“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Mədəniyyət nazirliyi ilə bağlı tənqidi yazı ilə çıxış edib. Naşir bildirib ki, yeni nazirdən gözləntilər çox olsa da, hələlik heç bir yenilik hiss olunbur.
Zirveyolu.info Bakupost.az-a istinadən həmin yazını təqdim edir:
Dünən İTV-nin “Sabaha saxlamayaq” verilişinə çağırdılar. Həmkarlarımla kitabın problemlərindən danışdıq. Aparıcı Mədəniyyət Nazirliyində yeni dalğanın başladığını dedi… Amma mənim bundan xəbərim yoxdur.
Yeni nazir artıq 1 ildir, nazir səlahiyyətlərini icra edir. Doğrusu, hələ ki, yadda qalan bir fəaliyyətini görmürəm.
İlk vaxtlar bioqrafiyasını oxuyanda çox sevinmişdim. Doğrusu, bu sevincim həm də köhnə nazirin gedişi ilə bağlı idi.
Yaxşı oyunçu özünü elə ilk oyunda göstərir. Məncə, yeni nazirimiz özünü göstərməyə gecikir. Bir il keçdi artıq. Hələ heç bir yenilik yoxdur.
Köhnə ilə indiki arasında fərq var; köhnənin vaxtında nəşriyyatlarla nazir müavini görüşürdü, indi isə şöbə müdiri.
Köhnənin vaxtında bir naşirlər birliyi yarandı, nəticəsi bəllidir, indi də biri yaranır.
Köhnə tez-tez tədbirlərə gedib, gözə kül üfürdü, indiki isə otağında oturmağa, mümkün qədər gözdən qaçmağa üstünlük verir.
Özəl və dövlət təşkilatları bir-birindən tam fərqlidir.
Məsələn, mən özəl nəşriyyat kimi gecə-gündüz kitabı tanıtmaq, kitabın rolunu cəmiyyətdə artırmaq barədə düşünürəm. Həmçinin, mənimlə bu işə çiyin verən insanları düşünürəm, onların sosial qayğılarına “əl verməyə” çalışıram.
Dövlət məmuru başqadır. Ona etimad olunur. Üstəlik, onun bütün ehtiyacları ödənir, təki öz sahəsinə vicdanla əmək qoysun. Çalışsın, vuruşsun, insanlara yüksək səviyyəli xidmət təşkil etməklə dövlətin siyasətinə insanlarda rəğbət qazandırsın. Daha otaqda oturub əski nazir kimi adlar paylamasın.
Yaxud, əski nazir kimi xalqın kitabxanalarını bağlamasın, mədəniyyət evlərinin yerini satmasın, tarixi abidələrin təmirinə ayrılan pulun arxasına keçməsin, kitab almağa ayrılan vəsaiti dərhal udmasın.
Mən dünən nazirliyin nümayəndəsinə deyirəm ki, satınalmalar üçün yaratdığınız komissiyada kimlər var? Deyir, bu məxfidir. Dövlətin pulunu xərcləmək məsələsi, xüsusən kitab məsələsində heç zaman məxfilik ola bilməz.
Cənab prezident, hətta məxfi silahların alındığı ünvanları açıqlayır. Mədəniyyət Nazirliyi isə kitab alan komissiyanın tərkibini açıqlamır. Bu necə ola bilər?
Yaxşı iş ilk növbədə şəffaflıqla bağlıdır. Cəmiyyətə düzgün mesajlarla bağlıdır.
İndi Azərbaycan mədəniyyəti hərbidən daha vacib bir sahədir. Mədəniyyətin fəth etdiyi ərazini heç bir silah ala bilməz.
Hərəkətə gəlmək lazımdır. İlon Musk aya göndərdiyi gəmiyə kitab qoyur. Bill Qeyts, Uoren Baffet, Bezos və s. dünya zənginləri daim kitabdan danışırlar.
Nəhayət, qardaş ölkə Türkiyə ən böyük kitabxananı prezident sarayına qonşu etməklə, təkcə bu il ərzində ölkə üzrə on bir yeni kitabxana istifadəyə verməklə, demək istəyir ki, hər şey kitabla bağlıdır. Keçmiş də, gələcək də.
Gərək, bunu bizim nazirlik də anlasın və nəhayət, yerindən tərpənsin.