Manşet

Zəmanəmizin Şeyx Nəsrullahı

Bildiyimiz kimi, “molla” sözü ərəb dilindəki “mövla” kəlməsindən götürülüb; mənası “ağa, başçı” deməkdir. Adətən, dini məişət ayinlərini dəfn mərasimi, kəbin, yas məclisi və s. bu kimi işləri icra edən din xadimlərinə molla deyilir. Keçmişdə mollalar mədrəsədə şagirdlərə dini dərs keçdiklərinə görə mədrəsələri də “mollaxana” adlandırırdılar. Həmçinin keçmişdə savadlı şəxslərin, şair və ədiblərin, nüfuzlu ruhanilərin də adının əvvəlinə “molla” ləqəbini qoşurdular. Onlardan nümunə olaraq: Molla Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Sədra, Molla Cuma, Molla Nəsrəddin və s. göstərmək olar. Lakin indiki dövrün mollaları haqqında danışmaq belə utancverici bir hissdir. Təbii ki, bəzi “dırnaqarası mollalar” nəzərdə tutulur, bütün mollaları da bura daxil etmək düzgün olmaz. İndiki bəzi mollalar sanki qatildirlər. Yəqin ki, ötən günlərdə Lerik rayonunun Barzavu kəndində yaşayan gənc qadının qonşuluğunda yaşayan mollanın həmin qadının evdə tək olmasından istifadə edərək gizli şəkildə mənzilə daxil olaraq qadına qarşı əxlaqsız hərəkət etməyə çalışması, həmçinin qadının da özünü müdafiə etmək üçün “evə oğru girib” deyərək qışqırması və sonra mollanın cibində gəzdirdiyi bıçaqla onun boğazını kəsməsi, daha sonra izi itirmək üçün amansızlıqla qadını qətlə yetirib, iyrənc əməlini ört-basdır etmək məqsədilə qorxaqcasına hadisə yerindən qaçması hər kəsin xəbərdar olduğu dəhşətli bir hadisədir. Bu cür yalançı mollalar nə bilir din nədir, dini qanunlar nələrdir. Hardan bilsinlər axı hərəsi bir transkripsiyalı kitabı alıb əlinə heç onu da düzgün oxumağı bacarmırlar, bir də mahiyyətinin nə olduğunu bilmədikləri arağçını geyiniblər başlarına ki, tam molla görünüşü yaratsınlar insanların təfəkküründə. Xeyir, əslində molla sadəcə görünüş tərzində deyil daxilən də əsl molla olmalıdır. Hər yerindən duran, hətta adını belə doğru yaza bilməyən özünü əziyyətə salmaq istəmir ən rahat yolu seçir molla olmaq, kiçik bir çərəkə kitabı ilə işlərinin həll olunduğunu düşünürlər. Bilmirlər ki, molla dini qayda-qanunları hər kəsdən yaxşı bilməli və şəriət qanunlarını anlamayanlara da gözəl bir şəkildə çatdırmalıdır. Yoxsa belə molla adı altında qatil olaraq yaşayanlardan digər zəif düşüncəli, dini bilikləri olmayan insanlar nə öyrənsin. Bəlkə də bu cür mollalar Qurani Kərimdən bir hərif belə tanımırlar. Ümumiyyətlə, Quranda yazılanların mahiyyətini dərk etmirlər. Bilirik ki, Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin ən müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Quranın ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb ədəbi dilini bilməyənlər belə onu dinləməkdən doymur, ən müqəddəs kəlam kimi can-dildən ona qulaq

