Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin Moskvada planlaşdırılan görüşü baş tutmadı – İrəvan “Xalq Diplomatiyası”ndan imtina etdi
Mayın ilk günlərində Moskvada Avropa Şurasının himayəsi altında Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin 44 günlük Qarabağ müharibəsinin başa çatmasından sonra ilk görüşü baş tutmalıydı. Virtualaz.org xəbər verir ki, bu çoxdan gözlənilən hadisə olmalıydı, çünki son illər həm Rusiya xarici işlər naziri, həm Minsk Qrupunun həmsədrləri, həm avropalı siyasətçilər və diplomatlar iki ölkə arasında xalq diplomatiyasının, qarşılıqlı etimadın yaranmasının vacibliyi haqda danışırdılar.
Lakin məlum olub ki, görüşün baş tutmasına sayılı günlər qalmış Ermənistan bu sülhməramlı təşəbbüsdən imtina edib. Rusiya xarici işlər nazirinin Ermənistanın bu hərəkətinə reaksiyası məlum deyil, Strasburq da susur.
Hansı ki, Moskvada iki ölkədən olan yaradıcı ziyalılar iki xalqın gələcək birgəyaşayışının modelini axtaracaqdılar. Axı ikinci Qarabağ müharibəsi başa çatsa da regionda yekun sülh əldə edilməyib, xalqlar arasında sülhün necə qurulacağı indi başlıca mövzudur. Ermənistanda isə davamlı olaraq bu məsələni müzakirə etməkdən yayınırdılar.
Xalq diplomatiyası Qarabağ məsələsində əslində yenilik deyil. Belə təşəbbüslər həm 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı illərdə, həm daha sonra-2000-ci illərin əvvəllərində irəli sürülüb və həyata keçirilib. Amma gözlənilən nəticəni verməyib və daha sonra ümumiyyətlə dayandırılıb.
90-cı illərin sonlarından başlayaraq Azərbaycan və Ermənistan siyasətçiləri regionun gələcəyinə, münaqişənin həlli yollarına və xalqlar arasında sülhün təmin edilməsinə dair qızğın debatlar, müzakirələr aparırdılar. Müxtəlif konfranslar, seminarlar keçirilirdi, qarşılıqlı səfərlər təşkil olunurdu. Amma sonradan, 2000-ci illərin əvvəllərindən etibarən Ermənistanın danışıqlar prosesini dalana sürükləməsi, bütün fəaliyyətini status-kvonun saxlanılmasına yönəltməsi sonda xalq diplomatiyası təşəbbüslərini də boğdu. Bütün bunlar müharibəni qaçılmaz etdi və Azərbaycan ötən ilin payızında başlayan müharibəni qələbə ilə yekunlaşdıraraq işğal edilmiş torpaqlarını geri qaytardı. Ermənistan təslim oldu və belə hesab olunurdu ki, nəhayət münaqişənin birdəfəlik tarixə keçməsi, regionda davamlı sülhün əldə olunması üçün real şans yaranıb. Bu sülhü təmin etmək üçün xalq diplomatiyası elementlərinin yenidən gündəmə gəlməsi də qaçılmaz idi. Amma göründüyü kimi, Ermənistan bu təşəbbüsləri geri çevirir. Doğrudanmı erməni tərəfi revanş və yeni müharibə barədə xəyallar qurur?
Virtualaz.org