Günlərdir hamının dilində bir dua var idi, “Allah sənətkara şəfa versin” Təəssüf ki, bu gün duamız başqa məzmun kəsb etdi, “ Allah rəhmət etsin, Arif Quliyev”
Elə insanlar var itkisi təkcə yaxınlarını deyil, onu tanıyan hər kəsi sarsıdır, pərişan edir.
Ömrünü sənətə, insanların üzündə təbəssüm yaratmağa həsr etdi Arif Quliyev. İnsanlara gülüş bəxş edən sənətkar bəlkə də, heç gülməyin nə olduğunu bilmədi. Özünün yaşadıqlarını tamaşaçılarına rəva görmədi, onların acılarına məlhəm olmağı seçdi. Yaşamaq prinsipi insanlara gülüş bəxş etmək, özü demiş, üzlərdən kədəri, qüssəni oğurlamaq oldu.
Həyat onunla elə qəddar oynadı ki. Sevgiyə, nəvazişə, ana laylasına, ata qayğısına tamarzı böyüdü. Lakin yaşadığı acıları yansıtmadı tamaşaçıya. Kimsə xəbərdar olmadı acılarından. Acılarını içində yaşadı, kədərini qəlbinə axıtdı, təbəssümü dodağına qondurdu, sevinci çöhrəsinə hopdurdu. Səhnə kimi yaşadı həyatı, içdən ağladı üzdən güldü, kədəri gizlədib, sevinci göstərdi. Hamını güldürdü, əyləndirdi, sevindirdi, təkcə özü sevinmədi. Ancaq yumşaq ürəyi, həlim qəlbi, bir də bala həsrəti, oğul dağı hərdən ələ verirdi Arif Quliyevi. Göz yaşları tabe olmurdu sənətkara, içində tüğyan edən dərd göz yaşı ilə islanır, nikbin kəlimələrlə biruzə verirdi özünü. Qəmli notların üstə parıltılı naxışlar vururdu, hər cümləsindən gələcəyə inam parıldayırdı. Hər sözündən həyat eşqi axır, çöhrəsindən sevgi tökülürdü.
Şöhrət arxasınca qaçmadı, ad uğrunda savaşmadı. Şöhrət özü gəlib Arifi tapdı. Adının mənası həyatı ilə kontrapunkt təşkil etdi. O, hamını anladı, başa düşdü, günahkarı bağışladı. Günahlı, günahsız hamını, hər kəsi sevdi, həyata aşiq, sənətinə vurğun oldu.
Həyatı ilə bağlı film çəkmək arzulayırdı sənətkar. Hər epizoduna kədər qonan həyatını lentə köçürmək istəyirdi. Acılarla dolu ömrün şirin qəhqəhələri. Maraqlı film olardı, oynadığı rollar kimi, həyat epizodları da hafizələrdə qorunardı. Kədər ensiklopediyası olan ömrün ağrısının, acısının şahidi olmaq, yetimliyin iztirablarını yaşamaq, uşaq evində böyüməyin kədərini dadmaq, övlad itirən atanın dərdini başa düşmək üçün. Daxilən bədbəxt üzdən xoşbəxt görünməyin necə qəliz proses olduğunu tamaşaçıya ötürmək üçün Arif Quliyevin həyatından mükəmməl ssenari ola bilməzdi.
Həmişə üzümüzdə gülüş yaradan Arif Quliyevin son vəziyyəti xəstəxanadan yayılan görüntüləri ilə iztirablı ömrün yeganə acılı kadrı oldu. Bəlkə o zarıltılı səsi ilə də “oraaa” qışqırırdı. Epizodik rollarla yaddaşlara həkk olundu. Arif Quliyev adı eşidəndə hamı qəhqəhə çəkdi. Simalara ilıq təbəssüm qondu.
O qəhqəhələrin fonunda acılar görünmədi.
Səhnə gülüş ocağına, müvəqqəti şadlıq məkanına çevrildi. Xoşbəxtliyini səhnədə tapdı, pərdə arxası bəxti gətirməyən yaradılış oldu. Ölüm sevinməsin, rollarında, insanların qəlbində yaşayacaq sənətkar. Səhnə üçün yandı, yandırdı özünü, cismini, canını, ruhunu qoydu səhnəyə. İçində hönkür-hönkür ağlasa da, Tamaşaçıya qucaq-qucaq gülüş bağışladı.
Rəhmət deyənin çox, məkanın cənnət olsun, Arif Quliyev!.
Elida Muxayeva