Ötən həftələrdə vəzifəsindən rədd edilən sabiq “Azərsu” şefi Qorxmaz Hüseynovun yaxın adamı kimi tanınan Yaşar Məhərrəmov Göygöl rayon Sukanal idarəsinin rəisi gələndən bəri su bulandırır. Rayonun içməli su təchizatını daha bərbad hala salan, əsasən yağışlı havalarda çirklənməkdə olan Kürəkçay suyunun bioloji tərkibini belə anlamayan, səlahiyyətlərindən baş çıxartmayan müdir rayon sakinlərinə kütləvi borclar yazmaqla və sair özfəaliyyətlərlə məşğuliyyətdən savayı bir işə yaramır. Heç ali təhsili belə olmayan bu şəxsin SU işinə hardan və necə gətirildiyini, hansı haqla əhaliyə “su içirtdiyi”ni, nə vaxt öz “ağa”sının arxasınca göndəriləcəyini sual edən, maraqlanan sakinlər günbəgün artmaqdadır.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, Məhərrəmov Yaşar Yusif oğlu “Azərsu” üçün qeyri-istisaslı kadr olması bir yana, 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətinə də cəlb edilən şəxs olub. O həmin illərdə çalışdığı Gəncə Cihazqayırma Zavodunun xəzinədarı kimi küllü miqdarda vəsaitin “mənimsənilməsi və israf edilməsi” kimi korrupsiya hallarına yol verib. Lakin, sonradan ölkənin sabiq baş prokuroru Zakir Qaralovun şəxsi tapşırığı əsasında Gəncə ş, Kəpəz rayon Məhkəməsinin hakimi Elman Rəhimovun icraatında olmuş cinayət işi üzrə sadəcə cərimə edilməklə məsuliyyətdən yayındırılıb. Bu azmış kimi, baş prokurorun tapşırığı ilə sonralar öz iş yerini “Azərsu”da – Qorxmaz Hüseynovun tabeliyində davam etdirib.
Məlumata görə, Qaralovun həmkəndlisi “Azərsu” ASC-nin Qərb regionu üzrə su-tikinti işlərində və Gəncə sukanal idarəsində maddi-məsul vəzifələrədək yüksəldilib. Uzun illər Göygöl-Gəncə magistral su boru xətti üzərində söz sahibi ola, Gəncə və ətraf qəsəbələrdə “at oynadan” “SU MAFİYA”sına rüşvətlə su satışı həyata keçirə bilib.
Göygöl sakinlərinin əksəriyyəti hesab edir ki, belə bir adamın rayonda strateji əhəmiyyətli posta oturub müdirlik etməsi, istehlakçıları girinc hala salması doğru deyil. Şəxsin tərcümeyi-halındakı nöqsanları, bisavad olması da əslində xalqın dediyini deyir.
Daha bir məlumata görə, Yaşar Məhərrəmovu supulları ilə milyonçu olmuş Qorxmaz Hüseynovla yaxın edən iqtisadi maraqlar da olub. Belə ki, birinci sonuncuya uzun illər su sayğacları maxinasiyasında, bir sıra otkat-tender layihələrində yardım edib.
Y.Məhərrəmovun uzun müddət Qorxmaz Hüseynova yaxın adamlarla əlbir olmaqla, Gəncə “Cihazqayırma ASC”-nin istehsalı olan müxtəlif sayğacların kolkulyasiyasından ucuz qiymətə “Azərsu” ASC-nin sifarişinə ayırdığı, müəssisəyə bilərəkdən zərər vurduğu iddia edilir. Təbii ki, Qorxmaz Hüseynov da ucuz qiymətə aldığı sayğacların quraşdırılması adı ilə büdcədən dəfələrlə artıq məbləğdə vəsaitlər ayırmaqla milyonlar qazanıb. Bu da tərəfləri xoş və şirin salıb.
Xatırladaq ki, hələ sovetlər birliyi dönəmində Gəncə-Cihaz zavodu («Gəncə Sənaye Cihaz» ASC) MDB-nin yeganə su sayğacı istehsal edən müəssisəsi olub və istehsal gücü ilə dünyaya meydan oxuyub. Lakin, müstəqillikdən sonra dövlət qurumlarımızın özlərinin maddi maraqları sayəsində fəaliyyətində xeyli axsamalar olub. Son illərədək hökumət də yerli sayğac istehsalında bu quruma yetərincə maraqlı olmayıb. Elə “Azərsu”nun sabiq rəhbərinin özünə “sayğac monopoliyası” düzənləməsi, bu zavodun sayğaclarına qarşı “alternativ”lər axtarması, müxtəlif adda istehsalat müəssisəsi yaratması, öz mənfəəti naminə ölkəyə lazım olan sayğacların böyük əksəriyyətinin də daha baha qiymətlə başqa ünvanlardan alması söhbətin nədən getdiyinə dəlalət edən ən tutarlı dəlildir.
Onu da bildiririk ki, hazırda Göygöl rayonunda “Azərsu”nun yerli fəaliyyətinə qarşı baş qaldıran ən başlıca narazılıq 2014-cü ildən quraşdırılmış xarici istehsallı “Smart” tipli sayğacların yeniləri ilə əvəz edilməməsi, yalnız vətəndaşların müraciətlərindən sonra fərdi qaydada sayğaclaşdırmaların həyata keçirilməsidir. Bunun qurum tərəfindən bilərəkdən edilməsi, istismara yararsız sayğacların dövriyyədə saxlanılması, nəticədə kompüter üzərindən süni hesablamalarla abonent kodlarına küllü miqdarda cərimələrin yazılması məqsədilə edilir. Əks təqdirdə, hər bir qurum özü istismar müddətindən asılı olaraq abonentlərin sayğaclarının dəyişdirilməsini üzərinə götürür, daha vətəndaşlar üçün ayrı-ayrılıqda sayğaclaşma edib digərlərinə də cərimə niyə yazsın?!
Məlumata görə, qurumun bu kimi laqeyidliyi və özbaşına davranışı bütün bölgələri, şəhər və rayonları da əhatə edir. Görünür bu yolla da Qorxmaz Hüseynovlar və komandası xalqdan yığılaraq oğurlanan supullarının hesabatını verərkən məhz xalqı borclu göstərərək ölkə rəhbərliyini də aldadır. Bundan əlavə, ölkə üzrə 100 minlərlə istismar müddəti bitmiş sayğacların varlığını nəzərə alsaq, sadə məntiqdir ki, xalqın halal suyunu xalqa 1 manata satıb milyonçu olanlar kütləvi sayğaclaşmanı edib xərcə düşmək istəmirlər. Amma bunun da çarəsi var, hamılıqla 955 qaynar xətti yığın, sayğacınız yararsızdırsa kütləvi şikayət edin, haqqınızı tələb edin. Yoxsa, haqqımızın-hüquqlarımızın üstündən hələ çox su içəcəklər!
Bir də, inanmayaq ki, bu yazılanlara da aydınlıq gətirilə…