Sahil Babayev nazir təyin olunandan sonra 2015-2018-ci illərdə pensiya təyin olunan şəxslərin işlərinə yenidən baxılmağa başlanılıb. Yoxlamaların nəticələrinə əsasən, yüzlərlə insanın əlilliyə görə aldığı pensiya dayandırılıb.
“BakuPost” xəbər verir ki, bu sözləri hazırda Almaniyada olan hüquq müdafiəçisi Əlövsət Əliyev deyib.
O bildirib ki, pensiyası dayandırılanlar sosial şəbəkələrdə Sahil Babayevin ünvanına eşidilməsi və oxunulması xoş olmayan söyüşlər, məlumatlar və hədə-qorxular paylaşmaqda davam edirlər:
“Bu yaxınlarda hətta bəzi vəkillərin də belə hədə-qorxularını oxudum. Vəkillər də daxil olmaqla, bir nəfər də olsun Sahil Babayevi və onun rəhbərlik etdiyi nazirliyi məhkəmə ilə hədələmir. Məncə, bunun səbəbi təkcə məhkəməyə inamsızlıq deyil, daha çox pensiyaların haqlı dayandırılmasıdır.
Təbii ki, Sahil Babayevin göstərişi ilə aparılan yoxlamalarda bəzi yanlışlıqlar ola bilər və belə yanlışlıqların qurbanları mütləq məhkəməyə müraciət etməlidirlər.
Hər kəsə məlumdur ki, Azərbaycanda təqaüd alanların təxminən 40 faizi saxta əlillik sənədləri düzəldərək pensiya alırlar. Belə bir vəziyyətdə isə saxtakarlığa qarşı mübarizə aparan bir məmura hər kəs dəstək verməlidir. Uzun illər saxta sənədlə pensiya alanların pensiyaları kəsilən kimi Sahil Babayevlə bağlı məhkəməyə müraciət etməkdənsə, onun ünvavına nəlayiq ifadələr işlətməklə, “erməni əsilli”, “vətən xaini”, “ölkə başçısının əleyhinə işləyən biri” olmasını xatırlayıblar. Belə şəxslərin əksəriyyəti şəxsi mənafeyini ictimai mənafedən, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutanlardır.