Musiqi ruhun qidası, insan qəlbini riqqətə gətirən, ecazkar, sehrli səsdir. Musiqi ilə ilk tanışlığımız dünyaya gələn gün ana laylası ilə başlayır.
Musiqi mədəniyyətin bir qolu, ayrılmaz hissəsidir. Lakin çox təəssüf ki, musiqi dedikdə, indi çoxlarının yadına “Dəli balam” “Çəkilin Bəşir gəlir” “Xəstəyəm” bu tip bayağı musiqilər düşür. Bu tip musiqiləri ifa edənləri Azərbaycan mədəniyyəti deyil, bayağı musiqilərindən gələn gəlir maraqlandırır. El üçün ağlayan Allah bəndəsinin də biri çıxıb onları tənqid edəndə, cavabları belə olur “Bizə təlabat var, xalq bizi sevir”. Son zamanların ən populyar məsələsi isə trend məsələsidir, hind musiqisi üstə iki sətir ağlına gələn sözü zümzümə edib trendə düşmək Azərbaycanda dəbdir. Hansı kanalı açsan, hansı verilişi izləsən eyni müğənni, eyni mahnı, eyni ədanı görmək olur. Nə tənqid veclərinədir, nə mədəniyyət!.
Musiqini çox əsrlik tarixi var. Bunu arxeoloji qazıntılar da sübut edir. Dünyada ölkələr var ki, musiqi havasına hopmuş, torpağı, suyu ilə qarışmışdır. Belə ölkələrdən biri, bəlkə də, birincisi Azərbaycandır. Musiqi bizim qanımızda, canımızda, ruhumuzdadır. Xüsusən, Qarabağ bölgəsinin insanları öz səsləri, musiqi duyumları ilə məşhurdurlar. Təsadüfi deyil ki, Şuşa mədəniyyət beşiyidir.
Lakin bu gün səsi olmayanlar, öz oxuduqlarını özləri başa düşməyənlər, efirlərə dinləyiciləri feyzyab etmək üçün deyil, özünü reklam etmək üçün çıxanlar daha çoxdur. Ərsəyə gətirdikləri musiqilərə yox, girdikləri əməliyyatlara, bədən quruluşlarına, efir geyimlərinə daha çox diqqət edirlər. Belələrində səsdən, musiqi duyumundan başqa nə desən var. Bu gün hər yerindən duran, musiqini anlayan, anlamayan, səsi olan, olmayan, cinsiyyəti bilinməyən hamı oxumağa can atır. Oxuduqları üslubu isə nəinki dinləyicilər, nə oxuyanın özü, nə də mahnının müəllifi ayırd edə bilir. Səslərinin olmamasına rəğmən yenə də oxumaq adlandırmaq olarsa, oxumaq istəyirlər, çünki bundan asan yol yoxdur. Beyin yorub elmlə məşğul olmaq, cism yorub fiziki işlə məşğul olmaqdansa, səs yazma studiyasında yarım saat vaxt itirib, həm pul, həm hörmət, şan-şöhrət qazanırlar. Populyar müğənni olmağın daha asan bir üsulu efirə çıxıb, məşhur müğənniyə söz atmaqdır. Atmacaynan piar olunmaq da dəbdir bizim məmləkətdə.
Pandemiyadan əvvəl müğənnilər gecə gördükləri yuxuya qafiyə tutur, yeddi notdan heç birinə uyğun gəlməyən, bəsit, bayağı mahnılarla toy bazarı tuturdular. Yarım saatlıq toyda fonoqram oxumağa minlərlə məbləğ tələb edirdilər. “ Dağlara gedək”, “Dərələrə gedək”, “Yağışın altında islanaq” və.s. Ucuz söz və musiqinin vəhdət təşkil etdiyi mahnılarla insanların musiqi zövqünü korlayır, ruhumuzu da, beynimizi də zəhərləyir. Toylar keçirilməsə də, bu cür bayağı mahnılar yenə dinlənilir, özləri dediyi kimi o mahnılara tələbat çoxdur. Görəsən, niyə bizim dahi bəstəkarlarımız Ü. Hacıbəyov, F.Əmirov, Q. Qarayevin unudulmaz əsərləri olduğu halda, söz və musiqisi iki qəpiyə dəyməyən mahnılara təlabat duyulur. Elə bu gün də sözün əsl mənasında söz və musiqi yazanlarımız az deyil. Lakin onların əsərlərinə müraciət azdır. Cəmiyyəti düşündürən əsərlərdən müğənnilər qaçır. Ucuz sözlərdən yığılmış mahnılar daha populyar olur.
Rəvayətə görə, Pifaqor musiqinin içində riyaziyyat olduğunu kəşf edib. Bu gün isə 2+2 ni 6 hesablayanlar ən çox sevilən və dinlənilən müğənnilərdir. Onların mahnılarını dinləyib bəzən hansı dildə oxuduqlarını ayırd etmək belə çətin olur. Beş dəqiqəlik bir mahnıda cəmi 5 söz olur, ikisi şəxs əvəzliyi-Mən, Sən. Bu cür söz kasadlığı olan mahnılar kütlənin ən çox sevdiyi mahnılardır, İnsanlar bəsitliyə can atır, lirikadan, klassikadan uzaqlaşır.
O vaxt saraylarda xüsusi kef məclisləri düzələrmiş, xanların vəzirlərin musiqilərlə zövqlərini oxşayarlarmış. Yəqin onlar bu günkü musiqiləri dinləsəydilər, musiqi dinləməyə tövbə edərdilər.
Gündəmi zəbt edib, özünə tamaşaçı kütləsi qazanmaq istəyənlər yarıçılpaq geyimləri və ailə-məişət problemləri ilə buna nail olurlar. Səslərinə, ifalarına görə izlənməyənlər anormal geyimlərinə və məişət söhbətlərinə görə izlənilirlər. Mədəniyyətimizi təbliğ edənlər görünür, lüğətdəki MƏDƏNİYYƏT sözündən xəbərsizdirlər.
Əvvəllər böyüklər musiqi dinləyəndə, musiqinin təsirindən başlarını yellədiklərini, ətrafı unutduqlarını, xəyala daldıqlarını, kövrəldiklərini görürdük. Bu gün musiqilərimiz bayağılığa cığır alıb, bəsitliyə yoldaş olublar. Bir neçə ildən sonra Qızıl Fondda kimin mahnıları saxlanılacaq?
Musiqi məlhəmdir, dərdimizi unutdurur, sevincimizə şərik olur, xatirələrimizi bölüşür, sevincimiz kimi dərd ortağımıza da çevrilir, insanı
duyğulandırır, kövrəldir. Bu, musiqinin böyüklüyüdür, əsl sənət əsəri olmasıdır. Qafiyə, trend xətrinə yazılan, heç bir mənası, məzmunu, söz və musiqi vəhdəti olmayan musiqilər duyğularımıza təsir edə bilməz. Belə məzmunsuz 4,5 söz yığınından ibarət mahnılar qulaq yormaqdan başqa bir işə yaramır.
Musiqi də bir elmdir, elmi bu qədər ucuzlaşdırmaq, bəsitləşdirmək musiqi elminə və bu elmin keşiyində duranlara qarşı təhqirdir. Qulağımız o qədər bayağı mahnılar eşidir ki, artıq yaxşını pisdən seçməkdə çətinlik çəkirik.
Elida Muxayeva