Cəmiyyət Manşet

Zirveyolu.info aktyor Rəşat Kəsəmənli ilə müsahibəni təqdim edir.

 

Özümü göstərmək deyil, sənət göstərmək istəyirəm!

– Rəşat Kəsəmənli. Şair atanın aktyor oğlu. Nə vaxt hiss etdiniz ki, aktyor olmaq istəyirsiniz?

Mən sovet dövründə 3-cü sinifdən 7-ci sinifə kimi aktyorluq dərnəklərinə getmişəm. Məktəbi qurtarandan sonra da həvəsim İncəsənət Universitetinə olub. Sənədlərimi İncəsənət Universitetinə kino və dram aktyorluğu fakültəsinə vermişəm. 1995-ci ildə həmin fakültəyə qəbul olub, 1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişəm.

– Ailədə aktyor olmaq istəyinizə qarşı çıxan oldu?

Qarşı çıxan deməyim, anam bu sənətdə olmağımı istəmirdi. Kəskin narazılığını bildirməsə də, bunu hiss edirdim. İndi görürəm ki, çox haqlı imiş.

– Haqlı olmasına səbəb nədir?

Azərbaycanda istedadlı aktyorla istedadsız aktyor arasında böyük bir fərq qoyulmur. Bu isə istedadlı, bacarıqlı, ömrünü sənətə, aktyorluğa həsr etmiş adama böyük bir əziyyət, əzab verir. Ona görə bu sənətdə əziyyət çəkməyə dəyməzmiş.

– Ananız yenə eyni fikirdədir?

Anam yenə öz mövqeyindədir. Mən hüquq fakültəsinə daxil olmuşdum. Baxmayaraq ki, aktyorluq uşaqlıq arzum idi, lakin iki il hüquq fakültəsində təhsil aldım. Sonra dərk etdim ki, mən öz yerimdə deyiləm. Aktyorluğa olan sevgim məni bu sənətə çəkirdi. Hüququ yarımçıq qoyub arzularımın arxasınca yol aldım. Bu cığır məni İncəsənət Universitetinə apardı. Lakin indi düşünürəm ki, kaş hüquq təhsilimi davam etdirərdim.

– Aktyor. Həm də şeirlər yazırsız. Sizi şair hesab etmək olar?

İndiki dövrdə heç kimi şair hesab etmək olmaz. Gözəl şeir yazanlar çoxdur. Sadəcə şeirə, sənətə verilən əvvəlki dəyər yoxdur. Şairlik sənəti zaman keçdikcə arxa plana keçir. Şairlər indi hər hansı başqa sənətlə məşğul olmaqla yanaşı, şeirlər də yazırlar. Çox gözəl yazanlar var. Amma o dövrdəki titul deyil.

– Oynadığınız rollar içərisində ən uğurlu hesab etdiyiniz rol?

Heç biri. Nisbət fərqiylə bəyəndiyim olub. Daha həvəslə, daha şaxəsi böyük rollarım olub və digər rollarımdan fərqlənib. Elə sonuncu oynadığım serial “Bir qadın”. Nisbətən daha ürəyimə yatan rolları oynamışam. “Sayrışan işıqlar” serialında tamam başqa xarakterli həkim obrazıdır. O rolumu sevirəm. Hal-hazırda tələbə yoldaşım Kənan M.M. mənə bir obraz təklif edib. Baş roldur. Süleyman obrazı, mənfi obrazdır. O rola böyük həvəslə yanaşıram. Amma tam olaraq mən istədiyim obrazı hələ ki, oynamamışam.

– Hansı rolu oynamaq istərdiniz, hələ ki, arzu olaraq qalıb?

Psixoloji obrazları canlandırmaq istərdim. Ütülənim, daranım, çıxım efir qabağına, belə oyunu qəbul eləmirəm. Bu səhnələr ucuz, sonradan türk seriallarından Azərbaycan kinolarına hopmuş bir psixologiyadır. Belə obrazlar düşünürəm ki, çox dayaz və səthidir. Və bu obrazlar mənim bacarığımın qarşısında çox zəifdir. Psixoloji rollarda özümü görürəm. Məni tamam başqa kökə salsınlar, tanınmaz hala düşüm. Həmin vəziyyətdə psixoloji dram əsərində rol alım.

Özümü göstərmək deyil, sənət göstərmək istəyirəm. Müasir dövrdə sənətə gələnlərin əksəriyyəti sənət deyil, özlərini göstərirlər. “Saçıma əl vurma”, “qaşımı alım gəlim”, bu, sənət deyil. Sənət başqa aləmdir. Təəssüf ki, əsl sənətin nə olduğunu çox az adam dərk edir. Mənim oynamaq istədiyim obraz, Babəki oynamaq istəyərəm. Böyük sənətkarımız Rasim Balayevdən üzr istəyirəm. O, böyüyümüzdür. Babək obrazına öz möhürünü vurmuş aktyordur. Amma mən özümdə o cəsarəti hiss edərək Babək rolunu canlandırmaq istərdim. Dini filmlərdəki obrazı canlandırmaq, Don Juanı oynamaq istəyirəm. “Don Juan” faciədir. Hər kəs ona gülüş mənbəyi kimi baxsa da, arvadbaz kimi yanaşsa da, xeyr, o əsər faciədir, mən o insanı anlayıram, onun faciəsini böyük məmnuniyyətlə oynayardım.

– Hazırda elə rollara dəvət almırsınız?

Elə çəkiliş var ki ümumiyyətlə Azərbaycanda? Azərbaycanda ancaq ailə-məişət, mən səni sevdim, sən məni sevdin, qaynanayla bir-birimizi qırdıq, qurtardı. Bundan başqa bir ssenari yazılır?

– İndi oynadığınız, çəkilişi davam edən film hansıdır?

“Gecə yarısı” serialıdır. Yeni başlayıb. Dostum, tələbə yoldaşım Kənan M.M. ilə bir yerdə işləyirik. Orada Süleyman rolunu, əsas rolu oynayıram. Ona görə xarici görkəmimdə də dəyişiklik eləmişik.

– Süleyman obrazı da istədiyiniz obraz deyil?

Oynamaq istədiyim rollar içərisinə bu rolu da daxil etmək olar. Şaxəsi genişdir, mimika vermək olur, xarakter verirsən, düşünürsən ki, necə xarakter verim ki, bu rol fərqlənsin. “Bir qadın”, “Sayrışan işıqlar” seriallarında digər rollarıma nisbətən mənə yaxın obrazları canlandırmışam. “Sayrışan işıqlar”da həkim obrazında bambaşqa bir obrazı canlandırdım. Amma Rəşadı tam fərqli surətdə görəcəkləri film hələ ki, yoxdur.

– Aktyor olmasaydınız, özünüzü hansı sahədə tapardınız?

Aktyorluğa böyük sevgim olmasaydı, həkim-cərrah olardım.

– Tamaşaçılar bu gün aktyorluq sənətində bir bayağılığın olduğunu söyləyirlər. Sizcə, səbəb nədir?

Bəli, bayağılıq var. Bunun əsas səbəbi senzuranın, bədii şuranın olmamasıdır. Bunu həmişə, hər yerdə qeyd edirəm. Hər yerindən durana elə gəlir ki, aktyor ola bilər. Başqa sahənin insanları elə bilir ki, serialda çəkildi, artıq o, aktyordur. Bu, yanlış düşüncə senzuranın, bədii şuranın olmamasından irəli gəlir. Deyirlər, bizim əvvəl dahi sənətkarlarımız var idi, indi niyə yoxdur. Vallah, həmin o dahi sənətkarlardan indi də var. Sadəcə qalıblar əldəqayırma aktyorların kölgəsində. Heç biri üzə çıxa bilmir. Ucuz başa gəlir deyə, küçədən keçəni gətirib filmə çəkirlər, adını da qoyurlar aktyor. Əsl aktyor qalır qıraqda. İstedadını inkişaf elətdirib, bacarığını tamaşaçıya göstərə bilmir. Senzura olsaydı, buna bir qadağa qoyulsaydı… Efirə buraxılmasın təhsilsiz insanlar. Əsl aktyorlar buraxılsın. Onda həm keyfiyyət olardı, həm tamaşaçılar əsl aktyor görərdilər. Onu da qeyd edim ki, son zamanlar nisbətən düzəlib. Ssenaristlərimizdə də böyük qıtlıq özünü göstərir, ssenari qıtlığı var. Ssenaristimiz bir-iki nəfəri istisna etsək, demək olar ki, yoxdur. Bu səbəbdən də, hər yoldan keçən adını rejissor qoyub başlayır filmlər çəkməyə. Adlarını çəkmək istəmirəm, elə ucuz insanlar var, adlarını rejissor qoyublar, rejissorluğun “r” hərfindən hələ xəbərləri yoxdur. Başqa sahənin adamlarıdır.

