Səhiyyə

Bu gün görkəmli şair Tofiq Mütəllibovun anadan olduğu gündür

Mütəllibov Tofiq Mütəllim oğlu 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır.

Onun 1946-cı ildə “Zəfər” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. O, “Pioner” jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, “Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə “Azərbaycan gəncləri” qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. O, bu qəzetdə ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri olaraq fəaliyyətə başlayandan ədəbiyyatda ilk addımlarını atan cavan şairlər «Azərbaycan gəncləri» qəzeti redaksiyasına gəlir, böyük bir ümidlə qapı önündə dayanıb onun «içəri gəl» işarəsini gözləyirdilər və o, ürəyi sözlə dolu bu cavanları hörmətlə qarşılayır, onların şeirlərini diqqətlə dinləyir, məsləhətlər verir, sonra da gülərüzlə yola salırdı. O,çox səmimi və mehriban bir şəxs olduğuna görə şeirlərinin dərc ediləcəyinə sevinən də, «oğlum, get oxu, mütaliəni artır, sənin şeirlərin hələ zəifdir» sözlərini eşidənlər də onun bu rəftarından incimirdilər, əksinə razı qalırdılar.

XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir. Nümunə olaraq bunları qeyd etmək olar: “Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz”. Həmçinin o, bunlardan başqa kitabları ilə də oxucuların rəğbətini qazanmışdır.

İlk kitabı «Bəxtəvər uşaqlar» 1953-cü ildə işıq üzü gördü.

Bəxtəvər uşaqlar Tofiq Mütəllibov yaradıcılığı həm də uşaqlar dünyasından şeirlər yazmaqla başlamışdı. O, Azərbaycan musiqisinin incilərindən olan «Cücələrim» mahnısının sözlərini yazmışdı, mahnısı isə Qənbər Hüseynli tərəfindən bəstələnmişdi. Bu mahnı dünyanın az qala bütün ölkələrini, şəhərlərini fəth etmişdi. Həmçinin bu mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilmişdir. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilmişdir.

Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən “Sevənlərin ürəyi” adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar sevilərək dinlənilmişdir. Təbii ki, Tofiq Mütəllibovun şair səciyyəsini açıqlayarkən o zaman dəbdə olan mövzulara müraciətindən yan keçmək olmaz.

Tofiq Mütəllibovun şeirlərinin say etibarilə çox hissəsi Azərbaycanın, onun gözəlliklərinin tərənnümünə həsr edilib və bunu təkcə dəbdə olan mövzular kimi anlamaq doğru olmazdı. O, Abşeron bağlarından, orada bitən qızıl güllərdən,

Xəzərin coşqun sularından, onun qumlu sahillərindən, Dağüstü parkdan, Qobustanın daş qayalarından («Elə bil ki yapıncıdır qayalar, Koroğlunun qılıncıdır qayalar»), Hacıkəndin yollarından («Qarlı qış da yaz kimidir, Qərənfillər qız kimidir… Hacıkəndin yollarında»), Nizaminin, Məhsətinin yaşıdı Gəncənin çinarlarından, Qarabağın gözəl təbiətindən, Cıdır düzündən («Günəş boz dağların başının üstə Baxır Qarabağa vurulmuş kimi»),Gəncənin çinarlarından yazanda da vurğunluğunu, heyrətini gizlədə bilməyib. Tofiq Mütəllibovun şeirlərinin əsas qəhrəmanı lirik, duyan, düşünən və həyatı sevən bir insan olduğunu aydın göstərir.

Onun əsərləri bir sıra teatrlarda səhnələşdirilmişdir. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Meşə nağılı” (1982), “Danışan qayalar” pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Cücələrim” alleqorik pyesi tamaşaya qoyulmuşdur. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olmuşdur. 1970-ci ildə SSRİ Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilmişdir. 1955-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilmişdir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Sanki o, bütün ömrünü yazıb yaratmağa həsr etmək üçün gəlmişdi bu dünyaya. Beləliklə görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat etmişdir.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir