Manşet

“Şərurlu İsfəndiyar” Şəhid Anasına QARŞI – 54 minlik mənzil oyunu

Şəhid anası Əhmədova Sütun Sərxan qızı mənzil dələduzluğunun qurbanı olub. Bu barədə REPORTYOR.info-ya şəhid anasının özü bildirib.

Sütün Əhmədovanın sözlərinə görə, “Ulduz-S” MMC-dən mənzil alıb. “Şirkətin rəhbəri Elçin Babayevlə 18 iyun 2010-cu ildə müqavilə imzalamışıq. Yeni Yasamal massivində inşa olunan binada 88 kvadratmetrlik 76 saylı mənzili almışıq. Mənzilin qiyməti 33 200 manat idi. Əvvəlcə ilkin ödəniş olaraq 4000 manat vermişik. 2010-2012-ci illər ərzində isə Elçin Babayevə 22 944 manat ödəniş edib. Təxminən 7000 manatdan bir qədər çox borcumuz qalmışdı. Gördük ki, tikinti getmir. Maaraqlandıq maliyyə problemini əsas gətirdilər. Amma buna baxmayaraq 3000 manat da ödədim”, – deyə şəhid anası bildirib.

“Şərurlu İsfəndiyar” Şəhid Anasına QARŞI

O əlavə edib ki, 3000 manatı ödəyəndən sonra şirkətin rəhbərliyi “yoxa” çıxıb. Elçin Babayev tapıldıqda isə müxtəlif bəhanələrlə mənzili təhvil verməkdən boyun qaçırıb. “Sonra mənə məlum oldu ki, Elçin Babayev barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb və o istintaqa cəlb olunub”,- deyə Sütün Əhmədova qeyd edib.

Elçin Babayev həbs edildikdən sonra şəhid anası tikinti maqnatı, “Şərurlu İsfətndiyar” kimi tanınan İsfəndiyar Axundova yönəldilib: “Bizi ona istintaq orqanları yönəltdilər. İsfəndiyar Axundov Yasamal ərazisindəki binalardan birində bizə mənzil təklif etdi. Müqavilə bağladıq. Amma sonradan məlum oldu ki, hüquqi savadımın olmamağından istifadə edərək mənə 10 illik ipoteka kreditinə imza atdırıblar. “Ulduz-S” MMC ilə bağladığımız müqavilə isə qüvvədən düşmüş sayılır. Beləliklə, 27 min manata yaxın pulumuz batdı. İsfəndiyar Axundovun bizə təklif etdiyi mənzilin qiyməti isə kreditlə 54 min manatdır. Artıq 5 ildir ki, kredit ödəyirik. Artıq ödəmək imkanımız yoxdur. Mənzili də bizə baha satıb: bir kvadratmetri 850 manat. Bəs bizim “Ulduz-S” MMC-yə ödədiyimiz pullar necə olsun?”.

Şəhid anası məsələ ilə bağlı dəfələrlər müvafiq qurumlara şikayət ünvanlasa da, nəticəsi olmayıb.

“Ancaq ümidimizi itirmirik. Bilirik ki, həm Prezident, həm Mehriban xanım şəhid ailələrinə diqqət göstərir, onların üzləşdiyi problemlərin həllinə yardımçı olur. Ona görə də ümid edirik ki, onlara etdiyimiz müraciətlər nəticəsiz qalmayacaq”, – deyə şikayətçi bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir