Manşet

Teymur Musayev kollektivə təqdim edildi

Aprelin 24-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.

Ə.Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb.

Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir.

Baş Nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Teymur Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini təyin edilib və digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə verilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir