“Zəngəzur dəhlizinə gəldikdə, bu layihə bütün region dövlətlərinin maraqlarına cavab verir, o cümlədən, Rusiyanın… Moskva anlayır ki, dəhliz açılsa, bu onların da maraqlarına uyğun strateji addım olar. Amma görünür, indiki məqamda bununla bağlı İrəvana birmənalı təzyiq etmək istəmir, Bakı və İrəvan arasında neytral mövqe tutur. Aydın məsələdir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bunun açılmasına nail olan da Azərbaycan olacaq. Biz bütün vasitələrdən istifadə edəcəyik ki, dəhliz açılsın”.
Qərbi Kaspi Universitetinin professoru, sabiq diplomat Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
– Ermənistan-Azərbaycan sərhədlərinin demarikasiya və delimitasiyası gərginlik yaradıb. Sizcə, bu gərginlik nədən və ya kimdən qaynaqlanır? Bu gərginliyin yekununda kim nəyə nail olmaq istəyir?
– Hesab edirəm ki, bu gərginliyi Ermənistanın özü düşünülmüş şəkildə yaradır. Səbəbinin də daxildəki siyasi qarşıdurma olduğunu düşünürəm. Daxili siyasi qüvvələr qarşıdan gələn seçkilər ərəfəsində bundan istifadə edərək, özlərini qəhrəman kimi qələmə vermək istəyirlər. Guya Azərbaycana müqavimət göstərirlər, öz xalqlarına da mesaj vermək istəyirlər ki, biz aparıcı dövlətlərdən kömək istəmişik və onlar bizi artıq dəstəkləyirlər. Yəni bu, Ermənistanın oynadığı oyunların bir variantıdır.
Düşünmürəm ki, bu variantlar real şəkildə işləyir. İndi Paşinyan kiməsə zəng edib nəsə xahiş edir və bu xahiş də yerinə yetirilirsə, bu o demək deyil ki, aparıcı qüvvələr onun arxasında bərk dayanıblar.
– ABŞ nə istəyir: məqsəd Nikol Paşinyanı hakimiyyətdə saxlamaqdır, yoxsa Azərbaycanın geri çəkilməsinə nail olmaq?..
– Bilirik ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar uzun illər məsələnin həllindən boyun qaçırırdılar, ermənilərin başlarını sığallayırdılar. Faktiki olaraq, 30 ildən sonra torpaqlarımızı özümüz azad etmişik. ABŞ ermənilərə ona görə dəstək vermir ki, onlardan xoşu gəlir. Görünür, onları Azərbaycan-Türkiyə alyansı narahat edir.
Cənubi Qafqazda yeni bir gücün ortaya çıxması onları birmənalı şəkildə qorxudur. Bu səbəbdən də, belə gurultulu bəyanatlarla çıxış edir, zəng vururlar. Amma düşünmürəm ki, onların bu bəyanatları bizi narahat etməlidir.
– Rusiyanın baş verənlərə münasibəti nədir? ABŞ və Fransadan fərqli olaraq, Rusiya Ermənistandan narazı kimi görünür.
– Rusiya bu münaqişənin həllində rol oynayan aparıcı dövlətdir, biz bunu gördük. Faktiki olaraq, Rusiya Minsk qrupundan çıxaraq öz oyununu oynamaq istədi. Biz də bununla razılaşdıq və 10 noyabr bəyanatına imza atdıq.
Əlbəttə, Rusiya Ermənistanın yaxın hərbi-siyasi müttəfiqidir. Eyni zamanda, onu da başa düşürlər ki, hazırda Azərbaycanla Ermənistana təzyiq etmək də önəmli amildir. Artıq İrəvanın atdığı və atacağı addımlar birmənalı şəkildə Moskvadan asılıdır. Moskva da bundan çox peşəkarlıqla istifadə edir.
Hələlik baş verənlər maraqlarımıza uyğun gəlir.
