Manşet

FAKT BUDUR: Ermənistan sülhə tam hazır deyil – NƏ ETMƏLİ?

Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin keçmişdə qaldığını bəyan etsə də, vaxtaşırı bölgədə müharibənin yenidən alovlanacağı barədə ehtimallar səslənir. “Yeni Müsavat” bildirir ki, Ermənistandakı revanşist qüvvələrin boşboğaz və cəfəng açıqlamaları, qisas arzuları ilə yanaşı, Azərbaycanın Qarabağın dağlıq ərazisində antiterror əməliyyatlarına başlaya biləcəyi proqnozları irəli sürülür.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə İrəvan səfərində bildirib ki, kiçik insidentlər dərhal və effektiv şəkildə sülhməramlı qüvvələrimiz tərəfindən həll edilir, bunlar olmadan, heç bir əməliyyat keçirilə bilməz. XİN başçısı bu açıqlama ilə revanşistlərin ümidini suya düşürə bilər. Çünki köçəryanlar, sərkisyanlar hələ də azad edilən torpaqların “geri qaytarılması”ndan, Hadrut və Şuşa arzularından dəm vururlar.

Amma istər Ermənistanın müharibədə aldığı sarsıdıcı zərbələr, istər üçtərəfli bəyanatın icrasına başlanması göstərir ki, müharibənin yenidən başlanması gözlənilmir. Buna nə ermənilərin hərbi gücü var, nə ölkədə döyüş ovqatı müşahidə olunur. Paşinyan hakimiyyəti də qisas əhval-ruhiyyəsində deyil və seçkilərdə qalib gələrsə, sülh müqaviləsinin imzalanması da istisna edilmir. Bəs müharibəni başlamaq kimlərə sərf edir? Rusiya sülhməramlı qüvvələrini Qarabağa yerləşdirdikdən sonra bölgədə təzədən savaşa rəvac verə bilərmi?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan və Ermənistan mətbuatında ara-sıra yeni hərbi əməliyyatların başlanacağı haqda müxtəlif mülahizələr yer alır. Onun fikrincə, bu ehtimalların irəli sürülməsi üçtərəfli bəyanatın bütün bəndlərinin hələ də tam yerinə yetirilməməsi ilə bağlıdır. Z.Məmmədov hesab edir ki, Xankəndi ətrafında hələ də silahlı qüvvələr qalır və bölgəni tərk etməyib: “Həmsədr ölkələrin hər üçü Xankəndindəki erməniləri müdafiə etməklə məşğuldur. Bəziləri fikirləşir ki, sülhməramlılar bölgədə möhkəmlənəcək, Qarabağdan çıxmayacaqlar. Bilmək lazımdır ki onlar müvəqqətidir və rus qoşunları Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq siyasətinin möhkəmlənməsində rol oynamalıdırlar”.

Politoloqun sözlərinə görə, kimlərsə sülhməramlıların erməni əhalini qoruduğunu düşünür: “Bu, cəfəngiyatdır. Erməni əhali Bakıda da yaşayır, onlara heç bir təhdid yoxdur. Hərbi əməliyyatlara gəlincə, bu ehtimal hər zaman olacaq. Biz bir sıra çağırışların olduğunu da görürük. Ancaq bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılı olacaq”.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, gərginlik qalır, ona görə müharibənin təzədən başlamayacağını birmənalı söyləmək çətindir: “Azərbaycanı narahat edən məsələlər hələ də açıq qalır. Onlardan biri erməni separatçıların və silahlı dəstə komandirlərinin Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ərazilərində yerləşməsidir. Onlar davamlı olaraq Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Digər tərəfdən, ermənilərin silahlı tör-töküntüləri və sülhməramlılar 10 noyabrdan bəri gözləntiləri tam yerinə yetirməyiblər”.

Hərbi ekspertin fikrincə, hazırda ermənilərin hərbi əməliyyatlara başlaması, yenidən ərazilərimizi işğal etmək cəhdi real görünmür, Ermənistanın hərbi gücü buna imkan vermir: “Amma onlar gələcəkdə hərbi imkanlarını möhkəmləndirərsə, onda Azərbaycana qarşı təhdidlər başlanması istisna deyil. Çünki ermənilər o ərazilərin, xüsusən Şuşa, Hadrut və Ağdərə istiqamətində ərazilərin itirilməsi ilə barışa bilmirlər. Yalnız Zəngəzur dəhlizi təhvil verildikdən sonra müharibənin başlanmayacağını əminliklə söyləmək olar. Əks təqdirdə Ermənistanın hazırda sülhə tam kökləndiyini demək çətindir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, hazırda Ermənistanda seçkiqabağı durumdur, belə bir vəziyyətdə orada populist mövzuları artıb: “Müxtəlif ekzotik fikirlər səsləndirilir. Hesab edirəm ki, bu informasiya da həmin fikirlərin siyahısında duran məsələlərdəndir, Çünki bunun heç bir məntiqi əsası yoxdur. Azərbaycan bundan sonra onların dediyi kimi heç nəyi ”azad etməyəcək”. Azadetmə məsələsi altı ay bundan qabaq baş verib. Ölkəmiz ermənilərin işğal etdiyi torpaqları azad edib. Ermənilər başa düşməlidirlər ki, 30 il bundan əvvəl Azərbaycana qarşı onların ərazi iddiaları ilə başlayan “Miatsum” layihəsi iflasa uğrayıb. Bəziləri bunu başa düşmür. Bəziləri isə bu məsələdən süni şəkildə istifadə etməyə çalışır. Fikrimcə, bu kimi informasiyalara, məlumatlara ciddi yanaşmaq lazım deyil”.

Siyasi şərhçi Ramiyə Məmmədova yaxın 5 il ərzində Qarabağda müharibə gözləmir. Onun sözlərinə görə, Rusiya münaqişənin qızışmasının əleyhinədir və kommunikasiyaların açılmasını istəyir. Ekspert erməni revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə belə üçtərəfli bəyanatı yerinə yetirməli olduqlarını düşünür: “Sadəcə, köhnə klan hakimiyyəti götürsə, bu proses ləng gedə bilər və cığallıq etməyə başlayacaqlar. Çünki onlar məğlubiyyəti həzm etmirlər və Azərbaycan tərəfi də bu odioz, cinayətkar qüvvələrlə danışıq aparmaq istəmir. Ona görə seçkidə Paşinyanın qələbəsi bizə lazımdır və Ermənistanda hələ ki, mötədil qüvvə onun hökumətidir. Onun seçkidə qalib gəlməsi bölgədə gərginliyin azalmasına, müharibə ehtimalının uzaqlaşmasına səbəb olacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir