Manşet

Opera və Balet teatrının ŞÜBHƏLİ TENDER ORTAĞI… – FAKT

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatr binasının tamamilə yenidən qurulması layihəsi hələ 2009-cu ildə Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanıb həyata keçirilmişdi. Həmin dövrdə ölkə başçısına məlumat verilmişdi ki, teatrın binası, səhnəsi, tamaşa zalı, əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq. Zal və səhnənin yenidən qurulmasına İtaliyadan peşəkar ustalar cəlb ediləcək. Səhnə ən müasir və çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaq.

Üstündən 10 il keçdikdən sonra,yəni 2019-cu ildə də teatrın fasad hissəsi və inzibati binanın mərhələli şəkildə təmir olunacağı barədə tender elan edilməsi barədə dövrü mətbuatda xəbərlərlər yayılıb. Apardığımız araşdırmalar zamanı 2009-2019-cu illərdə teatr binasının necə təmir olunması,ayrılmış dövlət vəsaitləri barədə açıq mənbələrdən ətraflı heç bir məlumat əldə edə bilmədik. Bununla belə bu qədər köklü təmir,bərpa işlərindən sonra teatrın yenidən təmir olunması üçün 3 milyon manatdan çox dövlət vəsaitinin ayrılması zərurətinin haradan yaranması maraq doğurmaya bilmir.

Qeyd edək ki, Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının 2021-ci il üçün tikinti mallarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirməsi barədə elanında 22.05.2021-ci il tarixdə 3 339 300 manat məbləğində satınalma müqaviləsinin “İNSHAAT MM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması bildirilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İNSHAAT MM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.04.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, RƏŞİD BAĞIROV, ev 28/3, m. 0 qanuni təsilşisinin isə Abbasov Rövşən Ağamoğlan oğlu olduğu göstərilir.

Dövlət reyestrinə daxil edilmiş məlumatlardan da görə göründüyü kimi Akademik Opera və Balet Teatrının Tender Komissiyası 3 milyon manatdan çox satınalma müailəsi bağladığı “İNSHAAT MM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti tenderdə qalib elan olunduğu gündən cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 2 manat təşkil edir. Bu da satıınalmalar haqqında mövcud qanunvericiliyin tələblərinə zidd bir haldır.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının,təcrübəsinin,texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 25 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı burada şübhə yaratmaya bilmir.

Bundan əlavə MMC-nin qanuni təmsilçisi Abbasov Rövşən Ağamoğlan oğlu CM-nin 178.2.4, (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 29, 318.2 maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunmuşdur. Bu isə külli miqdarda dövlət vəsaitinin birbaşa təhlükəli əllərə verilməsi deməkdir.

Opera və Balet teatrının ŞÜBHƏLİ TENDER ORTAĞI...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir