Manşet

9 May faşizim üzərində qələbə günü

 

XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ona görə ki, xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən çox böyük fədakarlıqla çalışıb. Bu böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək belə çox çətindir. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş qeyrətli Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Heç şübhəsiz ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. Həmçinin o vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi. ”

Hər bu böyük qələbənin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç zaman unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır. Elə məhz həmin qəhrəmanl aradan iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini

Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, əbədi tarixə düşmüşdür.

Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də çox yüksək peşəkarlıq nümunələri göstərmişlər. 1941-45-ci illər müharibəsi dövründə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı casuslarını aşkara çıxarmış və həbs etmişdir. Müharibə illərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın rayonlarında və Bakı şəhərində 30-a yaxın belə təxribatçı-casus tutulmuşdu.

Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.

İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində ən mühüm amilə çevrilib. Ona görə də hər il 9 may – Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır. Çünki bu gün biz rahat yaşayırıqsa məhz həmin qəhrəmanlarımızın sayəsindədir, onlar xalqımızın müstəqilliyi uğrunda qanlarından canlarından keçiblər. Buna görə də biz heç zaman onları unutmamalıyıq.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir