerinə yetirməlidir.

Görünür, Ermənistan tərəfi tələbləri yerinə yetirmədiyinə görə Azərbaycan diversantları geri verməkdən imtina edir. Rüstəm Muradovun sözlərinə gəldikdə isə həqiqətən rus general bu istiqamətdə çox “canfəşanlıq” edir.

Ermənidən çox erməni olmağa meyilli davranır. Sadəcə, öz fəaliyyəti uğursuz olduğu üçün, həmçinin Ermənistan hakimiyyətinin ucuz populizmi və şərtlərdən qaçması generalı bu kimi açıqlama verməyə məcbur edib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir