Cəmiyyət

Vətəndaşla icra hakimiyyəti ÜZ-ÜZƏ… – Qarajın sökülməsinə görə kompensasiya niyə verilmir?

Paytaxtın Binəqədi rayon sakini üç ildir ona dəymiş ziyanın ödənilməməsindən şikayətçidir.

Bu barədə Oxu.Az-a Bakı şəhər sakini Bayramlı Kamilla Nail qızı məlumat verib.

O bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi ilə şəxsi mülkiyyətimdə olan qaraj sökülüb:

“Binəqədi Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti ev 30 ünvanında həyətyanı sahələrdə abadlıq və yenidənqurma işlərinin aparılmasını əsas göstərərək qarajımın sökülməsinə səbəb olub. Abadlaşdırma işlərinin aparılması zamanı qarajımın sökülməsinə o halda razı oldum ki, mənə dəymiş zərər tam olaraq qarşılansın. Əlbəttə, respublika ərazisində abadlıq işinin aparılmasında hər bir vətəndaşımızın borcudur ki, əlindən gələn köməkliyi etsin. Binəqədi Rayon İcra Hakimiyyətindən mənə verilən məlumata əsasən, hər bir vətəndaşa dəyən zərər dövlət tərəfindən qarşılanacaq. Amma dəfələrlə icra hakimiyyətinə müraciət etməyimə baxmayaraq, mənə dəymiş zərərin ödənilməsi ilə bağlı bu günədək tədbir görülməyib”.

O bildirir ki, məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edib:

“Bir neçə məhkəmə çəkişməsindən sonra Ali Məhkəmənin qərarı ilə 18 kvadratmetr sahəsi olan dəmir qarajın sökülməsi ilə əlaqədar 16 000 manat kompensasiyanın ödənilməsinin Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilib. Qərar qəti xarakter daşıyıb və 2018-ci ildən qanuni qüvvəsini alıb. Lakin bu günədək Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərar icra edilməyib və mənə dəymiş zərər kompensasiya olunmayıb”.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşa dəymiş ziyanın ödənilməsi ilə əlaqədar aidiyyəti quruma müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, aidiyyəti qurum tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra vətəndaşın kompensasiyasının ödənilməsi təmin ediləcəkdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir