Manşet

Prezidentdən ADPU ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam universitetin ölkədə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr yetişdirilməsi sahəsində mühüm xidmətləri nəzərə alınaraq imzalanıb.

Qeyd edək ki, 2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir.

Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır.

İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir