“Səlim Müslümov nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib. Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
O bildirib ki, həmin dövrdə əlilliyi olmayanlar əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb: “Onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır. Yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, “2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”. Heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi?”. Q.İbadoğlu qeyd edib ki, əlilliyinin yoxlanılması dövründə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır: “Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə düşünən varmı?”.