Son günlər Mirələmovun məlum videosu çox mətləblərin üstünü açıb, bəzi məsələlər üstündə yenidən baş sındırmağa vadar etdi. Məlum videonu izləyib, analiz etdikcə normal təfəkkürə malik olan hər kəs nəticə çıxarıb, cavabsız qalan sualların cavabını tapmağı da bacarır. Cavabsız qalan suallardan biri iş yerlərində işçilərə qoyulan cins və yaş tələbidir, hara gedib, qapını döyüb iş istəyirsən ilk sualları belə olur, neçə yaşın var? Bizim tələbimiz 20-30 yaş arası xanımlardır. Hamıda belə bir sual yaranırdı, niyə xanım? Və niyə 20-30 yaş arası? Niyə ölkəmizdə 30 yaşdan sonra xanıma dəyərsiz əşya münasibəti bəslənir. 30 yaşlı qadın qoca hesab olunur, əməyi məhdudlaşdırılır. Araşdırsaq, görərik ki, dünyanın heç bir ölkəsində belə bir tələb yoxdur. Ya biz aşırı müasirləşmişik, ya da aşırı geridə qalmış. Lakin biz nə müasirik, nə də geridə qalmış. Nəzər salsaq Azərbaycan qanunlarına görərik ki, elə bir qanun yoxdur ki, qadın 30 yaşdan sonra işə yararsız hesab edilsin. Və yaxud hansısa işə ancaq 20-30 yaşlı xanımlar tələb olunsun. Modellik üçün müraciət edən xanımlarla digər işlər üçün müraciət edən xanımlar arasında disbalans yoxdur. Bəs yazılmayan qanunları qoyanlar kimlərdir və hansı məqsədə xidmət edirlər? Sualın cavabını isə günlərdir ölkə gündəmini zəbt edən məlum video cavabladı. Yazılmayan qanunu qoyub, icra etdirənlər yuxarıda oturub dərəbəylik edənlərdir, Mirələmovun simasında harınlamış yekə qarın, süysünüyoğun kişilərdi.
Gənc qızları işə götürənlər təəssüf ki, biliyə deyil, qızların vizual görünüşünə, loru dildə desək, boyuna-buxununa, əndamına daha çox diqqət edirlər. Qadına sadəcə işçi gözü ilə deyil, aşna gözü ilə baxır, kəməndə salmağın yollarını axtarırlar. Çirkli pulları gənc qızların taleyini də çox vaxt eləcə çirkləndirir. Təbii ki, bunu hamıya və hər yerə şamil etməsək də, acı reallıqdır ki, yuxarıda sadaladığım tələblər əksər iş yerlərində keçərlidir. İş elanlarının manjeti də belədir: “20-30 yaş arası xanımlar tələb olunur”. Bu kimi tələblər çox vaxt gənc qızlarımızı həyatda səhv addım atıb, doğru olmayan qərarlar verməyə vadar edir. Məqsədləri necə olursa, olsun 30 yaşa qədər karyeralarını qurmalı, pul yığıb özlərinə gün ağlamalıdırlar. Bəzən həmin məqsəd zərurətə, ehtiyaca çevrilir, həmin zərurət də hər gün eşitdiyimiz intiharlara gətirib çıxarır. Qızlar düşünür ki, müəyyən yaşdan sonra istifadəyə yararsız əşya kimi evin bir küncünə atılacaqlar. Məhz bu səbəblərdən dolayı, Azərbaycanda xanımlar yaş kompleksi yaşayır, yaşlarını gizlətməyə çalışır, gənc görünsünlər deyə, cərrahi müdaxilələrə baş vururlar. Dünya ulduzları yaşını gizlətmədiyi halda, Azərbaycanda evdar xanımlar belə yaşını gizlədir. Çünki onları buna kişilər məcbur edir. 30 yaşdan sonra qadını qoca hesab edib, sütül qız axtaran kişilər.
Bəli, heç kim inkar edə bilməz ki, qadına təcavüz, gənc qızlarımızın istismarı yaşadığımız dövrün ən qlobal problemlərindəndir. Gündən-günə artan qadın özünəqəsdləri bir daha bunu sübüt edir. Hələ də Azərbaycan qadını Fatma nənə ruhundan tam uzaqlaşa bilmir, nə qədər Avropaya inteqrasiya etsək də, Fatma nənə təfəkküründən canımızı qurtara bilmirik. Əksi olsaydı, qadınlarımız Mirələmov kimilərin qurbanı olub, sosial şəbəkələrin trendinə çevrilməzdi.
Sabah həmin qadın intihara əl atsa, günahkar kim olacaq? Mirələmov? Xeyr, ən böyük günahkar cəmiyyətdir, mənəm, sənsən, odur. O görüntüləri aləmlə bir edənlərdir. Azərbaycan xanımını düşünməyib, Mirələmovla şəxsi qərəzlik yürüdüb, nüfuzuna ləkə gətirmək istəyənlərdi. Xanım alət olaraq istifadə olunub. Bir insanı rüsvay etmək üçün, bir nəsil, bir ailə rüsvay edilir. Azərbaycan xanımı aşağılanır. Dünyaya ləyaqət simvolu kimi təqdim olunan, Burla Xatunun varisi türk qadınının ləyaqəti təhqir olunur. Qadını təhqir edən təkcə videoda yer alan ixtiyar yox, o görüntüləri vicdanı sızlamadan sosial şəbəkələrə sızdıranlardır.
Lakin indi hamı olub süddən çıxmış ağ qaşıq. Mirələmovun ünvanına təhqir yazan kim, söyüş yazan kim, aşağılayan kim. Hər kəs olub qeyrət dağarcığı, qeyrətsiz təkcə Mirələmovdur. Yıxılanı baltalamaq bizim adətimizdir. Guya ki, ölkəmizdəki bütün kişilər peyğəmbər övladıdır, Mirələmov şeytandan törəyib. Sən demə, kabinetində işçisinə qarşı qeyri-etik hərəkət edən yeganə şəxs Mirələmov imiş. Bu yolun yolçuları indi xalqa əxlaq dərsi keçirlər. Məsələnin gündəmə gəlməsi ilə hamısı dönüb oldu Mirələmovun əsərlərinin müsbət qəhrəmanı. Amma içlərindəki şeytan gec-tez vəsvəsə verəcək. Mirələmovun aqibəti Mirələmov kimiləri də gözləyir. Bu gün 76 yaşlı ixtiyar kişini ələ salıb, bir qadının həyatı ilə çilik toxma oynayanlar, həmin oyun sabah sizin özünüzlə də oynanılacaq!.
Elida Muxayeva