asırlar. Həmçinin bu müqəddəs kitab bütün insanlığa göndərildiyi üçün orada yaşam tərzinə aid, mənəviyyata aid, Allahın qayda-qanununa aid hər şey var. Quranı bütöv şəkildə gözdən keçirəndə bu mövzuları daha aydın seçmək mümkündür. Sevgiyə, dostluğa, qardaşlığa aid kifayət qədər ayələr var. Məsələn: Sevgidən danışarkən ilk Allah sevgisinin vacibliyindən bəhs edilir, sonra valideynə olan sevgidən, insanların bir-birinə sevgisindən bəhs edilərək sevginin müxtəlif formalarından söz açılır. Lakin bu cür adı molla əməlləri nəinki mollalığa heç insanlığa yaraşmayan hərəkətlər edən insanlar isə Qurani-Kərimin ən azından yaxşı bilicisi olmalı olduqları halda tam əksi özlərini bir növ kafir kimi aparırlar. Çünki onlar özləri də bilmirlər ki, bu müqəddəs kitabda yazılanlar kimdən və nədən bəhs edir. Bilsəydilər bəlkə də bu cür molla adına yaraşmayan hərəkətlər etməzdilər. Və belə yalançı mollalar elə düşünürlər ki, Quranda yazılan, lakin özlərinin transkripsiyalı formasını oxuduqları bütün müqəddəs ayələr məhz ölülərə şamil edilib. Amma bilmirlər ki, bu surələr, ayələr ölülər üçün yox, məhz canlılar üçün nazil olunmuşdur. Buna görə də onların oxunması canlı olan şəxslərə daha çox vacibdir. Çünki ölü insanın bütün əməlləri kəsilmiş olur üç əməlindən başqa, Peyğəmbərimizin (s. a. s) bununla əlaqədar olaraq belə bir hədisi də var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.”

Həmçinin, Quran hidayət kitabıdır. Quran insanları hidayət edən, ağrılı sinələrə şəfa verən və qaranlıqları yaran bir nurdur. Nə çox müdrik insanlar var ki, bu geniş ilahi ziyafət süfrəsinin başında əyləşmiş, sonsuz bilik və maarif xəzinəsindən qidalanırlar. Quranın axar suyu yalnız nazil olduğu dövrün insanlarını yox, həm də əbədiyyətə qədər bilik və nur təşnələrini doyuracaqdır. Məhz İslam Peyğəmbərinin (s) bu əbədi möcüzəsinin mübarizəyə çağırış sədası hələ də müxaliflərin və inadkarların səsini boğazında qısmış və İslam dininin haqq olmasını sübuta yetirmişdir. Bu böyük ilahi kəlamı Allahın müqəddəs zatından qeyri kimsə vəsf edə bilməz. Odur ki, Quranın bir çox ayələri öz əzəmətini və vəsflərini bəyan etmişdir. Lakin hazırki, İslam dünyasına baxanda bu ayələri, hədisləri görmək mümkün deyil. İslam coğrafiyasında baş verən vəhşiliklər, qətllər hamısı Allahın ayələrindən uzaq düşməklərinə görə olur. Möminləri buraxıb kafirlərlə dost olan sözdə müsəlmanlar Məsələn: İran-Rusiya, Səudiyyə-ABŞ “qardaşlığı” bir-birinin qanını tökməklə məşğuldur. Müsəlman olduğunu iddia edənlər bircə Ali İmran surəsinin 103-cü ayəsini başa düşüb tətbiq etsəydilər bunların heç biri olmazdı. Həmin ayədə belə buyurulur: “Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız”. Bu ayələrə əməl etməyən belə dırnaqarası mollalar insana Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindəki Şeyx Nəsrullahı xatırladır. Bir molla olaraq dinin deyil, hiyləgərlik və dələduzluq kimi əməllərin mahir bilicisidirlər. Bu cür mollaları dövrümüzün Şeyx Nəsrullahı adlandırmaq olar. Bilirik ki, keçmişdə savadlı şəxslərin adlarının əvvəlinə “molla” ləqəbini qoşurdular, çox təəssüf ki, indiki Şeyx Nəsrullah tipli mollalar bu sözə xələl gətirirlər, elə bu səbəbdən insanların bəziləri “molla” deyəndə gülümsəyirlər, sanki bu sözə ironiya ilə yanaşırlar və bundan da belə nəticəyə gəlmək olur ki, başqalarının xanımına göz dikməklə, hətta oxuduğu ayə və surələrin mənasını bilməyən sözdə molla, həqiqətdə cahil olanlar belə bir dəyərli sözü, ləqəbi gözdən salırlar, bir növ gülüş obyektinə çevirirlər.

Belə bir məsəl var: “İnsanlar dəli olanda molla yanına gedir, molla dəli olanda kimin yanına getsin”.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir