Atanın adı Nəsrəddin, deputat oğulun adı Kəmaləddin, qardaşının adı Hüsaməddin, yəqin məntiqlə nəvənin də adı Xeyrəddin olmalıdır. Söhbət Qafarovlar ailəsindən gedir.
Xeyrəddin, yəni dinə faydası, xeyri dəyən adam.
Ancaq bu ailənin ən üzdə olan adamı, Binəqədidən deputat olan, Milli Onkologiya Mərkəzinin ( MOM ) direktor müavini Kəmaləddin Qafarovun əməllərindən görünür ki, bunlardan DİN-ə FAYDA, XEYR gəlməz, ancaq və ancaq ziyan gələ bilər.
Bu adam normal ali təhsil də ala bilməyib. Naxçıvanda hansısa məktəbdə aqronom-üzümçü diplomu alıb.
Bu aqronom-üzümçü necə Milli Onkologiya Mərkəzində direktor müavini ola bilər ?
Bu adamın heç tibb feldşer təhsili də yoxdur e. Heç olmasa mal doxturu-baytar-zad olsaydı, cəhənnəmə deyərdik.
Bəs aqronomu kimlər səhiyyənin ən ağır sahəsi olan Onkologiya Mərkəzinə rəhbər qoyur.
Bu adam rəhbərdən çox alverçidir. Ölümlə çarpışan, ümidsiz insanların, kasıb təbəqənin barmağındakı üzüyə, qulağındakı sırğaya tamam salan, faizə-sələmə xəstəyə dərman satan adamdan nə gözləmək olar ?
Ada bax ee…Nəsrəddin, Hüsaməddin, Kəmaləddin, Xeyrəddin…
Azərbaycan səhiyyəsinin “ xərçəngi ” adını qazanmış Kəmaləddin Qafarov onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alır . Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra…
Bu adam həm “AzəriMed” şirkətinin sahibidir, həm də Onkologiya Mərkəzinin direktor müavinidir. Deməli, bu adam öz şirkətindən direktor müavini olduğu MOM-a 43 milyon manat dəyərində mal alır. Yəni satan da özüdür, alan da özü.
Dünyada bunun analoqu yoxdur.
İzi itirmək üçün şirkəti gah qardaşı Hüsaməddinin adına keçirir, gah hansısa xanımın adına. Yəni aşıq-aşkar bu adam milyonları mənimsəyir.
Bütün bunlar azmış kimi ölkəyə gətirilən keyfiyyətsiz dərmanların çoxunu Kəmaləddin Qafarovun şirkətləri gətirir.
Bu adam milləti fiziki cəhətdən zəhərləyir.
Bizim aqronom-deputat dərmandan, xəstələrdən qazandığı milyonları yönəldir bina tikintisinə. Bəli, üzümçü-aqronom “VERSAL PALACE” MTK-ya da sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir. “Versal Palace” isə Elmira Məmmədovanın adınadır.
Kəmaləddin Qafarov həm də “Zəfəran” apteklər şəbəkəsinin sahibidir. Ümumiyyətlə, onun biznesi Gürcüstandan Yunanıstana qədər uzanıb gedir. Və ən dəhşətlisi odur ki, milyonluq tenderlərin hamısını Qafarovlar ailəsinə məxsus şirkətlər udur.
İndi isə Kəmaləddin, Hüsaməddin, Cəlaləddin qardaşlarının adına olan şirkələrin siyahısına baxın və nəticə çıxardın.
1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında “AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki “Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır. Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.
2.Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş “ZƏFƏRAN” apteklərinə və “ZƏFƏRAN HOSPİTAL”ı idarə edir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır.
3. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və “VERSAL PALACE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur.
4. “VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – 2004-cü il avqustun 16-da 500 manat nizamnamə kapitalı ilə ELMİRA MƏMMƏDOVA PAŞA qızının adına rəsmiləşdirilib. Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir.
5. “KANON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur.
Bu siyahını uzatmaqla oxucunu yormağa da ehtiyac görmürük.
Ancaq bir sual var:
Bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Yeni klinika”nın direktoru Pərviz Abbasovu və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevi həbs etdi.
Bəs bu boyda cinayət əməlləri ortada olduğu halda Kəmaləddin Qafarov niyə həbs olunmur ?
Bu gün cəmiyyəti düşündürən ən vacib və aktual sual budur. //gundelik-baku.com//