– Sərhəddəki gərginlik Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirib. Paşinyan iddia edir ki, bu məsələ üçtərəfli anlaşmalarda yer almayıb, Kreml və Bakı isə əksini deyir. Bəs Ermənistanın buna qarşı çıxması prosesə əngəl yarada bilərmi?
– Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Rusiyanın bu prosesdə dəstəklədiyi qüvvələr var. Artıq Moskvada kimin seçiləcəyi ssenarisi cızılıb. Onlar da istəyirlər ki, Ermənistan mövcud situasiyada asılmış vəziyyətdə qalsın. Çünki bu, Ermənistanı Moskvaya daha yaxın edən bir amildir.
Zəngəzur dəhlizinə gəldikdə, bu layihə bütün region dövlətlərinin maraqlarına cavab verir, o cümlədən, Rusiyanın… Moskva anlayır ki, dəhliz açılsa, bu onların da maraqlarına uyğun strateji addım olar. Amma görünür, indiki məqamda bununla bağlı İrəvana birmənalı təzyiq etmək istəmir, Bakı və İrəvan arasında neytral mövqe tutur. Aydın məsələdir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bunun açılmasına nail olan da Azərbaycan olacaq. Biz bütün vasitələrdən istifadə edəcəyik ki, dəhliz açılsın.
– Türkiyə isə sanki baş verən son gəlişmələrə münasibətdə təmkinlidir.
– Türkiyə yanımızdadır, bizi dəstəkləyir. Türkiyə Cənubi Qafqazda gedən bütün proseslərdə iştirakçıdır. Türkiyənin burada oynadığı rol ondan ibarət olub ki, biz öz torpaqlarımızı işğaldan azad etmişik. Ağdamda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi yaradılıb və fəaliyyətə başlayıb. Türkiyə bizimlə müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz Türkiyəyə ümid edirik, qardaşımızdır, amma biz bir çox məsələlərdə özümüz mövqeyimizi bildiririk, sözümüzü deyirik və məqsədlərimizə nail oluruq. Bunu zaman da göstərdi.
O da faktdır ki, bu gün Türkiyə dünyanın bir çox bölgələrində gedən proseslərdə iştirakçıdır. Liviya, Suriya və İsrail-Fələstin münaqişələrində də öz sözünü deyir. Türkiyə böyük bir dövlət kimi bu proseslərdə aparıcı rol oynayır və bu statusda bundan sonra da çıxış edəcək.
– Bəs İran nə istəyir? İrandan Ermənistana dəstək açıqlamaları verilir. Niyə cənub qonşumuzdan Azərbaycana qarşı belə bir açıq mövqe sərgilənir? Ümumiyyətlə, İranı ciddiyə almaq lazımdırmı?
– İranın bu siyasəti yeni deyil. Biz bunu ötən 30 ildə – torpaqlarımız Ermənistanın işğalında olduğu dövrdə də görmüşük. İran humanitar və enerji sahələrində Ermənistana kömək edirdi. Amma İkinci Qarabağ Müharibəsində İran bizim tərəfimizdə idi, bu münaqişəyə qarışmadı, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Hətta bu, Ermənistanın bir sıra siyasətçilərinin narazılığına da səbəb oldu. Onlar hesab edirlər ki, İran bununla öz missiyasını başa vurub və bu məsələlərlə ciddi şəkildə məşğul olmayacaq – keçmişdəki kimi öz siyasi addımlarını atacaq.
Bunu da nəzərə alaq ki, İranda seçkiqabağı kampaniya başlayıb. Yeni prezident seçilməlidir. İndi atılan bir sıra addımlar bu seçkiqabağı kampaniya ilə sıx bağlıdır. Qənaətimə görə, İranın bizim və Yaxın Şərq regionunda atdığı addımlar buna həsr olunub. Təbii ki, biz İranla qonşuluq siyasətini bundan sonra davam etdirməliyik, biz heç kimlə düşmən olmaq istəmirik. Çünki bizim əsas məqsədimiz yerinə yetirilib. İndi də post-münaqişə dövründə qarşıda duran məsələləri həll etməliyik.