– İmtina etdiyiniz rollar olur?

Təbii, o qədər olur ki. Mən əvvəl rejissora baxıram, kimdi filmin rejissoru, necə rejissordur, nə işlər görüb, kollektivə baxıram, müqaviləni mütləq tələb edirəm, çünki çoxu fırıldaqçıdır.

– Demək istəyirsiniz ki, bəzi aktyorlar kimi qonorara deyil, ssenariyə, obraza fikir verirsiniz?

Yadınızda saxlayın, peşəkar olmayan insan qonorarı yüksək verə bilməz. Bundan əmin olun. Sizin baxdığınız bəzi ucuz serialları küçədən keçənlər çəkiblər. Səhnə danışığından xəbərləri yoxdur. Onlar efirdə görünsün deyə, havayı çəkilənlərdir. Elə filmlərin rejissoruna da rejissor demək olmaz. Sadəcə olaraq sponsordan pul alıb cibinə qoymaq üçün biznesdir. Onlarla ömrü boyu iş görmərəm.

– Yaxşı aktyor olmaq üçün təhsil vacibdir?

Mütləq, vacib labüddür. Çünki istedad böyük və çox gözəl bir şeydir. Amma istedadın dəsti-xəttini də bilməlisən. Baxın, bir insan gedib bir qızılı, brilliantı tapıb çıxarır. Yəqin ki, siz brilliantı almaz şəklində görmüsüz, efirdən də olsa, görürsüz necə kələ-kötür olur? Düzdürmü, kələ-kötür olur. Barmağa taxılan brilliant vəziyyətində olmur ki. Kələ-kötür, rəngi solğun olur. Bu, sonradan aşılanır, olur brilliant, barmağa taxılır. Aşılanma dərsdir. Düzdür, bilirik almaz bahalı bir şeydir. Amma aşılanma olmadan baxımsızdır, yöndəmsizdir. Təhsil isə bir məngənədir, təhsil almazı yonub brilliant etməlidir.

– Hansı obrazdan sonra aktyor olduğunuz üçün peşimançılıq çəkməyə başladınız?

O, zamanla baş verən prosesdir. Hansısa obrazla deyil. Bunu obrazla əlaqələndirməzdim. Sadəcə zamanla gördüm ki, tamaşaçı dəyəri var və dəyər kimlərə verilir. Ümumiyyətlə, dəyər rəsmi olaraq dəyərsizlərə verilir. Müəyyən qurumlar tanışlıqla onlara müəyyən şəkildə dəstək verir. Bu, paxıllıq deyil. Həqiqətən istedadlı olan adama dəyər veriləndə mən sevinirəm. Lakin bir də görürsən dəyərsiz bir adam dəyərə mindirilir. Gülməyi tutur adamın. Sənətçilərlə bir araya gəldikdə biz həmin adama gülürük.

– Bildiyimə görə üç övladınız var. Övladlarınızın sizin sənətinizi davam etdirməklərini istəyərdiniz?

Qəti surətdə olmaz. Mümkün deyil.

– Onlarda fitri istedad hiss etsəniz?

Qoymaram. Olsa da qoymaram. Onlar bu sənətdə istedad göstərib kənarda qalacaqlarsa, bədbəxt olmaqlarına razı olmaram.

– Amma zaman dəyişir. Bəlkə gələcəkdə istedada daha çox qiymət veriləcək?

Mən o zamana etibar edə bilmərəm. Mənə də zaman dəyişir demişdilər. Dəyişdi, amma əksinə dəyişdi.

– Təşəkkür edirəm. Müsahibəyə vaxt ayırdığınıza görə minnətdaram.

Xoşdur. Mən təşəkkür edirəm.

Elida Muxayeva
Zirveyolu.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir