Manşet

Yardımlıda Qarabağ Qazisini kim incidir? – Prezidentə müraciət olundu

Azərbaycanın bölgələrində olan bəzi məmurların vecsizlik və məsuliyyətsizlik göstəricisi öz ampulasında davam edir. Bəhrəli iş qabiliyyəti və xalqın rəğbətini qazanmaq üçün canfəşanlıq etməli olan şəxslər nədənsə bu mövqedə vecsizlik nümayiş etdirir və dinc əhalinin əsəblərini tarıma çəkmək üçün əllərindən gələni edirlər. Prezident İlham Əliyevin xalqa xidmət dəsti xətti ilə yürütdüyü siyasətə kölgə salmaq, adi problemlərin belə dözülməz prinsiplər əsasında həllinə nail olmaq sanki bəzi məmurların həyat fəlsəfəsidir.

“Adət qanun deyil, amma qanun qədər hökmü var…”

Yəqin ki, qınadığımız məmurlar yuxarıda qeyd etdiyimiz atalar sözündən xəbərdardır. Düzü, bundan şübhə etmirik. Hər halda, onlar cəmiyyətin narazılıq nitqini dinləməyə adət etmişlər və bu adəti qanun səviyyəsində dəyərləndirirlər. Yoxsa, dövlətin qanunlarını heçə sayıb, öz adətləri ilə hərəkət etməzdilər.

Bu dəfəki yazımızda Yardımlı rayonu Anzov kənd sakinlərinin şikayətini diqqətinizə çatdırırıq. Onu da qeyd edək ki, sakinlər narazı olduqları qurumdan o qədər təngə gəliblər ki, çarəni cənab prezidentə müraciət etməkdə görüblər. Çünki, sözügedən “hegomon” qurum tabe olduğu icra hakimiyyətini saymır.

Beləliklə, redaksiyamıza göndərilən məlumatı KAİM.az olaraq təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə

Yardımlı rayonu Anzov kənd sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısından

MÜRACİƏT

Cənab Prezident, biz bir qrup Yardımlı rayonunun Anzov kənd sakini Sizin əmrinizlə Vətən müharibəsinə könüllü olaraq qatıldıq. Sizin əsgəriniz olmaqdan qürur duyuruq. Hər an əmrinizlə Azərbaycanımızın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda qanımızdan və canımızdan keçməyə hazırıq.

Dəyərli Komandanımız, Sizin rəhbərliyinizlə ermənilərlə savaşı udduq, düşməni torpaqlarımızdan qovub ərazilərimizi işğaldan azad etdik. Xaricdəki düşmənimizlə bacardıq, amma çox təəssüf ki, daxildəki bəzi daş ürəkli məmurlarımızla bacarmırıq. Bizlər – hamılıqla Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Dəfələrlə çıxışlarınızda vurğulayırsınız ki, mən xalqın xidmətçisiyəm, məmurlar da xalqla birlikdə olmalı, xalqa xidmət etməlidirlər. Amma çox təəssüf ki, Yardımlıda bəzi məmurlar xalqa deyil, tam başqa məqsədə xidmət edirlər.

Cənab Ali Baş Komandan, bir neçə il olar ki, valideynlərimiz ev telefonu çəkdirməkdən ötrü yüz dəfələrlə rayon idarələrində olmuş, İcra Hakimiyyəti və Yardımlı Telekommunikasiya idarəsinə müraciət etmişlər. Rayon İcra Hakimiyyəti dəfələrlə müraciət etmiş sakinlərə telefon çəkilməyindən ötrü Yardımlı rayon Telekommunikasiya Qovşağına müraciət etsə də, oradakı daşürəklilər nə sakinlərin, nə də İcra Hakimiyyətinin müraciətinə məhəl vermir. Müasir internet əsrində adi bir telefon xəttinin çəkilməsi niyə bu qədər problemə çevrilib bilinmir.

Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, yaralanıb əlil olanlara və döyüşənlərə diqqət və qayğı dövlətin borcu, xalqın mənəvi öhdəliyidir. Amma çox təəssüf ki, bu gün Yardımlı Telekommunikasiya idarəsi nəinki vətəndaşa xidmət edir, əksinə vətəndaşa qarşı göstərdiyi etinasızlığı ilə vətəndaşı dövlətdən narazı salaraq milli birliyimizə xələl gətirir.

Cənab Prezident! Xahiş edirik bizim evimizə telefon çəkilməsindən ötrü bizə köməklik göstərəsiniz. Eləcə də, məmur-vətəndaş qarşıdurmasında maraqlı olan Yardımlı Telekommunikasiya rəhbərliyi haqqında lazımi ölçü götürəsiniz.

Dərin hörmət və sayğılarla:

Yardımlı rayonunun Anzov kənd sakinləri ,

Qalibiyyətli Vətən müharibəsi iştirakçısı olan Sizin əsgərləriniz:

Məmmədli Ülvi Məmməd oğlu – Baş leytenant, qazi
Dünyamalıyev Əmrah Namik oğlu- veteran əsgər
Fətullayev Səbuhi Çiləxan oğlu – veteran əsgər
Hüseynov Sənan Zöhrab oğlu – ehtiyatda olan çavuş
Səmədli Qismət Ağalı oğlu – gizir
Balaşlı Qismət Şahverdi oğlu – veteran əsgər
Əlaqə: 050-678-52-88″

P.S Bəhs etdiyimiz problemin aradan qaldırılması barədə xəbəri tezliklə dərc edəcəyimizi ümid edirik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir