Manşet Səhiyyə

“Xəstəxandan bildirdilər ki, meyidi aparmağa maşınımız yoxdur…” – GİLEY

Hamil Lətifov “Gözətçi”yə bildirib ki, aprelin əvvəlində onun və həyat yoldaşının COVİD-19 testi pozitiv çıxdığı üçün Şəki modul tipli xəstəxanaya müraciət ediblər. Xəstəxanada yer olmadığından onları Balakən rayon xəstəxanasına yerləşdiriblər.

«Aprelin 13-də Şəkidən bizi Balakən xətəxanasına apardılar. Yeddi gün orda qalmışıq. Aprelin 18-də həyat yoldaşım vəfat edib, ancaq mənə bildirməyiblər. Səhəri günü oğlum və qardaşım meyidi götürmək üçün gələndə xəbər tutdum».

H.Lətifov bildirir ki, həyat yoldaşının meyitini Balakəndən gətirib dəfn edilməsi özlərinə həvalə edilib.

«Nə xəstəxanadan, nə də polis idarəsindən heç bir köməklik olunmayıb. Xəstəxandan bildirdilər ki, meyidi aparmağa nə maşınımız var, nə də şəraitimiz, imkanımız. Özün aparın, özünüz də basdırın. Dəfndə iki polis işçisinin iştirakına baxmayaraq, analarının meyidini qəbirə qoymağı iki oğlum özləri etdilər».

Şikayətçi bu xəstəliklə əlaqəli belə halın hansı formada düzgün sayılmasını anlaya bilmədiyini deyir.

«O cür xəstəliyə yoluxub vəfat etmiş insan xüsusi formada dəfn edilməlidir. Övladları belə olsa, yaxın gəlməli deyillər. Onlara icazə var idi o formada meyiti qəbrə qoymağa? Hər halda bu cür xəstələr üçün dövlətin qəbul etdiyi qanunlar var».

Hamil Lətifov onu da qeyd edib ki, aprelin 19-da onun özünü də xəstəxanadan çıxardıblar.

«Bildiriblər ki, xəstəxanada yer yoxdur. Xəstəxanada qalmağım üçün dəfələrlə müraciət etsəm də, bütün yerlərin dolu olduğunu dedilər. Ancaq hər sözü haqqına demək lazımdır, müalicəmi Balakən xəstəxanası öz üzərinə götürdü».

Şikayətçi əlavə edib ki, onu karantin qaydalarının pozulmasında günahlandırıblar.

«Karantin müddətim aprelin 27-də bitib. Yoldaşımın hüzrü verilmir, amma ikinci günü heç bir əsası olmadan gəlib məni qapımda tutublar ki, sən qaydanı pozmusan. Deyirlər ki, sən qapından bir addım çölə ayaq basmısan. O bir addım mənə irad tutulub. Kanal gəlib məni çəkib, elə təqdim edib ki, guya məni hardasa ictimai yerdə tutublar. Guya polis nümayəndəsi mənə xəbərdarlıq edib, mən isə o xəbərdarlığa baxmamışam və məni evimə gətiriblər. Halbuki məni şəkildə də, televiziya çəkilişində də həyət qapısından içəridə çəkiblər. Mən müəlliməm, ikinci qrup əliləm, amma bu cür xələl gətirilməsi mənim sənətimə də zərbədir».

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir