Cəmiyyət

Məhkəmə qərarını icra hakimiyyətinin vəzifəliləri necə sabotaj edib… – İLGİNC FAKT

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov vəzifədə olduğu müddətdə adı çoxsaylı qanunsuzluqda, cinayətdə hallanıb. Onun imzası ilə törədilən axırıncı qanundankənar əməl isə vəzifədə olduğu son gün – 2018-ci il aprelin 20-də baş verib. Aprelin 21-də isə Hacıbala Abutalıbov artıq mer deyildi. Onun imzaladığı sənəd araşdırılacağı təqdirdə həbsinə yol açmaq gücündədir. Belə ki, son imzası ilə Hacıbala Abutalıbov Azərbaycan məhkəməsini ələ salmaqla yanaşı, misli görünməmiş qanunsuzluq etməklə Bakı şəhərinin şərq hissəsini susuz qalma təhlükəsi ilə üz-üzə qoyub.

Vətəndaş Bahadur Əli Hacıbala Abutalıbov və onun dəstə üzvlərinin cinayətlərinin araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova məktub yollayıb. Surəti “Yeni Müsavat”a göndərilən məktubda Bahadur Əli yazır ki, Bakı Şəhər İcra Hakimiyyətində vaxtilə mühasib işləmiş, əvvəllər məhkum olunmuş Tamara Əliyevna Həmidova ilə BŞİH Aparat rəhbəri sənədləri saxtalaşdırıblar. Həmin saxta sənədlər əsasında Tamara Həmidova dövlətin və vətəndaşın mülkiyyətində olan torpaq sahəsini ələ keçirib: “Belə ki, Tamara Həmidovanın qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq bizim Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəmizə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olur ki, icarə verilən torpağın bir hissəsi bizim torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür. Həmin icarə müqaviləsi bizim maraqlarımıza toxunduğu üçün biz Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, C.Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdik. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında bizə məxsus torpaq sahəsinin zəbt edilməsi tam təsdiq olundu. Məhkəmədə Tamara Həmidova və H.Abutalıbovun dəstəsi icarə müqaviləsinin ləğv edilməsinin və iş üzrə xüsusi qərardadın çıxarılmasının qaçılmaz olduğunu anladılar”.

Vətəndaş yazır ki, bundan sonra Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstəsi növbəti cinayətə bərabər qanunsuzluğa imza atıblar: “İddiamızın təmin edilməsinin qaçılmaz olduğunu, icarə müqaviləsinin ləğv ediləcəyini və barələrində xüsusi qərardadın çıxarılacağını başa düşdülər. Bundan yayınmaq üçün BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişini məhkəməyə təqdim etdilər. Bununla da məhkəmənin yekun qərarı ilə müqavilənin artıq ləğv edilməsi əsası ilə iddiamız həmin hissədə təmin edilmədi.

Bütün məhkəmə araşdırmaları dövründə Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri Tamara Həmidovanı hər vəchlə müdafiə edirdi və onların qarşılıqlı razılıq əsasında icarə müqaviləsini ləğv etmələri bizdə əsaslı şübhələr yaratdı”.

Bahadur Əli idarə rəisinə yazır ki, sonradan bu şübhələrin əsaslı olması hüquq-mühafizə orqanlarının araşdırması ilə təsdiq olunub: “Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstə üzvləri 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdikləri gün Cəlal Həmidovun adına 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi veriblər. Bu, Azərbaycan məhkəməsinin ələ salınması, qanunlara meydan oxumaqdır! Bu cür kobud qanun pozuntusu həmin vəzifəli şəxslər üçün ağır cinayət məsuliyyəti yaradır”.

Bahadur Əli daha bir qanunsuzluq barədə faktları diqqətə çatdırır: “Məhkəmə araşdırması zamanı o da müəyyən edilib ki, Tamara Həmidova zəbt etdiyi ərazi ilə bizə məxsus olan torpaq sahəsinin üst-üstə düşmədiyini göstərmək üçün icarəyə götürdüyü 826.2 kv.m. torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qanunsuz olaraq 806.2 kv.m. torpaq sahəsi kimi qeydiyyata alınmasına nail olub. Bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0866879 nömrəli, 25.05.2016 tarixli çıxarış verilib. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi ilə icarəyə verilən ərazinin 35 kv.m. hissəsi bizim mülkiyyətimizdə olan torpaq sahəsi ilə üst-üstə düşür.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2-1(82)-635/2015 saylı qərarı ilə “Azərsu” ASC-nin Nizami bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Cəlal Əli oğlu Həmidova və digərlərinə qarşı iddiası qismən təmin edilib. Həmin qərarla Nizami rayon bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərar etibarsız hesab edilib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, Cəlal Əli oğlu Həmidova həm 105 kv.m. torpaq sahəsinin ayrılması, həm də 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə əsas kimi göstərilən Bakı Şəhər İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli 7-129/7g saylı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 23 avqust 2004-cü il tarixli 18/038/5435 saylı məktubları inzibati akt olmayıb. Yəni həmin məktublar əsasında hər hansı hüquq yarana bilməz. Mübahisəli torpaq sahəsi Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və onun mühafizə zonasında yerləşdiyindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə və icarəyə verilməsi Nazirlər Kabinetinin 21.08.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının” 6.1.2.1-ci bəndi ilə qadağandır. Çünki Nazirlər Kabinetinin həmin qərarı ilə magistral su kəmərlərinin 10 metrlik mühafizə zonasında yerləşən torpaq sahələrinin fərdi yaşayış evlərinin inşası üçün mülkiyyətə və icarəyə verilməsi qadağan edilib.

Tamara Həmidova və Hacıbala Abutalıbovun əməllərində AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma (passiv rüşvətxorluq), 312-ci(rüşvət vermə (aktiv rüşvətxorluq)), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)), 313-cü(vəzifə saxtakarlığı), 314-1-ci (dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə), 314-2-ci (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və başqa maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri var”.

Bahadur Əli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan xahiş edir ki, Hacıbala Abutalıbovun dəstəsi və Tamara Həmidovanın törətdikləri cinayət əməlləri cinayət işi çərçivəsində araşdırılsın.

P.S.Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

“Yeni Müsavat”

Məhkəmə qərarını icra hakimiyyətinin vəzifəliləri necə sabotaj edib...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir