“Bir neçə həftədir ki, bütün dünyada dolların əsas valyutalara nisbətdə ucuzlaşması müşahidə olunur. ABŞ-da işsizliyin 6 faizdən 6,1%-ə qalxmasını göstərən statistika açıqlanandan sonra dolların ucuzlaşması bir az da vüsət aldı, çünki həmin rəqəm Birləşmiş Ştatlarda iqtisadi vəziyyətin gözlənildiyindən daha pis olduğunu ortaya çıxardı. Belə ki, ekspertlər aprel ayında işsizliyin 5,8%-ə düşəcəyini gözləyirdilər. Axı işsizliyin artması həm də o deməkdir ki, Federal Ehtiyatlar Sistemi (FES) hazırkı “yumşaq” pul-kredit siyasətini davam etdirəcək”.
Azvision.az xəbər verir ki, bu sözləri Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə deyib. Ekspertin sözlərinə görə, bütün bunları ümumiləşdirəndə belə nəticə hasil olur ki, ABŞ iqtisadiyyatında pandemiyadan sonrakı bərpa hələ istənilən səviyyədə başlamayıb. Və Ağ Evin bu məqsədlə ayırdığı 1,9 trilyon dolların bəhrəsini ikinci rübdə də görmək mümkün olmayacaq.
– Digər inkişaf etmiş ölkələrin göstəricilərilə müqayisə edəndə bu amillər dolların ucuzlaşmasını şərtləndirdi. Əlavə olaraq, uzunmüddətli təsirləri də nəzərə almaq lazımdır. 2020-ci ilin nəticələrinə görə, dünya ölkələrinin mərkəzi banklarının dollar ehtiyatları ümumi ehtiyatların 59%-ni təşkil edir. Halbuki, 2020-ci ilin əvvəlində bu göstərici 61 faiz idi! Bir ildə 2 faizlik qlobal azalma ciddi məsələdir. Bu, son 25 ildəki ən aşağı səviyyə olmaqla, ABŞ valyutasının dünya iqtisadiyyatındakı rolunun azalmaq istiqamətində getdiyini göstərir. Artıq mərkəzi bankların çoxu ehtiyatlarını diversifikasiya edərək, başqa valyutalarda da saxlayırlar. Xüsusilə də Avropanın hazırda bahalaşmaqda olan vahid valyutası bu baxımdan çox cazibəli görülür. Dollara isə tələbat azalır,- deyə o, bildirib.
Əlibala Məhərrəmzadənin sözlərinə görə, dollar ucuzlaşdıqca, paralel olaraq, dünyada postpandemiya dövründə iqtisadi aktivlik bərpa olunduğundan, neftin qiyməti də qalxır: “Düzdür, haker hücumunun nəticəsində ABŞ-ın “Colonial Pipeline” boru xəttinin işinin dayandırılması da qiymətin sıçrayışına təsir göstərdi, amma fundamental fon münasib olmasa, belə amillərin təsiri çox tez sovuşur. Artıq “Brent” 70 dolların həndəvərindədir və ekspertlər artımın davam edəcəyini gözləyirlər. Bəziləri neftin hətta 80 dollara qalxacağını da istisna etmir. Bu isə iqtisadiyyatı neftdən asılı olan ölkələrin, ilk növbədə də hazırda ABŞ sanksiyaları ilə üzləşmiş Rusiyanın gəlirlərinin artması, demək, rublun möhkəmlənməsi deməkdir. Yeri gəlmişkən, Qazaxıstan təngəsinin dollara nisbətdə bahalaşması da eyni səbəbdən baş verir. Sanksiyalara cavab olaraq, Rusiya şirkətləri beynəlxalq əməliyyatları dollarsız həyata keçirməyə üstünlük verirlər. Öz növbəsində, bu da Amerika valyutasına tələbatı azaltmaqla, onu zəiflədir”.
Təbii ki, bu yerdə hamıda manatın taleyilə bağlı suallar yaranacaq: Bir halda ki, dollar düşür, neft isə qalxır, onda bizim valyutamız da bahalaşacaqmı? Professor vurğulayıb ki, manat sərbəst dönərli valyuta olmadığından, dünya bazarında gedən bu proseslər onun məzənnəsinə birbaşa təsir etmir. Amma dolayı təsirlər əlbəttə, var: “Azərbaycanda da dollara tələbat aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalıb. Tələbat azalıb, ölkəyə gələn valyuta isə artıbsa, bu, Mərkəzi Bankın sədri Elman Rüstəmovun da dediyi kimi, valyuta bazarında profisit olduğu anlamına gəlir. Yəni hazırda ölkənin valyuta bazarında tam sabitlik və tarazlıq var”.
Sonda Əlibala Məhərrəmzadə bir amili də qeyd edib: “Hələ ki tam öyrənilməmiş bir fenomenin də dollara və onun dünyadakı roluna mümkün təsirləri haqqında dərindən düşünməyin vaxtı çatır. Söhbət kriptovalyutalardan gedir. Ötən həftə dünyadakı kriptovalyutaların ümumi qiyməti tarixdə ilk dəfə olaraq, ABŞ dollarının fiziki həcminin qiymətini aşdı. Bu, kifayət qədər ciddi hadisə idi. Demək, artıq onların da haqqında ciddi danışmağın vaxtıdır”.