Manşet

İcbari Tibbi Sığorta niyə problemləri aradan qaldırmır? – Həkim də, xəstə də narazıdırsa…

İcbari Tibbi Sığorta sisteminin tətbiqi vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qollarından biri hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İTS bir sosial yük deyil, insan kapitalına qoyulan investisiyadır. Ölkəmizdə də cari ilin yanvarın1-dən İcbari Tibbi Sığortanın ikinci mərhələsinin tətbiqinə başlanılıb, 36 şəhər və rayonu bu sistemə qoşulub.

Aprelin 1-dən isə Bakı, Sumqayıt, Abşeron rayonlarında da İTS-nin tətbiqinə başlanılıb. Artıq bir neçə müddətdir ki, adıçəkilən sistemin tətbiqinə başlansa da, bu sahədə ciddi irəliləyiş nəzərə çarpmır.

Ötən müddət ərzində həkim və xəstələrin yeni sistemdən gözləntiləri hələ ki, özünü doğrultmayıb.

Belə ki, vətəndaşlar yanvar ayının 1-dən icbari tibbi sığorta haqları ödəsələr də, bu sistemdən lazımınca yararlana bilmirlər. Həkimlər də bu müddət ərzində əmək haqlarında elə bir dəyişikliyin olmamasından şikayətçidir.

Beləliklə, İTS sistemi ilə bağlı hər iki tərəfin narazılığna əsas yaradan səbəblər nədir?

Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda bu sahədə həqiqətən də problem var:

“İcbari Tibbi Sığorta ilə bağlı müəyyən işlər də görülür. Ancaq bütövlükdə bunun tətbiqinə nail ola bilməmişik. İcbari Tibbi Sığorta elədir ki, özəl tibb müəssisələrinin də müəyyən dərəcədə inkişafına ehtiyac var. Özəl tibb müəssisələrinin əksəriyyəti müəyyən reputasiya itiriblər.

Daha çox başqa tanıtımla qəbul olunurlar. Bu da böyük problemlərdən bidir. Digər tərəfdən, xəstəxana seçimi məsələsində vətəndaşa imkanlar geniş şəkildə düşünülməyib. Eyni zamanda, özəl müəssisələrdə olan tibb avadanlıqlarının daha çox modern səviyyədə və mütəxəssis baxımından daha yaxşı olması, vətəndaşın daha keyfiyyətli müalicəsi üçün İcbari Tibbi Sığortanın orada olan məsrəflərin müəyyən bir qismini ödəməsini tələb edir, bu da yoxdur.

Ona görə də hələ ki, bu sistem tam yetkin şəkildə qurulmayıb. Ancaq ümid edək ki, bu qurular və vətəndaşların sağlamlığı sahəsində olan problemlər də əsasən ortadan qalxar”.

Həkimlərin şikayətinə gəldikdə isə millət vəkilinin fikrincə, onlar da müəyyən mənada haqlıdırlar: “Çünki İcbari Tibbi Sığorta müəyyən dərəcədə həkimlərin özlərinin, daha çox yaxşı həkimin marağına uyğun olmalıdır. Çünki seçim baxımından daha çox xəstənin cəlb edilməsi onun müəyyən dərəcədə vəsait almasına, yüksək ödəniş əldə etməsinə imkan yarada bilər. Bu yoxdursa, demək sistem düzgün qurulmayanda həkim daha çox vaxt itkisənə məruz qalır.

Orada itirdiyi vaxtı başqa cür kompensasiya edib pul qazana bilmir. Ona görə də bu problem bu gün narahatedici məsələlərdən biridir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir